2014-cü ilin yekunları Ordubad rayonunda da müzakirə olunub. İcra Hakimiyyətində keçirilən müşavirədə məruzə edən icra başçısı Elşad Məmmədov bildirib ki, 2014-cü ildə də rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Ötən il Ordubad Rayon Suvarma Sistemləri İdarəsinin inzibati binasının yenidən qurulması, Aşağı Əylis və Nürgüt kəndlərində kənd mərkəzlərinin, Aşağı Əylis kəndində 234 şagird yerlik tam orta məktəb binasının tikintisi, Ordubad şəhərində bir yaşayış binasının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad transformator yarımstansiyası binasının əsaslı təmiri, Ordubad şəhərində bir yaşayış binasının təmiri, Akademik Yusif Məmmədəliyevin ev-muzeyinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası başa çatdırılıb. Ordubad şəhərində 3 nömrəli tam orta məktəb binasının, Məhəmməd Tağı Sidqinin ev-muzeyinin, aviakassa binasının tikintisi davam etdirilib.
“Rayon mərkəzi və ətraf kəndlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində 23,33 kilometr içməli su xətti, 18,14 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 498 ev birləşməsi aparılıb.
Sahibkarlığın inkişafının diqqət mərkəzində saxlanıldığını bildirən icra başçısı deyib ki, Ordubad şəhərində istixana kompleksi, Vənənd kəndində müxtəlif meyvələrdən kompot istehsalı sahəsi, Aşağı Əylis kəndində heyvandarlıq təsərrüfatı yaradılıb.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, Ordubad Rayon Yol Təmir-İstismar İdarəsi tərəfindən Ordubad şəhərdaxili, Dəstə-Dırnıs, Ordubad-Nüsnüs, Aza-Biləv-Parağa, Ordubad-Naxçıvan avtomobil yollarında təmir işlərı aparılıb, Aşağı Əylis kənddaxili 1,3 kilometr yola asfalt örtük salınıb, Aza-Biləv avtomobil yolunun 13-cü kilometrində 1 körpü təmir edilib.
İcra başçısı bildirib ki, bəhs olunan dövrdə 338 nəfər işlə təmin olunub, 26 nəfər peşə hazırlığına cəlb edilib, 36 nəfər ictimai işlərə, 13 nəfər kvota yerlərinə göndərilib.
Digər qurumların fəaliyyətindən də bəhs edən icra başçısı buraxılan nöqsanlardan da danışıb.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Bəxtiyar Əsgərovun, Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadovun, Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifovun çıxışları olub.
Xəbərlər şöbəsi