Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ötən il görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları öz işlərini “Muxtariyyət ili”ndə qarşıya qoyulmuş yüksək tələblər səviyyəsində qurmağa çalışıb. Belə ki, Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında xidmət edən əməkdaşların iştirakı ilə muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş seminar-məşğələlər keçirilib. 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında və eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən bələdiyyə seçkilərində muxtar respublika prokurorluq işçiləri də öz səlahiyyət hədləri çərçivəsində bu seçkinin ədalətli, demokratik, şəffaf və seçicilərin fəallığı şəraitində keçirilməsi üçün bütün qüvvələrini səfərbər ediblər.
Səbuhi Şahverdiyev 2014-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərdən də danışıb. Bildirilib ki, 2014-cü ildə muxtar respublika ərazisində qeydə alınan cinayətlərin açılması tam təmin edilib.
2014-cü ildə peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmayıb.
Vətəndaşların müraciətlərinə baxılması sahəsində hesabat ilində müəyyən işlər görülüb. Belə ki, muxtar respublikanın prokurorluq orqanlarına vətəndaşlardan 22 ərizə, şikayət və digər müraciətlər daxil olub. Onlardan 6-sı prokurorluqda həll edilib, 12-si digər təşkilatlara göndərilib, 4 müraciət isə istintaq olunan cinayət işinə əlavə edilib. Hesabat dövrünün sonuna qalıq qalan müraciət olmayıb. Həll edilən 6 müraciətdən 4-ü vətəndaşların konstitusion hüquqları, 2-si digər məsələlərlə əlaqədar olub.
Hesabat dövründə prokurorluğun fəaliyyəti və qanunvericiliyin izahı ilə bağlı 891 halda təbliğat aparılıb, kütləvi informasiya vasitələrində 365 dəfə, o cümlədən televiziyada 103, radioda 29, mətbuatda isə 233 dəfə müxtəlif hüquqi mövzularda çıxışlar edilib. Prokurorluq əməkdaşları tərəfindən yerlərdə əhali ilə görüşlər keçirilib, əhalinin hüquqi maarifləndirilməsi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilib.
Sonda qeyd olunub ki, prokurorluq əməkdaşları 2015-ci ildə də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq, bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
* * *
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Bəxtiyar İsmayılov açıb.
Qeyd olunub ki, ötən il komitə fəaliyyətini gücləndirib, dövlət proqramlarının qarşıya qoyduğu vəzifələr, sessiya və müşavirələrdə verilmiş tapşırıqlar uğurla icra olunub.
“Standartların tələblərinə uyğun olmayan 57039,05 manat dəyərində məhsul satışdan çıxarılıb, 30911,45 manat dəyərindəki məhsul məhv edilib, 23097,2 manat dəyərində məhsul təsərrüfatda yem məqsədilə aid strukturlara təhvil verilib, 3030,4 manat dəyərində məhsul isə istehlakçı və idxalçı müəssisələrə geri göndərilib”, – deyən komitə sədri kollegiya iştirakçılarının nəzərinə çatdırıb ki, komitənin 2014-cü il üzrə iş planına uyğun olaraq, keyfiyyətin idarə edilməsi istiqamətində 12 təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirilib, 11 təsərrüfat subyektində nöqsanlar aşkar olunaraq operativ qaydada aradan qaldırılıb.
Qeyd olunub ki, 2014-cü ildə 810 ədədi ərzaq, 2450 ədədi qeyri-ərzaq olmaqla, 3260 ədəd məhsula uyğunluq sertifikatı verilib. 139 müəssisəyə istehsal etdiyi sabit keyfiyyətli 260 adda məhsula AZS Milli Sertifikatlaşdırma Sisteminin “Uyğunluq nişanı”ilə nişanlamaq hüququ verilib. Həmçinin standartlaşdırma fondunun zənginləşdirilməsi məqsədilə 59 ədəd yeni təsdiq olunmuş dövlət standartı, 10 ədəd türk standartı, 1 ədəd təsnifat, dövlət qeydiyyatından keçmiş 10 ədəd texniki şərt və 2 texniki şərtə edilmiş dəyişiklik, Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilən 24 ədəd beynəlxalq standart, 30 ədəd Avropa standartı və 1 ədəd Rusiya Federasiyası milli standartı fonda daxil edilib, 6 dövlət standartı ləğv edildiyindən fonddan çıxarılıb.
