23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasının 15 illiyi münasibətilə adıçəkilən qurumda tədbir keçirilib. Vergi orqanlarının əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Vergilər Nazirliyinin inzibati binasında davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Vergilər naziri, III dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov məruzə edərək ölkə­mizdə vergi sisteminin yaradılmasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Məruzəçi ulu öndərin ali hakimiyyətə qayıdışından sonra vergi sistemində aparılan köklü dəyişikliklərdən, dahi rəhbərin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılmasından, ölkəmizdə vergi qanunvericiliyi bazasının yaradılması prosesinin uğurla həyata keçirilməsindən danışıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi yaradılıb, nazirliyin Əsasnaməsi təsdiq edilib. Fəaliyyət göstərdiyi 15 il ərzində nazirlik böyük inkişaf yolu keçib, maddi-texniki bazası xeyli gücləndirilib, nazirlik və onun rayon şöbələri, Naxçıvan Şəhər Vergilər İdarəsi üçün müasir standartlara cavab verən binalar tikilərək istifadəyə verilib, əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Vergilər Nazirliyinə göstərilən dövlət qayğısı təkcə maddi-texniki bazanın yaxşı­laşdırılması ilə məhdudlaşmır. Belə ki, vergi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, əməkhaqları artırılır, səmərəli fəaliyyət göstərən vergi əməkdaşlarının əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, onlar müxtəlif dövlət mükafatlarına layiq görülürlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə vergi orqanları əməkdaşlarını Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Muxtar respublikada vergi sisteminin formalaşma tarixi haqda danışan müşavir bildirib ki, Azərbaycanın milli iqtisadi inkişaf modelinin reallaşdırılması tələblərinə adekvat olaraq, ölkənin vergi sistemi də bu prosesin tərkib hissəsi kimi təkmilləşdirilib. Aparılan islahatlar nəticəsində ölkə­də təkmil vergi sistemi formalaşıb, vergi inzibatçılığı yenidən qurulub, vergi ödəyicilərinə xidmətin keyfiyyəti artırılıb, vergi xidmətində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemləri yaradılıb. Bu proses Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilib, vergi orqanları əməkdaşları inkişafa doğru atılan hər bir addımda dövlətimizin diqqət və qayğısından bəhrələniblər.
“Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2015-ci il tarixli Sərəncamının mətnini oxuyan Müslüm Cabbarzadə bildirib ki, bu sərəncama əsasən, səmərəli fəaliyyətlərinə görə 14 nəfər əməkdaşın təltif edilməsi vergi orqanlarına göstərilən diqqət və qayğının, etimadın təzahürü, vergi işçilərinin əməyinə verilən ən yüksək qiymətdir. Əminliklə demək olar ki, bütün bunların qarşılığında Vergilər Nazirliyinin kollektivi qarşıya qoyulan vəzifə və tapşırıqların icrasını bundan sonra da layiqincə yerinə yetirəcək, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir.
Sonra “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunanlara nişanlar təqdim edilib.
Təltif olunanlardan Əli Şabanov, Bayram Heydərov, Zeynəb Qazıbəyova çıxış edərək göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR