Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2014-cü ildə görülən işlərə və 2015-ci ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2014-cü ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələri ilə bağlanmış müqaviləyə əsasən, 31 min 262,2 ton A-92 benzini, 1983,7 ton A-95 benzini, 34 min 216,5 ton dizel yanacağı, 13 min 659,8 ton bitum, 5726,9 ton mazut, 244,2 ton müxtəlif növ yağlar, 2824,6 ton maye qaz alıb.
Bildirilib ki, ötən il müəssisə tərəfindən ümumi dövriyyəsi 59274,2 min manat olan 91 min 230,6 ton müxtəlif növ neft məhsulları satılıb ki, bu, 34 min 481,6 ton avtobenzin, 37 min 870,5 ton dizel yanacağı, 13 min 659,8 ton bitum, 2206,9 ton mazut, 2767,6 ton maye qaz, 244,2 ton müxtəlif növ yağlardan ibarət olub. 2014-cü ildə müəssisə satışdan 94,4 min manat mənfəət əldə edib.
1 yanvar 2015-ci il tarixə müəssisənin anbarlarında 2136,6 ton A-92 benzini, 42,6 ton A-95 benzini, 2753,1 ton dizel yanacağı, 3520,0 ton mazut, 57,0 ton maye qaz ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2015-ci ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb.
Məruzə ətrafında müzakirələrdə müəssisənin neft məhsulları üzrə anbar müdiri Mirmehdi Seyidov, qaz məhsulları üzrə anbar müdiri Kazım Rzayev çıxış ediblər.
Xəbərlər şöbəsi