23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edib. Qeyd olunub ki, 2014-cü ildə rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 72 milyon 605,4 min manat investisiya yönəldilib, tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyanın həcmi 67 milyon 241,1 min manat olub. Hesabat dövründə Şərur şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzinin, Şərur Rayon Texniki-Peşə və Sürücülük Məktəbinin binaları tikilib, Əl Topu Oyunları idman meydançası, “Naxçıvanbank” ASC-nin Şərur rayon filialı, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik və rayon Məşğulluq Mərkəzinin inzibati binaları, üç yaşayış binası əsaslı təmir olunub. Tikinti-quruculuq işləri bununla məhdudlaşmır. Dizə, Püsyan kənd­lərində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları inşa olunub, məktəb binaları yenidən qurulub. Diyadin kəndində kənd mərkəzi, məktəb binası, xidmət mərkəzi tikilib, Axu­ra kəndində həkim ambulatoriyası, məktəb binası, kənd mərkəzi əsaslı təmir edilib, xidmət mərkəzi tikilib. Sosial qayğıya ehtiyacı olan ailələr üçün Çomaxtur kəndində iki, Axura kəndində isə bir yaşayış evi inşa olunub.

Vurğulanıb ki, 2014-cü ildə “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilib, Çomaxtur kəndində meyvə-tərəvəz qurudulması sahəsi, Şərur şəhərində, Mahmudkənddə, Muğanlı və Kərimbəyli kəndlərinin hər birində bir quşçuluq təsərrüfatı, Qarxun kəndində istixana kompleksi, Zeyvə kəndində qarışıq qüvvəli yem istehsalı sahəsi, Diyadin, Dizə, Axura, Danyeri və Çərçiboğan kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatı yaradılıb.
Bundan başqa, Axura, Püsyan, Dizə kəndlərində avtomobil yollarına asfalt örtük salınıb, Püsyan-Xanlıqlar avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.
Bildirilib ki, keçən il fermerlərin uğurları əvvəlki illərlə müqayisədə artıb. Belə ki, 28 min 249 ton taxıl, 10 min 2 ton kartof, 19 min 597 ton tərəvəz, 5 min 266 ton bostan məhsulları, 1540 ton paxlalı, 2473,5 ton qarğıdalı, 79,5 ton günəbaxan istehsal olunub. Bağlardan 16 min 218 ton meyvə, 1318 ton üzüm yığılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Kəngərli Rayon İcra Hakimiyyətində də 2014-cü ildə görülən işlərin müzakirəsinə və bu il qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Kəngərli rayonu üçün 2014-cü ilin ən əlamətdar hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonunda Mərkəzi Xəstəxananın açılış mərasimində iştirak etməsi olub.
Ötən il Kəngərli rayonundakı “N” hərbi hissədə Təlim-Tədris Mərkəzi, Qarabağlar kəndində xidmət mərkəzi və 648 şagird yerlik 1 nömrəli tam orta məktəb istifadəyə verilib.
Rayonda özəl sektorun inkişafı istiqamətində görülən işlərdən də bəhs edən Ramiz Cəfərov qeyd edib ki, hesabat dövründə Xok kəndində unlu-qənnadı məmulatların istehsalı və satışı, Qabıllı kəndində alkoqolsuz içkilər və çörək istehsalı, Böyükdüz kəndində pendir istehsalı, istixana kompleksi və tərəvəz məhsullarının qablaşdırılması sahələri, Xok kəndində heyvandarlıq təsərrüfatı yaradılıb.
“Kənd təsərrüfatının inkişafı üçün də lazımi imkanlardan istifadə edilib”, – deyən icra başçısı bildirib ki, 2014-cü ildə 5984 hektar ərazidə əkin həyata keçirilib; bunun 4277 hektarını taxıl məhsulları, 1707 hektarını isə digər kənd təsərrüfatı məhsulları təşkil edib.
Vurğulanıb ki, ötən il rayonun Xok kəndində 100 kva, Qarabağlar kəndində 250 kva gücündə yeni transformator yarımstansiyaları quraşdırılıb, 8 kilometr uzunluqda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib. Rayon ərazisindəki “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma işləri davam etdirilib. Rabitə sahəsində də bir sıra işlər görülüb. Belə ki, Qıvraq qəsəbəsində 160 nömrə tutumlu yeni avtomat telefon stansiyası quraşdırılıb.
2014-cü ildə Kəngərli rayonunda yol infrastrukturunun yenilənməsi və bu sahədə görülən işlərin ardıcıl xarakter alması diqqət mərkəzində saxlanılıb, Qarabağlar kəndində 3,1 kilometr daxili avtomobil yolu yenidən qurularaq asfalt örtük salınıb, 908 metr su­ötürücü kanal tikilib, 3 körpü təmir olunub.
Ötən il 237 nəfər işlə təmin olunub, 20 nəfər peşə hazırlığına cəlb edilib, 22 nəfər ictimai işlərə, 9 nəfər kvota yerlərinə göndərilib.
2013-2014-cü tədris ilində məktəblərdən məzun olmuş 333 nəfərdən 102-si ali məktəblərə, 17 nəfər orta ixtisas məktəblərinə, 31 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Ali məktəblərə qəbul olanlardan 14 nəfər 500-700 intervalında bal toplayıb.
Ötən il müşahidə olunan nöqsan və çatışmazlıqlardan da danışan icra başçısı 2015-ci ildə həmin nöqsanlara yol verilməməsi üçün əməli tədbirlərin görülməsinin vacibliyini bildirib. Vurğulanıb ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması, kənd təsərrüfatının inkişafı, hər il olduğu kimi, bu il də diqqət mərkəzində saxlanılacaq.
Sonra məruzə ətrafında Kəngərli Rayon Maliyyə Şöbəsinin müdiri Hacırəddin Mehbalıyevin, Statistika İdarəsinin rəisi Tahir Məmmədovun çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR