23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, aparılan meliorasiya, irriqasiya tədbirləri, lizinq xidməti, yanacaq-sürtgü yağlarına görə torpaq mülkiyyətçilərinə yardımların ödənilməsi, istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının dəyərinə 40 faiz güzəştlərin edilməsi, taxıl qəbul edən və soyuducu anbarların qurulması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması, yeni istixana komplekslərinin fəaliyyətə başlaması kənd təsərrüfatının dinamik inkişafına stimul yaradıb.
“2014-cü ilin yaz və payız əkinləri üçün 5165 nəfər sahibkara 1 milyon 463 min manat dəyərində 3867 ton yardım olaraq azot gübrəsi verilib”, – deyən Elşad Əliyev bildirib ki, ümumilikdə, 2014-cü ildə muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarına 4 milyon 920 min manat yardım və subsidiyalar ödənilib.

Hesabat ilində kənd təsərrüfatının inkişafı üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 17 milyon 956 min manat kredit verilib. Bunun da 4 milyon 542 min manatı və ya 25,2 faizi bitkiçilik sahəsinə, 12 milyon 557 min manatı və ya 70 faizi heyvandarlıq sahəsinə, 534 min manatı və ya 3 faizi arıçılıq sahəsinə, 323 min manatı və ya 1,8 faizi quşçuluq sahəsinə ayrılmış kreditlərdir.
Görülmüş tədbirlər nəticəsində ötən il 35 min 750 hektar taxıl sahəsindən 103 min 70 ton, 2113 hektar paxlalılar sahəsindən 6554 ton, 1046 hektar dən üçün qarğıdalı sahəsindən 4225 ton, 264 hektar günəbaxan sahəsindən 663 ton, 2962 hektar kartof sahəsindən 41406 ton, 6125 hektar tərəvəz sahəsindən 66731 ton, 2744 hektar bostan sahəsindən 34339 ton, barverən meyvə bağlarındən 36196 ton, barverən üzüm sahələrindən 14395 ton məhsul tədarük edilib.
Bütövlükdə, 2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 355 milyon 157 min manat təşkil edib. Bu da 2013-cü illə müqayisədə 6,1 faiz çoxdur.
Nazir bildirib ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahəyə dövlətin xüsusi əhəmiyyət verdiyini bir daha təsdiq edir və Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr qoyur.
Elşad Əliyev işdə buraxılan nöqsanlardan bəhs edərək 2015-ci ildə bu nöqsanların aradan qaldırılmasının vacibliyini bildirib.
Məruzə ətrafında müzakirələrdə akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Bayramovun, nazirliyin Toxumçuluq və bitkilərin mühafizə idarəsinin müdiri Niyamət İsayevin, Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayevin çıxışları olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev qazanılan uğurlardan, işdə buraxılan nöqsanlardan və 2015-ci ildə qarşıda duran vəzifələrdən danışıb.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitə sədri Ramilə Seyidova açaraq 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı məruzə edib.
Bildirilib ki, ötən il ailə institutunun qorunub saxlanılması, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, cəmiyyətdə qadınların rolunun artırılması, onların sağlamlıqlarının qorunması, uşaqların layiqli vətəndaş kimi böyümələri məqsədilə konfranslar, seminarlar, müsabiqələr, tədbirlər keçirilib, beynəlxalq günlər qeyd olunub, ailə, qadın və uşaqlarla bağlı məlumat bazası yenilənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”­nın müvafiq bəndlərinin icrası ilə əlaqədar 2014-cü il ərzində 492 nəfəri məktəbəqədəryaşlı olmaqla, 1438 nəfər sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə yaradılıb və onlarla geniş maarifləndirici söhbətlər aparılıb. Bu uşaqlardan 19 nəfər uşaq bağçalarına, 8 nəfər Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 75 nəfər ümumtəhsil məktəblərinə, bunlardan 73-ü birinci sinfə, 14 nəfər idman və şahmat məktəblərinə, 12 nəfər uşaq musiqi məktəblərinə, 8 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 8 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə və 12 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə olmaqla, cəmi 156 nəfər məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilib.
Vurğulanıb ki, muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim, metodist və tərbiyəçilərin iştirakı ilə 4 dəfə kurs təşkil olunub, sağlamlıq imkanları məhdud uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Komitənin nəzarətdə saxladığı məsələlərdən biri də dünyanın hazır­kı inkişaf mərhələsində xalqımızın ailə modelinə və ailələrimizin bütövlüyünə xələl gətirəcək amillərin qarşısını almaq, baş verə biləcək neqativ təmayüllərin aradan qaldırılması, yeni nəslin düzgün seçim etmək məqsədilə lazımi yaş qrupları arasında maarifləndirici tədbirlər keçirməkdir. Bu kontekstdə ailə dəyərlərinin təbliğ olunması və internetdən qeyri-düzgün istifadənin ailələrə mənfi təsiri ilə bağlı bir sıra tədbirlər keçirilib, gənclər arasında müzakirələr təşkil olunub.
Komitə sədri qeyd edib ki, qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə onların əl işlərinin satışı təşkil olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edib.
İclasa komitə sədri Ramilə Seyidova yekun vurub.

*   *   *

Babək rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirə ilə əlaqədar keçirilən iclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 mart 2013-cü il tarixli Sərəncamına əsasən inşa olunan, 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisi ötən il başa çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 27 avqust 2014-cü il tarixli Sərən­camına əsasən, 7 yaşayış məntəqəsi­ni birləşdirən yolun yenidən qurul­ması işlərinə başlanılıb. 14,5 kilo­metr uzunluğun­da Yarımca-Qahab-Nəcəfəlidizə-Naxış­nərgiz avtomobil yolunun tikintisi başa çatdırılıb.
Ötən ilin Babək rayonunda genişmiqyaslı tikinti-quruculuq tədbirləri ilə yadda qaldığını tədbir iştirakçılarının diqqətinə çatdıran Elçin Hüseyn­əliyev Babək qəsəbəsi, Cəhri, Qahab, Güznüt kəndlərində və digər ünvanlarda yeni sosial obyektlərin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Vurğulanıb ki, Babək rayonunda aqrar sahənin inkişafına ötən il də xüsusi diqqət yetirilib. 2014-cü ildə 10364,8 hektar sahədə taxıl biçini keçirilib, 31722 ton məhsul əldə edilib. “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara lizinq yolu ilə 46 ədəd müxtəlif adda texnika satılıb. Hesabat dövründə taxıl əkininə görə sahibkarlara 919 min 384 manat pul vəsaiti, 1144,0 ton azot, 4,6 ton fosfor gübrəsi olmaqla, cəmi 1148,6 ton gübrə verilib. Bunun nəticəsidir ki, sahələrdə bol məhsul yetişdirilib; 351 hektar sahədən 5877,2 ton kartof, 1932 hektar sahədən 16287 ton tərəvəz məhsulları, 1505 hektar sahədən 20841,3 ton bostan məhsulları, meyvə bağlarından 4891 ton meyvə, üzüm bağlarından 5332 ton məhsul yığılıb. Rayonda heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. 2014-cü ildə əhalinin fərdi təsərrüfatlarında olan mal-qaranın baş sayında artım müşahidə olunub: 1 yanvar 2015-ci il tarixə rayonda iribuynuzlu sayı 14064 baş, xırdabuynuzlu sayı isə 129741 baş təşkil edib.
Təhsil, səhiyyə, mədəniyyət, idman, məşğulluq, sığorta, energetika, rabitə, mavi yanacaq təminatı sahələrində ötən ilin göstəriciləri haqda da danışan icra başçısı 2014-cü ildə sahibkarlığa xüsusi diqqət yetirildiyini deyərək qeyd edib ki, “Kənd təsərrüfatı ili”ndə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi üçün rayonun bütün idarə, müəssisə, təşkilatları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər fəaliyyətlərində daha ciddi dönüş yaratmalıdırlar.
Ötən il əldə olunan uğurlarla yanaşı, bəzi nöqsanlardan da bəhs edən Elçin Hüseynəliyev 2015-ci ildə bu nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Əsgər Əsgərov açıb. Qeyd olunub ki, 2014-cü ildə muxtar respublikanın rayonlarında meliorasiya və irriqasiya işlərinin miqyası genişlənib, 79,7 kilometr kollektor, 83,8 kilometr beton və torpaq kanallar, 571,4 kilometr təsərrüfat və ara arxları lildən təmizlənərək işlək vəziyyətə salınıb, 1,4 kilometr kanal beton plitələrlə üzlənib, 40,6 kilometr içməli su xətti, 83,5 kilometr yeni suvarma boru xətti çəkilib, 14 kilometr suvarma boru xətti təmir olunub.
Naxçıvan şəhərində həm içməli, həm də suvarma üçün istifadə olunan 19 ədəd subartezian nasosunda tələb olunan təmir işləri aparılıb.
Naxçıvan şəhərində Kalba Musa kəhrizinin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib, Xan diki kəhrizində əsaslı təmir işləri davam etdirilir.
Naxçıvan şəhərində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 15,24 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 6 kilometr şəhərdaxili su şəbəkəsi çəkilib və 1440 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.
Əsgər Əsgərov 2014-cü ildə ayrı-ayrı rayonlarda Suvarma Sistemləri idarələri tərəfindən aparılmış meliorasiya və irriqasiya işlərini də ətraflı təhlil edib.
Bildirilib ki, melioratorların əsas vəzifələrindən biri kənd əməkçiləri üçün suvarma suyuna olan tələbatın təmin edilməsidir. Bunun üçün, hər şeydən əvvəl, mövcud sututarlara lazımi qədər suvarma suyu toplanmalıdır. Ötən ildə də bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılıb, mövcud sututarlara 183 mln kubmetr su yığılıb. Su istifadəçilərinə 179,56 mln kubmetr suvarma suyu verilib, bunun müqabilində isə təkrar suvarma da nəzərə alınmaqla 146772 hektar əkin sahəsi suvarılıb, suyun pullu satışından 301482 manat su pulu toplanılıb.
Muxtar respublikada ikinci suvarma mənbəyi olan nasos stansiyalarının və subartezian quyularının fasiləsiz işləməsi təmin olunub, 2014-cü il ərzində 86 ədəd nasos stansiyasında, 310 ədəd subartezian quyusunda təmir işləri aparılıb.
Vurğulanıb ki, irriqasiya-meliorasiya işlərinin yüksək səviyyədə aparılması üçün müasir maşın-mexanizmlərlə təminat ötən ildə də diqqət mərkəzində saxlanılıb, melioratorlar 10 ədəd “CAT” markalı ekskavator, 2 ədəd “XTZ-150” markalı traktor, 1 ədəd “NAZ-Lifan” markalı minik maşını ilə təmin edilib.
Naxçıvan Muxtar Respublikasında suvarma və içməli suya olan tələbatla əlaqədar olaraq, 2015-ci ildə 11 subartezian quyusunun bərpa olunması, 7 ədəd subartezian quyusunun qazılması, təmirə ehtiyacı olan kaptajlarda təmir-bərpa işləri aparılmaqla yeni kaptajların tikilməsi nəzərdə tutulur. Sututarlara suvarma suyunun yığılmasını daim nəzərdə saxlayaraq sututarların su ilə doldurulması, Şahbuz və Culfa rayonlarında içməli su və kanalizasiya şəbəkəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Sonra məruzə ətrafında Babək, Şərur, Culfa Rayon Suvarma Sistemləri idarələrinin rəisləri Yəhya Allahverdiyevin, Məhəmməd Cəlilovun və Məhəmməd Quliyevin çıxışları olub.

*   *   *

Naxçıvan Tibb Kollecində də 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq ötən dövr ərzində kollecdə tədrisin səviyyəsinin yüksəldilməsi, ixtisaslı tibbi kadrların hazırlanması istiqamətində görülən işlərdən danışıb.
Qeyd olunub ki, 2013-2014-cü tədris ilinin ikinci yarısında tələbələrin ümumi sayı 456 nəfər olub, onlardan 146 nəfəri dövlət hesabına, 310 nəfəri isə ödənişli əsaslarla təhsil alıb. 2014-cü ilin sonunda kollecdə 38 qrup, 5 ixtisas üzrə tələbələrin ümumi sayı 731 nəfərə çatıb ki, onlardan 514 nəfər ödənişli əsaslarla, 217 nəfər isə dövlət hesabına təhsil alır.
Ötən il kollecin iş planına əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişləri əsasında 21 nəfər feldşer-laborant və laborant, 17 nəfər tibbi qeydiyyatçılar təkmilləşdirmə kurslarında iştirak ediblər.
Dərslərin keyfiyyətini yüksəltmək, savadlı kadrlar yetişdirmək məqsədilə dərslər əyani vəsaitlərlə tam təchiz edilmiş laboratoriyalarda, kabinələrdə, elektron lövhəli siniflərdə və kompüter otağında keçilir. Kollecdə 9 kabinə, 2 laboratoriya, 6 elektron lövhəli sinif, 2 kompüter sinfi fəaliyyət göstərir.
Ötən il kollecdə keçirilən mədəni-kütləvi və elmi-praktik konfranslardan danışan İlhamə Mustafayeva qarşıda duran vəzifələrdən də bəhs edib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR