23 Dekabr 2024, Bazar ertəsi

Bu şəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzə binalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət, qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox! Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyən etmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biri digərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır.
O tikilən təzə binada adamlar necə yaşayır, qonşuluq münasibətləri necədir? Yaxşı geyim-kecimli müasir adam qonşusunun dar günündə qapısını bərk-bərk bağlamır ki?.. Bir yetim uşağın taleyinə öz uşağı kimi yanırmı? Bunları düşünürəm. Düşünürəm ki, təzə binalara köçənlərin kitab rəfi olmayanda adamlar onlara necə baxır? Kitabsız, mütaliəsiz hansı bilikdən, hansı mədəniyyətdən danışmaq olar? Bəs bəzi kəndlərdə kitabxanaların çoxunun qapısı həftələrlə bağlı qalanda adamlar buna necə dözürlər? Belə vaxtda kitabxana müdirindən hesabat istəyən, hətta ona “gəl bir neçə gün səni ac qoyaq, görək necə olur? ” deyənlər tapılmırmı?..

Bir məktəb tanıyıram. Uşaqlıq xatirələrimlə bağlı məktəb. Məhəbbətimə ilk qanadlar bağlayan məktəb, müəllimlərimə əbədi hörmətimi saxlayan məktəb. Təəssüf ki, son vaxtlar müəllimlər arasında oxu, mütaliə səviyyəsi çox aşağı düşüb. Hətta açıq deyək, elələri var ki, ali məktəbi bitirəndən sonra dərs dediyi sinfin dərsliyindən qeyri kitab açmayıb. Onun yetirdiyi gəncin şüurunun əhatə dairəsi nə boyda ola bilər?
Müəllim təkcə təlimçi deyil, o həm də sabahı yaradacaq nəslin tərbiyəsinə, ideya və dünyagörüşünə məsul şəxsdir. Müasir kəndlərimizdə maarif və mədəniyyətin, mütərəqqi ənənələrin, adamların geyim, davranış, ədəb-ərkan keyfiyyətlərinin təbliğatçısı, nümunə göstəricisidir. Onun özünün şəxsi həyat tərzi, səliqə-sahmanı kəndin başqa mütəxəssis ziyalılarına da örnək olmalıdır.
Naxçıvanda az qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində zarafatla dedi: “Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır”.
Bəzən elə səhər gözünü açıb görürsən ki, evinin böyrünə bir çayxana söykəyiblər. Bir yekə çayxana da mərkəzi kitabxananın binasında yerləşir. Qırmızı tuf daşdan tikilmiş binanın bir tərəfini nəğməkar samovarlar yavaş-yavaş qaraltmaq işi ilə məşğuldurlar.
Biz çayçıların çayını bulandırmaq, samovarlarına soyuq su tökmək fikrində deyilik. Naxçıvanda təzə yaranan “çaylamaq” feilinin də dilimizə gəlməsinə etiraz eləmirik. Məsələ bundadır ki, Naxçıvan kimi bir şəhərdə bir dənə də olsun gənclər klubu, kafesi, şahmat yeri yoxdur. Kafe açmaq təşəbbüsündə olan tapılıb, ancaq bir vaxt ayılıb görüblər ki, kafe dönüb olub kababxana.
Son iki ildə 15 qəlyanaltı tikilib. Təkcə bir küçədə 13 qəlyanaltı, aşxana, restoran saymaq olar. Bunların hamısının menyusu olduqca kasıbdır, əsasən, kabab, ya da lüləkababdır. Görürsünüzmü, kababxana açmaq necə asandır, kafe açmaq çətin.
Əgər Naxçıvana gələn bir qonaq xəstələnsə, dərmanını süd desələr, heç bir mağazada tapmazsan. Halbuki Naxçıvanın bütün rayonları maldarlıqla məşğuldur.
Bir vaxtlar Naxçıvanın mərkəzi parkında – “Böyük bağ”da yaxşı əyləncəli görüşlər olardı, nəfəsli orkestr çalardı, rəqs meydançası cavanların dabanında oynardı. Dünən geriyə qayıdan deyil. Amma dünənin yaxşı adət və ənənələrini həmişə geri qaytarmaq olar.
Yaradıcı gənclərin yeganə istinadgahı olan “Şərq qapısı” qəzetinin poli­qrafiya keyfiyyətindən oxucular gileylənirlər. Hələ 1958-ci ildə Naxçıvanda mətbəə tikilməsi haqda qərar olub. 1966-cı ildə həmin mətbəənin özülü qoyulub, sonra da özül zibilxanaya dönüb.
Kimdir bu işə məsul? Niyə bu qərar yerinə yetirilmir?
Naxçıvan isti olan yerdir. Yay aylarında göydən od tökülür. İstirahət günləri camaat əylənməyə yer tapmır. Şəhərdən çox da uzaq olmayan Uzunoba gölünə adam buraxılmır.
Bu, nədir? Bu qanunu kim qoyub? Madam ki, camaatın istirahətinə şərait yaratmırsan, gedənlərə avtobus vermirsən, nə üzlə “əyri yolla” gedən maşınların qabağını kəsirsən?

Məmməd ARAZ
1967-ci il

Arzulardakı Naxçıvan...

Bir vaxtlar böyük ustad, Azərbaycan milli ideologiyasının söz bayraqdarı, bir misrasıyla minbir düşüncəni ifadə edən Xalq şairi Məmməd Arazın ürək yanğısıyla yazdığı bu məqalə ilə tanış olanda bir daha aydın olur ki, bügünkü Naxçıvan dahilərimizin, mütəfəkkirlərimizin, korifeylərimizin arzuladığı bir diyara çevrilib. Yüksək mədəniyyətin formalaşmasının yalnız hərtərəfli inkişafla, yəni intibahla mümkün olacağını qeyd edən böyük şair bu sözləriylə sanki bugünkü Naxçıvanı canlandırmağa çalışıb.

Bəli, bu gün muxtar respublika intibah dövrünü, yüksəliş dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən sədaqətli, vətənpərvər, işgüzar həmyerlilərimiz mümkün olmayanı reallaşdırmaqla, yəni üç tərəfdən düşmən əhatəsində, blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini, incəsənətini, təhsilini, səhiyyəsini və digər sahələrini inkişaf etdirməklə naxçıvanlıların arzularını həyata keçiriblər.

Böyük ustadın arzuladığı kimi, bu gün Naxçıvan Muxtar Respublikasının hər bir şəhərində, kəndində kitabxanalar fəaliyyət göstərir. Burada Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən minlərlə kitab oxucuların yolunu gözləyir. Ancaq çox təəssüf ki, insanların kitab mütaliəsinə göstərdiyi biganə münasibət ədibin məqaləni qələmə aldığı 1967-ci ildə necədirsə, bu gün də elədir. Dövlətimiz insanların kitaba olan tələbatını, hətta deyərdim ki, artıqlaması ilə ödəyir. Muxtar respublikanın ən ucqar dağ kəndinin kitabxanasında bəzən ölkə paytaxtı Bakı şəhərinin kitabxanalarından tapa bilmədiyimiz nadir əsərləri görmək mümkündür. Bəs onda bizə nə mane olur? Niyə mütaliəyə biganə yanaşırıq? Buna görə də, təəssüf ki, dahi şairimizin 48 il bundan əvvəl yazdığı “Kitabsız, mütaliəsiz hansı bilikdən, hansı mədəniyyətdən danışmaq olar? – ifadəsini bu gün də təkrarlamağa ehtiyac duyulur.

