Muxtar respublikada dəmir yolu nəqliyyatı inkişaf etdirilir, daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsi və xidmətin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Aparılan ardıcıl tədbirlərin nəticəsidir ki, dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı hər ötən ay daha da artır. Cari ilin yanvar ayında qatarlar vasitəsilə 10 min 653 sərnişin daşınmışdır. Bu dövr ərzində Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən 4 min 440 ton müxtəliftəyinatlı yük muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına çatdırılmışdır.
Sərnişin və yük daşımalarının mütəmadi təşkili, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq strukturları tərəfindən qatar və vaqonların, eləcə də elektrik şəbəkəsi və digər dəmir yolu qurğularının sazlığına nəzarət olunur. Yanvar ayında Culfa lokomotiv və vaqon depolarında elektrovozlar 4, teplovozlar 2 dəfə texniki baxışdan keçirilmiş, 1 elektrovoz və 4 vaqon cari təmir edilmişdir. Həmçinin İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmişdir. Bu dövr ərzində yolların cari təmiri də diqqət mərkəzində saxlanılmış, defektoskop briqadası tərəfindən 78 kilometr baş yol, 20 kilometr stansiya yolları, 30 dəst yoldəyişdirici qurğu və 3760 qaynaq calağı yoxlanılmış, xidməti ərazidə olan nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin 29 yararsız ağac şpal yenisi ilə və ya dəmir-beton şpallarla əvəz edilmişdir. Qatarların stansiyalarda hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə rabitə və işarəvermə qurğularının sazlığı da nəzarətdə saxlanılmış, sıradan çıxmış 15 müxtəliftipli rele, həmçinin qatar dispetçeri ilə maşinistlər arasında olan radio-rabitənin səmərəli təşkili üçün lokomotivlərdə 8 müxtəliftipli blok dəyişdirilmişdir.
Qış mövsümündə sərnişinlərin rahat gediş-gəlişlərini təmin etmək məqsədilə sərnişin vaqonlarının təchizatı mütəmadi olaraq yaxşılaşdırılır. Bu sahədə görülən işlər çərçivəsində vaqonlar yoxlamalardan keçirilmiş, 1 vaqonun istilik sistemi bərpa olunmuşdur.
Dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması da dəmiryolçuların diqqət mərkəzindədir. Yanvar ayı ərzində alçaq və yüksəkgərginlikli elektrik ötürücüsü xətlərində və kontakt şəbəkəsi xəttində təmir işləri aparılmış, 30 yararsız izolyator, 1 xətt ayırıcısı, 1 travers, 1 kontakt şəbəkəsi dayağında yük kompensatorunun trosu dəyişdirilmişdir. Bundan başqa, stansiyalarda, inzibati, texniki və yardımçı binalarda elektrik xətləri yoxlanılaraq nasazlıqlar aradan qaldırılmışdır.
Dəmir yolları infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi işləri də ardıcıl surətdə davam etdirilir. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən yanvar ayında Ordubad stansiyasının İdarəetmə Mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad Yol Sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir.
Ümumiyyətlə, yanvar ayında görülmüş işlər nəticəsində Ordubad-Vəlidağ istiqamətində bütün qatarların fasiləsiz hərəkəti təmin olunmuşdur. Dəmir yolu nəqliyyatının təhlükəsiz və rahat təşkili, xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti