Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclası komitənin sədri Cəfər Muxtərov açaraq 2014-cü ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Qeyd olunub ki, sosial-iqtisadi sahədə davamlı inkişaf tempinin təmin edilməsi 2014-cü ili uğurlu nəticələrlə başa vurmağı şərtləndirib, ötən dövr ərzində muxtar respublikada 208 milyon 6 min manat həcmində tikinti işləri yerinə yetirilib. Cəfər Muxtərov görülən işlərlə yanaşı, işdə buraxılan nöqsanlardan da danışıb.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin rəisi Rəvayət İmanovun, Naxçıvan Şəhər İdarəsinin baş mühəndisi İbrahim Hüseynovun çıxışları olub.
Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov bildirib ki, ötən il muxtar respublikada 296 müxtəliftəyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 153 müxtəliftəyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri muxtar respublikanın bütün inzibati ərazisini, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə edib. Ötən il 8 kənd mərkəzi istifadəyə verilib, 8 kənd mərkəzinin inşası davam etdirilib. Bundan əlavə, həmin dövrdə muxtar respublikada 4 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri, 6 yaşayış binasının təmiri başa çatdırılıb, 4 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri, 1 yaşayış binasının isə təmiri davam etdirilir.
Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərdən də danışan Baş nazirin birinci müavini deyib ki, Naxçıvan şəhərində 217 kilometr məsafədə kanalizasiya və 224,4 kilometr məsafədə içməli su xətləri çəkilib. Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi layihələri üzrə, ümumilikdə, 542 kilometr məsafədə içməli su və 331 kilometr məsafədə kanalizasiya xətləri çəkilib.
Asəf Məmmədov onu da qeyd edib ki, ötən il əldə edilmiş müsbət nəticələrə baxmayaraq, muxtar respublikada fəaliyyət göstərən tikinti təşkilatlarının işində nöqsan və çatışmazlıqlar da olub. Muxtar respublikada aparılan quruculuq işləri zamanı keyfiyyət amilinin əsas şərt kimi qeyd olunmasına və tapşırılmasına baxmayaraq, bəzi tikinti təşkilatları keyfiyyət amilini unudaraq kəmiyyət ardınca qaçırlar. Keçirilən operativ yığıncaqlarda, obyektlərdə tikintinin gedişinə baxış keçirərkən, eləcə də tikinti təşkilatlarının iştirakı ilə keçirilən müşavirələrdə deyilməsinə baxmayaraq, hələ də bəzi nöqsanlar davam edir. Komitənin texniki nəzarətçiləri obyektdə iş həcmlərinin ölçülməsi ilə öz işlərini bitmiş hesab etməməli, normativə uyğun iş görülməsi, keyfiyyətsiz işlərə yol verilməməsi üçün diqqəti daha da artırmalı, nəzarəti gücləndirməlidirlər.
Bildirilib ki, 9 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin Sədri dövlət orqanlarına, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə konkret tapşırıqlar verib. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında, eləcə də 9 fevral 2015-ci il tarixdə keçirilən müşavirədə Ali Məclis Sədrinin tikinti sektoru, xüsusilə də komitə qarşısına qoyduğu vəzifə və tapşırıqların 2015-ci ildə yerinə yetirilməsinə məsuliyyətlə yanaşılmalı, tikinti təşkilatları ötən il yol verilən nöqsan və çatışmazlıqların təkrarlanmaması üçün var qüvvələri ilə çalışmalıdırlar.
Xəbərlər şöbəsi