Bu məsələdə təhsil işçilərinin, müəllimlərin üzərinə böyük vəzifə düşür. Çünki Məmməd Arazın qeyd etdiyi kimi, “Müəllim təkcə təlimçi deyil, o həm də sabahı yaradacaq nəslin tərbiyəsinə, ideya və dünyagörüşünə məsul şəxsdir”. Bəli, müəllim yeni nəslin, nəsillərin nümunəsidir. Bu gün onun təhsil verdiyi, tərbiyə etdiyi uşaqlar sabah yeni nəslin tərbiyəçiləri olacaqlar. Hədər yerə deməyiblər ki, müəllimlər bir millətin gələcəyini formalaşdırır, mədəniyyət səviyyəsini müəyyənləşdirir. Ötən il 160 illik yubileyini qeyd etdiyimiz Məhəmməd Tağı Sidqinin timsalında biz bunu daha aydın şəkildə görürük. Böyük maarifpərvərin yaratdığı “Əxtər”, “Tərbiyə” məktəbləri Məmməd Səid Ordubadi, Hüseyn Cavid kimi dahilər yetişdirib. Hüseyn Cavid M.T.Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət edib. Bu, müəllimin cəmiyyətdəki rolunu ifadə edən ən gözəl nümunədir…
Məmməd Araz məqaləsində Naxçıvanda çayxanaların çoxluğundan, digər sosial obyektlərin isə olmadığından haqlı olaraq şikayətlənirdi. Bu məsələdə böyük şairin arzuları həyata keçirilib. Bu gün Naxçıvan şəhərində, hətta muxtar respublikanın ən ucqar kəndlərində də müasir memarlıq üslubunda yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Kənd mərkəzləri, xidmət mərkəzləri, həkim ambulatoriyaları, təhsil müəssisələri nəinki Azərbaycanın digər regionları üçün, hətta dünya ölkələri üçün nümunə təşkil edir. Böyük şair şikayətlənirdi ki, “Naxçıvan kimi şəhərdə bir dənə də olsun gənclər klubu, kafesi, şahmat yeri yoxdur”. Bu gün isə biz şəhərimizə gələn qonaqlarımıza yan-yana düzülən, çox zaman faydalı əməklə məşğul olmaq istəməyən insanların toplaşdığı çayxanaları deyil, müasir Gənclər Mərkəzini, Şahmat Mərkəzini, Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzini, İlham Əliyev adına Olimpiya-İdman Kompleksini, Üzgüçülük Mərkəzini və digər əhəmiyyətli sosial obyektləri göstəririk. Qonaqlar gözəlliyi ilə gözoxşayan otellərdə, istirahət mərkəzlərində qalır, müasirliyi ilə seçilən və xidmət mədəniyyəti gündən-günə daha da yaxşılaşan restoranlarda hazırlanan milli yeməklərimizə heyranlıqlarını gizlətmirlər.
“Əgər Naxçıvana gələn bir qonaq xəstələnsə, dərmanını süd desələr, heç bir mağazada tapmazsan”, – deyən böyük ədibimiz, təəssüflə Naxçıvanın bütün rayonlarının maldarlıqla məşğul olduğunu xatırladırdı. Bu gün isə vəziyyət tamam başqadır. İndi muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Dövlət maliyyə dəstəyi ilə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılan bu qabaqcıl müəssisənin istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Həmin dövrdə nəşr olunan “Şərq qapısı” qəzetinin poliqrafik keyfiyyətinin aşağı olmasından, 1958-ci ildə tikilməsi nəzərdə tutulan mətbəənin 1966-cı ildə özülünün qoyulduğunu, sonra da özülün zibilxanaya çevrildiyindən yazan böyük ustad əlaqədar orqanlara səslənir, onları yalan vədlər verməyə deyil, iş görməyə dəvət edir, haqlı iradını bildirirdi.
Şairin 1967-ci ildə arzuladıqları 2010-cu il iyulun 22-də Naxçıvan Muxtar Respublikasının rəhbəri tərəfindən reallaşdırıldı. Həmin gün “Şərq qapısı” qəzeti redaksiyasının, Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəəsinin istifadəyə verilməsi istər kitabların, istərsə də muxtar respublikada işıq üzü görən qəzetlərin ən yüksək poliqrafik keyfiyyətdə çap və nəşr olunmasına şərait yaradıb.
Məmməd Araz isti yay günlərində Naxçıvanda insanların əylənməyə yer tapmadığını, Uzun­oba gölünə isə heç kəsin buraxılmadığını yazır, bunun səbəbkarlarını ittiham edirdi. Onun bu istəyi, arzusu da bu gün artıq həyata keçirilib. Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilib. Ərazidə kompleks tikinti işləri aparılıb, Uzunoba Su Anbarı əsaslı şəkildə yenidən qurulub. Qızmar yay aylarında xüsusi avtobuslar çimərliyə getmək istəyən insanların ixtiyarına verilir.
Naxçıvançay vadisində insanların istirahətinin səmərəli təşkili üçün Əyləncə və İstirahət Mərkəzi inşa edilib. Ötən il iyulun 24-də Əyləncə və İstirahət Mərkəzinin açılışı olub. Bu, böyük ədibin bir zamanlar arzuladığı Naxçıvandır...
Sonda qeyd edək ki, 2014-cü il dekabrın 1-də – Məmməd Arazın anım günündə doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində onun ev-muzeyinin açılışı oldu. Xalq şairinin həyat yoldaşı Gülxanım İbrahim­ova Məmməd Araz irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğıya görə ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etdi. G.İbrahimova Məmməd Arazın ev-muzeyinin yaradılmasının həm də şairin arzularının öz Vətənində həyata keçirilməsi kimi dəyərləndirdi.
Xalq şairinin həyat yoldaşı Ali Məclis Sədrinə, əslində, həm də ədəbiyyatsevərlərin min­nətdarlıq hislərini çatdırmış oldu. Çünki Məmməd Araz təkcə Naxçıvanın deyil, böyük Azərbaycanın böyük şairidir. Ona göstərilən diqqət Azərbaycan xalqının ədəbi irsinə göstərilən diqqətdir...

Ruhun şad olsun, böyük ustad. Bu gün sənin doğma Naxçıvan barədə bütün arzuların tam həyata keçirilib. Bunu reallaşdıran İnsan isə ümummilli lider Heydər Əliyevin nurlu yolunu qətiyyətlə, inamla davam etdirən, xalqa, doğma Vətənə xidməti, dövlət-xalq və xalq-dövlət birliyini özünün devizinə çevirən vətənsevər Rəhbərdir.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR