Ötən il özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 2013-cü illə müqayisədə 2,8 faiz artaraq 63,3 faizədək yüksəlib. Bunu Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov deyib.
Nazir bildirib ki, iqtisadi inkişafın nəticəsi olaraq, 2014-cü ildə nazirlik üzrə müəyyən olunmuş proqnoz 105,2 faiz icra edilib. Bu da 2013-cü illə müqayisədə 13,7 faiz çoxdur. Eyni zamanda yerli vergi orqanlarının hər biri üzrə müəyyən olunmuş proqnoza artıqlaması ilə əməl edilib.
Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 23053 bəyannamə təqdim edilib. Təqdim olunan bəyannamələr yoxlamadan keçirilərək 284 vergi ödəyicisinə kameral qaydada 60 min 644 manat əlavə hesablama aparılaraq ödənilməsi təmin edilib. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına səbəb olan “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində 22 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 2796 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 89,5 faizi muxtar respublikanın rayonlarının payına düşüb.
2014-cü il ərzində Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 138 operativ vergi nəzarəti tədbirləri həyata keçirilib, bu tədbirlər nəticəsində 17 min 878 manat inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilib. Əldə edilən vəsaitin büdcəyə ödənilməsi təmin olunub. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 yanvar 2015-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 867 ədəd POS-terminal quraşdırılıb ki, bunun da 619 ədədi 2014-cü ildə tətbiq olunub. 2013-cü ilin dekabr ayında POS-terminallar vasitəsilə aparılmış alqı-satqı əməliyyatları 218 min 605 manat olduğu halda, 2014-cü ilin dekabr ayında bu göstərici artaraq 1 milyon 20 min 328 manat təşkil edib.
Qeyd olunub ki, 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, hazırda muxtar respublikanın vergi sistemi üzrə bu xidmətlərin sayı 31-ə çatdırılıb.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyevin, Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Azər Nağıyevin, Şərur Rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri İlham Bədəlovun, Babək Rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri Səftər Əliyarovun çıxışları olub.
Xəbərlər şöbəsi