Komitə metrologiya xidməti üzrə də fəaliyyətini gücləndirib, 1325 təsərrüfat subyektində 63 min 330 ədəd (12388 ədədi dövlət, 50942 ədədi qeyri-dövlət sektoru üzrə) ölçmə vasitəsi müqayisəli yoxlamadan keçirilib. Bəhs olunan dövrdə komitəyə ixtira, faydalı model, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi üzrə 133 müraciət daxil olub. Hazırda bunların ekspertizası davam etdirilir. 134 təsərrüfat subyektində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən 225 halda qanunsuz reklam üsullarından istifadə hallarının qarşısı alınıb. Əmtəə nişanlarının mühafizəsinə dair 67 ədəd şəhadətnamə və sənaye nümunələrinin mühafizəsinə dair 9 ədəd patent verilib. 35 laboratoriyada akkreditasiya işləri aparılıb və attestatlar verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
* * *
AMEA Naxçıvan Bölməsində keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq məruzə ilə çıxış edib. Bildirib ki, 2014-cü ildə AMEA Naxçıvan Bölməsində 83 mərhələdə elmi-tədqiqat işləri aparılıb. Ötən il bölmə əməkdaşlarının 22 monoqrafiya, 7 kitab, 1 dərs vəsaiti, 468 məqalə və konfrans materialı, 3 tezisi olmaqla, 501 elmi əsəri nəşr edilib. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 169 məqalə və konfrans materialı xaricdə işıq üzü görüb.
Bölmə sədrinin sözlərinə görə, bölmə əməkdaşları 1 beynəlxalq, 2 respublika patenti və 2 müəlliflik şəhadətnaməsi alıblar.
Bildirilib ki, hesabat ilində AMEA Naxçıvan Bölməsi əməkdaşlarından 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 7 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırladığı dissertasiyası müzakirədən keçərək müdafiəyə buraxılıb.
Vurğulanıb ki, ötən il bölmə əməkdaşlarından 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər AMEA-nın müxbir üzvü seçilib, 1 nəfər professor, 13 nəfər dosent elmi adı alıb. Əməkdaşlardan 8 nəfər doktoranturaya (3 elmi işçi elmlər doktoru hazırlığı üzrə, 5 elmi işçi fəlsəfə doktoru hazırlığı üzrə) qəbul olunub, mövzuları təsdiq edilərək elmi rəhbər və elmi məsləhətçilər müəyyənləşdirilib. Hazırda bölmədə 23 doktorant (14 fəlsəfə doktoru, 9 elmlər doktoru hazırlığı üzrə), 25 dissertant (15 fəlsəfə doktoru, 10 elmlər doktoru hazırlığı üzrə) müvafiq dissertasiya mövzuları üzərində elmi tədqiqatlar aparırlar.
İldən-ilə bölmənin maddi-texniki bazasının dövlət qayğısı hesabına gücləndiyini deyən akademik İsmayıl Hacıyev keçirilən elmi tədbirlərdən də bəhs edib. Qeyd olunub ki, 2014-cü ildə 1 beynəlxalq, 20 respublika səviyyəli konfrans, 40 seminar keçirilib.
Bölmə sədri 2015-ci ildə qarşıda duran vəzifələrdən də danışıb.
Sonra çıxışlar olub.
* * *
Sədərək Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və 2015-ci ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, yola saldığımız 2014-cü ildə də abadlıq-quruculuq işləri yüksək ahənglə davam etdirilib. Keçən ilin yanvar ayında əsaslı təmir olunan və yenidən qurulan Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Sərhəd bölgəsində tikinti-quruculuq işləri bununla məhdudlaşmayıb. 2014-cü ildə 1500 hektar sahəni suvarmaq üçün Araz çayından qidalanan Şir arxının üzərində yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti, rayon Təhsil və Torpaq şöbələri üçün inzibati binalar da ötən ilin quruculuq ərməğanlarından olub. Sədərəkdə ən mühüm layihələrdən biri də içməli su və kanalizasiya sisteminin qurulmasıdır. Rayon ərazisində sahilbərkitmə işləri də davam etdirilir.
Əsasən, aqrar rayon olan Sədərəkdə kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılıb, 3574 hektar sahədən kənd təsərrüfatı məhsulları toplanılıb.
“Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də müəyyən uğurlar əldə edilib”, – deyən Həbib İbrahimov əlavə edib ki, ötən il 4 tam orta məktəbi bitirmiş 35 nəfər məzun ali məktəb tələbəsi adını qazanıb.
Rayon ərazisində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və enerji itkisinin qarşısının alınması məqsədilə xətt təsərrüfatlarında, transformator yarımstansiyalarında təmir işləri aparılıb, 6 yeni abonent elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, təbii qazla təminat və qaz xətlərinin təmiri ilə əlaqədar görülən işlərin keyfiyyəti artırılıb, 24 fərdi yaşayış mənzilinə qaz xətti çəkilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi