Müasir dövrdə yeni texnologiyaların tətbiqi hər bir ölkənin əsas inkişaf göstəricisi hesab olunur. Muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsinin davamlı inkişafının təmin olunması da məhz bu məqsədə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi qeyd olunan sahələr üzrə fəaliyyətini ötən ay da davam etdirmiş, əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 29 dekabr tarixli Sərəncamına əsasən, Culfa rayonunun Göynük və Nəhəcir kəndləri Babək rayonunun inzibati ərazisinə daxil edilmişdir. Bu səbəbdən də Nəhəcir kəndindəki avtomat telefon stansiyasının nömrə planı dəyişdirilmiş, rabitə evində olan avadanlıqlar Babək Rayon Rabitə İdarəsinin və “Naxçıvanpoçt” MMC-nin Babək rayon filialının balansına verilmişdir.
Muxtar respublika ərazisində geniş vüsət alan tikinti-quruculuq işlərinə uyğun olaraq, yaşayış məntəqələrində rabitə infrastrukturu da müasirləşdirilir. Ötən ay Babək rayonunun Qoşadizə kəndində 336 nömrəlik və Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu yeni avtomat telefon stansiyaları qurulmuş, Şurudda yeni poçt bölməsi yaradılmışdır. 1024 nömrəlik Babək rayon mərkəzi avtomat telefon stansiyası, həmçinin rayon İcra Hakimiyyəti, Vergilər Şöbəsi, Maliyyə Şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon şöbələrinin arabağlantı avadanlıqları yeni binaya köçürülmüşdür. Ümumilikdə, yanvar ayında muxtar respublika üzrə telefon stansiyalarının nömrə tutumları və CDMA simsiz rabitə istifadəçilərinin sayı artmış, ümumilikdə, 333 yeni telefon nömrəsi istismara verilmişdir.
Bu gün muxtar respublikada elə bir yaşayış məntəqəsi yoxdur ki, orada əhaliyə müasir rabitə xidmətləri göstərilməsin. Artıq ən ucqar dağ kəndlərinin sakinləri belə, sürətli və genişzolaqlı internetdən istifadə edirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlər ötən ay da davam etdirilmiş, ümumilikdə, 3530 metr fiber-optik kabel xətti çəkilmiş, Şərur rayonunun Kürkənd, Culfa rayonunun Şurud, Kəngərli rayonunun Yeni Kərki, Şahbuz rayonunun Gömür kəndlərində istifadəçilərin sürətli internetə çıxışı təmin olunmuşdur. Görülən bu tədbirlər nəticəsində muxtar respublikada genişzolaqlı internet abunəçilərinin sayı artmış, ötən ay 547 yeni istifadəçi qeydiyyatdan keçmişdir.
Gənclərin informasiya texnologiyalarını dərindən mənimsəməsi günün tələbinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçilən kompüter kursları da bu məqsədə xidmət edir. Hazırda mərkəzdə 34 qrupda 295 dinləyici təhsil alır. Bu sahədə görülən işlərin tərkib hissəsi kimi muxtar respublikada məktəblərin müasir informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilir. Yanvar ayında Naxçıvan şəhərindəki 9 nömrəli, Ordubad şəhərindəki 2 nömrəli, Şərur rayonunun Kürkənd, Culfa rayonunun Şurud və Bənəniyar kənd tam orta məktəblərində 220 kompüter dəsti quraşdırılmış və internetə çıxışı təmin edilmişdir.
Muxtar respublikada “elektron hökumət”in tətbiqi də uğurla həyata keçirilir. Ötən ay ərzində muxtar respublikanın “elektron hökumət” portalında elektron imza kartı vasitəsilə autentifikasiya xidməti tam işə salınmış və sistemə əmək müqaviləsi bildirişləri əlavə olunmuşdur. Həmçinin Rabitə və Yeni Texnologiyalar Nazirliyinin ümumi işlər və kadrlar sektoruna elektron imza kartı verilmişdir.
2015-ci ilin ilk ayında muxtar respublika əhalisinin keyfiyyətli televiziya və radio yayımları ilə təminatı istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “BBTV” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2011-ci il 16 iyun tarixli müqaviləyə və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən televiziya yayımı üçün verilən xüsusi icazəyə əsasən, bu il yanvar ayının 14-dən etibarən muxtar respublika ərazisində 67 yerli və xarici televiziya kanallarının rəqəmsal yayımına başlanılmışdır. Bunun üçün Duzdağ Radio-Televiziya Verici Stansiyasında 7 ədəd rəqəmsal televiziya vericisi qurulmuş, Naxçıvan Dövlət Televiziyasının HD formatda yayımı təmin olunmuşdur.
Yanvar ayında muxtar respublikada poçt-rabitə xidməti də nümunəvi təşkil olunmuşdur. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan daxil olan maniqramların məbləği 126 min 717 manat olmuş, rüsumu 3 min 681 manat, sayı isə 1301 ədəd təşkil etmişdir. “Colvir” sistemi ilə 471 min 291 manat maniqram qəbul edilmiş, 799 min 637 manat maniqram ödənişi həyata keçirilmişdir. Həmçinin beynəlxalq istiqamətlər üzrə 80 manat maniqram qəbul edilmiş, 1192 manat maniqram ödənilmişdir. Ay ərzində 1615 kiloqram çəkidə 217 bağlama göndərilmiş, 9 min 793 kiloqram çəkidə 1611 bağlama daxil olmuşdur. Ötən ay abonentlərdən 525 min 556 manat elektrik enerjisindən, 1 milyon 430 min 190 manat təbii qazdan, 2 min 231 manat sudan istifadə haqqı toplanmışdır. Bu dövr ərzində rabitə xidməti üzrə toplanan abunə haqqı 258 min 909 manat, mobil cihazların qeydiyyatı üzrə toplanan vəsaitin dəyəri isə 16 min 495 manat olmuşdur.
Muxtar respublikada rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti