23 Dekabr 2024, Bazar ertəsi

Culfa Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2014-cü ildə Culfa rayonunda tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib, yeni infrastruktur obyektlər fəaliyyətə başlayıb. 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 35 milyon 615 min 400 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 32 milyon 525 min 700 manat təşkil edib. Hesabat ilində Şurud kəndində kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, Bənəniyar kəndində Uşaq musiqi məktəbinin, xidmət mərkəzinin, Əlincə kəndində feldşer-mama məntəqəsinin tikintisi, Bənəniyar kəndində həkim ambulatoriyasının, kənd mərkəzinin əsaslı təmiri, Əlincə kəndində 252, Bənəniyar kəndində 648, Şurud kəndində 110 şagird yerlik məktəb binalarının yenidən qurulması, həmçinin Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzi, Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilib.

İcra başçısının sözlərinə görə, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər əhali rifahının davamlı yüksəlişinə səbəb olub, 2014-cü ildə hər bir işçiyə hesablanan orta aylıq əməkhaqqının məbləği artaraq 349,1 manata çatıb. Bu, 2013-cü illə müqayisədə 4,4 faiz çoxdur. İqtisadi sahədə dinamik artım Culfa rayonu büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin gəlirlərinin artmasına səbəb olub. 2014-cü ildə rayon büdcəsinin gəlirləri 840 min 781 manat təşkil edib.
Culfa rayonunda təhsil sahəsində qazanılan uğurlardan da danışan Şükür Babayev bildirib ki, 2013-2014-cü tədris ilində rayon məktəblərinin 497 məzunundan 357 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə verib, onlardan 189 nəfəri ali məktəblərə qəbul olunub. Tələbə adını qazananlardan 21 nəfəri 500-600, 6 nəfəri 600-650, 6 nəfəri isə 650-700 intervalında bal toplayıb. Bundan əlavə, 40 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Bildirilib ki, ötən il keçirilən əmək yarmarkalarında 116 nəfər vətəndaş öz ixtisasına və istəyinə uyğun işlə təmin edilib.
Sonra yol verilən nöqsanlardan bəhs edən Şükür Babayev qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmam­əliyev, rayon Maliyyə Şöbəsinin müdiri Əhməd Məmişov və Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxış ediblər.

*  *  *

2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrlə bağlı Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Nurəddin Quliyev məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsi sahəsində ardıcıl və məqsədyönlü iş aparılıb, rayon ictimaiyyətinin qüvvəsindən səmərəli istifadə etməklə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olmağa çalışılıb. Rayonun sosial-iqtisadi, mədəni həyatı ilə bağlı məsələlərin həllinə xüsusi diqqət yetirilib, qarşıda duran problemlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilib, qəbul olunmuş qərarların icrası nəzarətdə saxlanılıb.
Bildirilib ki, hesabat ilində Şahbuz şəhərində 216 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının, şəhər mərkəzinin tikintisi, rayon rabitə evinin, bir yaşayış binasının, Ahıllar evinin əsaslı təmiri, Nursu kəndində həkim ambulatoriyası binasının, Gömür kəndində feldşer-mama məntəqəsinin, Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyinin tikintisi, Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik, Gömür kəndində isə 110 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılıb. Gömür kəndində kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilib. Nursu kəndində xidmət mərkəzinin tikintisi yekunlaşdırılıb, Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi, bir yaşayış binasının təmiri davam etdirilib. “Rayon mərkəzi və ətraf kəndlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində 16,18 kilometr içməli su xətti, 1,9 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 276 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb, 30 metr kaptaj tikilib, bulaqlardan suyun yığılması başa çatdırılıb və yığılan su ana xəttə birləşdirilib.
“Rayonun iqtisadiyyatında önəmli sahə olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılıb”, – deyən Nurəddin Quliyev müşavirə iştirakçılarının nəzərinə çatdırıb ki, ötən il rayonda 4 min 431 ton dənli-paxlalılar, 6 min 883 ton kartof, 4 min 816 ton tərəvəz, 69,7 ton bostan məhsulları, 4 min 718 ton meyvə, 158 ton üzüm istehsal edilib. Heyvandarlıq təsərrüfatlarında da artıma nail olunub, 2 min 456 ton ət, 14 min 12 ton süd, 5 milyon 398 min ədəd yumurta, 172,3 ton yun istehsal olunub.
İl ərzində rayonda ekoloji tarazlığın qorunmasına ciddi önəm verilib. 16,9 hektar sahədə meşəsalma, 1,7 hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilib. Bu ərazilərdə 13 min 467 ədəd meyvə, 10 min 767 ədəd meşə ağacı, 1750 ədəd həmişəyaşıl ağac, 7 min 503 ədəd gül və bəzək kolları olmaqla, ümumilikdə, 33 min 487 ədəd ağac tingləri, gül və bəzək kolları əkilib.
İcra başçısı rayonda enerji və mavi yanacaqla təminatın yaxşılaşdırılması, əhaliyə göstərilən kommunal, rabitə və nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən də bəhs edib.
Müşavirədə hesabat ili ərzində görülən işlərlə yanaşı, müşahidə edilmiş nöqsanlara da toxunan Nurəddin Quliyev 2015-ci ildə həmin nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumların qarşısında ciddi vəzifələr durduğunu bildirib.
Sonra məruzə ətrafında çıxışlar olub. Rayon İcra Hakimiyyəti başçısının müavini Yenibar Vəliyev, Vergilər Şöbəsinin rəisi Nazim Rüstəmov, Kapital Bankın Şahbuz rayon filialının müdiri Mübariz Hüseynov 2014-cü ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR