23 Dekabr 2024, Bazar ertəsi

Ötən il 378 obyektin yanğından icbari sığortalanmasına nəzarət olunub, sahibkarlarla izahat işləri aparılıb, əhalinin maarifləndirilməsi məqsədilə 179 obyektdə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Bu faktlar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ötən ilin yekunları və qarşıya qoyulmuş vəzifələrə həsr olunan kollegiya iclasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Kollegiya iclasında Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev məruzə edərək bildirib ki, ötən il nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, tabelikdəki qurumların ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr və cihazlarla təminatı diqqət mərkəzində saxlanılıb. Nazirliyin əməkdaşlarına müasir iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, Sədərək rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası tikilib istifadəyə verilib, zabit və gizirlər üçün Naxçıvan şəhərində 7 mərtəbəli yeni xidməti yaşayış binasının tikintisi davam etdirilib.

2014-cü ildə istismara verilmiş 11 təhlükə potensiallı obyektin, 126 avadanlıq və qurğunun dövlət reyestrində qeydiyyata alındığını deyən nazir qeyd edib ki, ötən il 46 ədəd texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanları və qeydiyyat şəhadətnamələri verilib, 32 müəssisədə 278 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb. İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün 56 obyektdə texniki təhlükəsizlik üzrə əməli yoxlama keçirilib, yeni istifadəyə verilmiş 6 lift, 3 qülləli kran, 5 avtokran texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilib.
Qeyd olunub ki, mülki müdafiə məsələləri ilə bağlı 4 müəssisədə müxtəlif mövzular üzrə təlimlər, 4 nazirlikdə konfrans keçirilib, 25 mərkəzi icra hakimiyyəti orqanında, 146 təşkilatda və 43 təhsil müəssisəsində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə nəzarət edilib. Mülki müdafiə kursunda 12 kateqoriya üzrə 32 tədris qrupunda 945 nəfər dinləyici fövqəladə hallara hazırlanıb. Muxtar respublika ərazisində yeni tikilən və əsaslı təmir olunan inzibati və yaşayış binalarının zirzəmisinə baxış keçirilərək mühafizə obyekti kimi qeydiyyata alınıb, Şərur şəhərinin 2 yaşayış binasının və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının zirzəmisi mülki müdafiə və səfərbərlik anbarı kimi hazırlanıb.
Bundan başqa, muxtar respublikada tikintisi başa çatdırılmış və davam etməkdə olan bina və qurğular qeydiyyata alınıb, tikintisi planlaşdırılan obyektlərin ərazisindən götürülmüş qrunt nümunələrinin analizi aparılıb. Obyektlərin layihələndirilməsi mərhələsində tikintisi layihələndirilən 65 obyektin layihə-smeta sənədləri ekspertizadan keçirilib. İşçi layihələrə müvafiq rəylər verilib. 642 sayda tikinti materiallarının sınaq və analizi keçirilib, həmçinin səyyar üsulla 301 sayda tikinti obyektində dəmir-beton kon­struksiyalarda betonun naturada möhkəmliyi göstəricisi yoxlanılıb. İki tikinti obyektinə bina və qurğularda tikinti-quraşdırma işlərinin aparılması fəaliyyət növünə lisenziya verilib.
Bəhs olunan dövrdə qazla iş rejiminə keçirilmiş 659 ədəd qazanxananın yanğın təhlükəsizliyi yoxlanılıb, işçilər təlimatlandırılıblar. Neft sobaları ilə qızdırılan ümumtəhsil məktəblərində sobaların standartlara uyğun qurulması üçün izahat işləri aparılıb.
Taxıl biçini dövründə 35749,7 hektar sahədə əkilmiş taxılın təhlükəsiz yığılması üçün gündəlik olaraq 75-80 nəfər əməkdaş patrul xidmətinə cəlb olunub. Taxıl zəmilərində baş verə biləcək yanğınlara çevik müdaxilə edilməsi məqsədilə Şərur, Babək, Ordubad və Culfa rayonlarının əlverişli yerlərində əlavə yanğın avtomobillərinin növbəliliyi təmin edilib. Nazirliyin müvafiq qurumları tərəfindən muxtar respublikada əməliyyat şəraiti nəzarətdə saxlanılıb, qeydə alınan 14 yanğın hadisəsinin qarşısı vaxtında alınıb və söndürülməsi təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində ötən ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında informasiya və yeni texnologiyaların inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2014-cü ildə də uğurla davam etdirilib. Ötən il Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarından sonra Şahbuz və Babək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemlərinin quraşdırılması başa çatdırılıb. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 65 faizinə xidmət göstərir. Bundan əlavə, 242 kilometr uzunluğunda Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi yekunlaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində bu gün muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir. İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində görülmüş ardıcıl tədbirlərin tərkib hissəsi kimi 2014-cü ildə “Elektron imza”nın sertifikat mərkəzi yaradılıb və “Elektron imza”nın tətbiqinə başlanılıb. Hazırda muxtar respublikanın bütün yaşayış ərazilərində sosial paketdə olan 12 tele­viziya kanalının rəqəmsal yayımı təmin edilir.
Qeyd olunub ki, 2014-cü il muxtar respublika rabitəçiləri üçün əlamətdar olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 sentyabr 2014-cü il tarixli Fərmanına əsasən, nazirliyin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılması, onun tərkibində yeni sahələrin yaradılması və əlavə ştat vahidləri ilə təminat, həmçinin Ali Məclis Sədrinin 9 iyul 2014-cü il tarixli Sərəncamı ilə İnternet Mərkəzinin və Kompüter Təlim-Tədris Mərkəzinin bazalarında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yaradılması nazirliyin səlahiyyətlərini daha da genişləndirib. Bundan əlavə, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanının icrası davam etdirilib, “Golden Pay” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində rabitə, genişzolaqlı internet xidməti, elektrik enerjisi və qaz haqlarının ödənilməsi təşkil olunub, istifadəçilərin portalda onlayn qeydiyyatdan keçməsi avtomatlaşdırılıb və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülüb.
“Naxtel”in inkişafında da mühüm irəliləyişlərin olduğunu bildirən Rövşən Məmmədov 2014-cü ildə Naxçıvan şəhərində əlavə EV-DO texnologiyasını dəstəkləyən baza stansiyası qurulduğunu, Naxçıvan şəhərini və ətraf əraziləri əhatə edən genişzolaqlı simsiz internet xidmətinin istifadəyə verildiyini deyib. Qeyd olunub ki, yeni avtomat telefon stansiyalarının istifadəyə verilməsi və “Naxtel”in əhatə dairəsinin genişləndirilməsi nəticəsində il ərzində 5420 yeni telefon nömrəsi istifadəyə verilib. 2014-cü ildə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun rayon filialları tərəfindən toplanan xidmət haqlarının həcmi 14 milyon 532 min 497 manat olub, nağdsız hesablaşmalar üçün POS-terminalların sayı 97-yə çatdırılıb. “Naxçıvanpoçt”un kompüter şəbəkəsinin genişləndirilməsi davam etdirilib, mövcud 151 poçt məntəqəsinin 122-də kompüter şəbəkəsi qurulub və bu işlər davam etdirilir.
Nazir bildirib ki, cari il yanvar ayının 14-də daha bir xidmət istifadəyə verilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “BBTV” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə və Televiziya və Radio Şurası tərəfindən televiziya yayımı fəaliyyətinə verilən xüsusi icazəyə əsasən, Duzdağ Radio-Tele­viziya Verici Stansiyasında test-sınaq işləri başa çatdırılan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə tətbiq edilən DVB-T2 standartında 67 televiziya proqramı tamaşaçıların ixtiyarına verilib. Bu sistemin texniki imkanlarından istifadə olunaraq ölkəmizdə ilk olaraq Naxçıvan dövlət televiziyasının efirə yüksəkkeyfiyyətli HD formatında çıxışı təmin edilib. Eyni zamanda Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası nəticəsində 18 fərdi mənzilə və yeni tikilən 3 çoxmənzilli yaşayış binasına fiber-optik kabel xətləri çəkilib.
Rabitə və Yeni Texnologiyalar naziri 2015-ci ildə də qarşıya qoyulmuş vəzifə və tapşırıqların layiqincə yerinə yetiriləcəyini bildirib, bu tədbirlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə çıxış edib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2014-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. 

