Fevralın 15-də Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Əvvəlcə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, sonra gənc əsgərlərin andiçmə mərasimi başlanıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mənsum Əhmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş döyüş bayrağı altında əlində silah dayanaraq Vətənə, öz xalqına sədaqətli olacağı barədə təntənəli surətdə and içir. Hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf və vicdan borcudur. Buna görədir ki, Azərbaycan əsgərinin malik olduğu keyfiyyətlər düşmənlərimizə qorxu, xalqımıza isə sevinc və qürur bəxş edir.
Əsgər Alı Tağıyev hərbi and içən əsgərlər adından çıxış edərək Vətənə sədaqətlə xidmət edəcəklərinə, verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.
Valideyn Nəzifə Əsədova bu günün onlarda böyük qürur hissi doğurduğunu bildirib, Vətənin müdafiəçilərinə uğurlar arzulayıb.
Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini, general-mayor Vasif Kazımov başı üzərində üçrəngli bayrağın dalğalandığı bu xalqın mərd övladları ilə hər zaman fəxr edəcəklərini söyləyib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında da gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Gənc əsgərlər əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər.
Alay komandiri, polkovnik İspəndiyar Əhmədov gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Andiçmə mərasimində alayın zabitlərindən kapitan Kənan İmanovun, baş leytenant Ramil Quliyevin, əsgər Məmməd Cəlilovun, gənc əsgər Saməddin Vəlizadənin, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanovun çıxışları olub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında Silahlı Qüvvələrimizin rolundan danışıb və gənc əsgərlərə xoş arzularını çatdırıb.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, alayın şəxsi heyətinin tribuna önündən təntənəli keçidi olub.
Xəbərlər şöbəsi