Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiya iclası keçirilmişdir.
İclasda İqtisadiyyat və Sənaye naziri Famil Seyidov “2014-cü ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublika iqtisadiyyatının bütün sahələr üzrə dinamik inkişafı 2014-cü ildə də uğurla təmin olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, özəl bölmənin inkişafına dövlət dəstəyi davam etdirilmiş, yeni iş yerləri açılmış, əhalinin maddi rifah halı yüksəlmişdir. Belə ki, Ümumi Daxili Məhsul istehsalının həcmi 2014-cü ildə 2 milyard 391 milyon manat olmaqla, 2013-cü illə müqayisədə 1,3 faiz artmışdır. Görülmüş tədbirlər sayəsində 352 növdə məhsul istehsalına və 336 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Ölkəmizdə elan olunmuş “Sənaye ili”ndə qarşıya qoyulmuş vəzifələrin icrası muxtar respublikada sənayenin inkişafına təkan vermiş, yeni sənaye müəssisələri yaradılmış, sənaye məhsulu istehsalı 2013-cü illə müqayisədə 2,5 faiz artmışdır.
Muxtar respublikanın sənaye potensialının gücləndirilməsi məqsədilə dünya təcrübəsinin öyrənilməsinə diqqət artırılmışdır.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə verilmiş tapşırıqların icrası istiqamətində görülən işlərdən də danışan nazir demişdir ki, 2013-2014-cü illərdə 76 layihənin maliyyələşdirilməsinə 1 milyon 748 min manat güzəştli kreditlər verilmiş, dövlət maliyyə dəstəyi ilə muxtar respublikanın kəndlərində 400-dən çox kiçikhəcmli istehsal və xidmət sahələri yaradılmışdır. Ümumilikdə, 2000-2014-cü illər ərzində sahibkarlığa Kömək Fondu tərəfindən 1175 layihənin maliyyələşdirilməsinə 108 milyon manat, təkcə 2014-cü ildə isə 18 layihənin maliyyələşdirilməsinə 6 milyon 30 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində 31 sahibkarlıq subyekti tərəfindən vaxtı keçmiş kredit vəsaitlərinin tam geri qaytarılması təmin edilmişdir. Ötən il muxtar respublikada kiçik və orta sahibkarlığın fəaliyyətini stimullaşdırmaq, istehsal olunan məhsulların ixracına nail olmaq və xarici bazarlarda təşviqi məqsədilə “Naxçıvan Məhsulları” MMC yaradılmışdır.
Yol verilən nöqsanlardan da bəhs edən İqtisadiyyat və Sənaye naziri bildirmişdir ki, bununla bağlı nazirliyin bütün strukturları öz fəaliyyətində dönüş yaratmalı və qısa müddət ərzində nöqsanlar aradan qaldırılmalıdır.
Sonra çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə çıxış etmişdir.
Sonda 2014-cü ilin yekunlarına əsasən, “Biznesdə uğur” mükafatının nominasiyaları üzrə mükafatların təqdimetmə mərasimi keçirilmişdir.
Xəbərlər şöbəsi