İclasda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nizami Məmmədov çıxış edərək bildirib ki, əhalinin maddi rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirib. 2014-cü ildə elektron xidmətlərin müasirləşdirilməsi və yeniləşdirilməsi sahəsində əldə edilən nailiyyətlərlə yanaşı, xidmətin digər fəaliyyət sahələrində də uğurlu nəticələrə nail olunub. Belə ki, 2014-cü il ərzində xidmətdə Daşınmaz Əmlakın Dövlət Reyestrinin bütün bölmələri üzrə 5173 əmlak üzərində yaranan hüquqların qeydiyyatı aparılıb. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ildə hüquqların qeydiyyatının sayı 115 ədəd çox olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin, o cümlədən kommunikasiya xətlərinin və qurğularının, mühüm əhəmiyyətli dövlət və sosial infrastruktur obyektlərin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtib olunması, onlardan çıxarışların verilməsi və bu məlumatların vahid dövlət kadastrı bazasına daxil edilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, il ərzində 3848 daşınmaz əmlaka dair məlu­matlar kadastr xəritəsinə daxil edilib.
2014-cü ildə, bütövlükdə, xidmət üzrə əmlаk üzərində yаrаnmış hüquqlаrın dövlət qеydiyyаtı üçün baza sənədi sаyılаn 2045 ədəd tехniki sənəd hаzırlаnıb ki, bunun 788 ədədi tоrpаq sаhələri üçün plan-ölçülər, qalan 1257-si isə müхtəlif növ əmlаklаra dair tехniki pаspоrtlаr olub.
Nizami Məmmədov işdə buraxılan nöqsanlara da toxunub, qarşıda duran vəzifələrdən danışıb.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR