Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, ötən il muxtar respublika ərazisində, ümumilikdə, 536,5 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, 441 min ədəd ağac və gül kolu əkilib. Nazirlik, tabeli idarə və müəssisələr tərəfindən 68,2 hektar sahədə meşəsalma, 151,7 hektar sahədə ting və toxumla meşəbərpa tədbirləri həyata keçirilib. Bəhs olunan dövrdə 300 mindən çox əkinəyararlı, standart ting yetişdirilərək əkin materialı kimi istifadə edilib. Dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsində ən mühüm amil kimi həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış tinglərin yetişdirilməsi məqsədilə dağlıq əraziləri əhatə edən milli park və yasaqlıq ərazilərində 2 hektara yaxın sahədə tingçilik təsərrüfatları yaradılıb. Bundan əlavə, torpaqların münbitliyinin yaxşılaşdırılması, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılması üçün Uzunoba Dövlət Meşəsi ərazisində, Uzunoba Su Anbarının ətrafında, Əshabi-Kəhf ziyarətgahına gedən yolun və ziyarətgah ətrafında olan ərazilərdə, milli park və yasaqlıq ərazilərində, Ağbulaq İstirahət Mərkəzi ətrafında 49,4 hektar sahədə yaşıllıqlar salınıb.
Flora və fauna ehtiyatlarının mühafizəsindən də danışan nazir bildirib ki, qış mövsümündə ərazilərin qarla örtülməsi nəzərə alınaraq fauna ehtiyatlarının qidaya olan tələbatının yaxşılaşdırılması, o cümlədən yeni əkilmiş tinglərin, fidanların zərərvericilərdən qorunması üçün biotexniki tədbirlər həyata keçirilib. Fauna ehtiyatlarının qorunması üçün qanunsuz ov edilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində yoxlama-reydlər keçirilib, 18 qanunazidd hal aşkar olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb. Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə isə 37 müəssisə və təşkilata 51 min 312 manat ekoloji ödəniş haqqı tətbiq edilərək icrası təmin olunub.
2015-ci ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən Hafiz Yaqubov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 6 yanvar tarixli Fərmanı ilə Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılaraq nazirliyin strukturuna daxil edilib. Nazirliyin aparatında fəaliyyət funksiyaları dəyişdiyinə görə şöbə və sektorların adlarında dəyişikliklər edilib, yeni struktur yaradılıb. Cari ildə nazirlik, tabeli idarə və müəssisələrin kollektivləri çalışacaqlar ki, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlsinlər, muxtar respublikanın ekoloji vəziyyətinə öz töhfələrini versinlər.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
Xəbərlər şöbəsi