Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasını Daxili İşlər naziri, polis general-leytenantı Əhməd Əhmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə daxili işlər orqanlarının qarşısında da bir sıra vəzifələr qoyulub, əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsi kimi tapşırıqlar verilib. “Səyyar xidmət”in muxtar respublikada tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin xidməti istifadəsinə avtomobil ayrılıb. Avtomobildə quraşdırılacaq avadanlıqların alınması üçün sifariş verilib.
Qeyd olunub ki, inkişaf və tərəqqiyə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları muxtar respublikada etibarlı qorunmaqdadır. Bu səbəbdəndir ki, Naxçıvan cinayətkarlıqla mübarizənin nəticələrinə görə əvvəlki illərin müsbət nəticələrini saxlaya bilib. Hüquqi maarifləndirməyə və profilaktikaya geniş yer verildiyindən muxtar respublikada cinayətkar qrup və dəstə mövcud olmayıb.
“Son illər muxtar respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələri sayının xeyli artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və yaralananların sayı əhəmiyyətli dərəcədə azalıb. Hesabat dövründə avtomobillərin texniki vəziyyətinə xüsusi fikir verilərək xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub, aşkar olunan 18 mindən artıq yol hərəkəti əleyhinə olan inzibati xəta üzrə qanunauyğun tədbirlər görülüb”, – deyən nazir bildirib ki, qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, vətəndaşlar tərəfindən 187 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib.
Bildirilib ki, “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları sayəsində bir sıra cinayətlərin qarşısı alınıb, 2 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilərək müvafiq tədbirlər görülüb.
Əhməd Əhmədov nazirliyin strukturuna daxil olan təşkilatların fəaliyyəti barədə də məlumat verərək bildirib ki, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 18462 nəfərə ümumvətəndaş pasportu, 38913 nəfərə isə şəxsiyyət vəsiqəsi verilib. Eyni zamanda yeni nəsil biometrik pasportların verilməsinə başlanılıb, biometrik şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində hazırlıq görülür.
Yeni informasiya texnologiyalarının tətbiqi sahəsində bir sıra işlər görülərək Dövlət Yol Polisi İdarəsində və Pasport Qeydiyyat və Miqrasiya Şöbəsində cərimə və rüsumların yerində ödənilməsi üçün POS-terminallar, yol-patrul xidməti avtomaşınlarında isə məlumat bazasına qoşulmaq imkanı verən bortkompüterlər yerləşdirilib. Sürət həddinə nəzarət edilməsi məqsədilə muxtar respublikanın magistral yollarında 6 ədəd rəqəmsal radar sistemi quraşdırılıb.
Vurğulanıb ki, nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Avtomobillərin texniki baxışdan keçirilməsi işini asanlaşdırmaq üçün Şərur rayonu ərazisində Dövlət Yol Polisi İdarəsinin yeni Texniki Müayinə Mərkəzi tikilərək istifadəyə verilib. Belə bir mərkəz Culfa rayonunda da tezliklə istifadəyə veriləcəkdir. Bu müayinə mərkəzlərində il ərzində, təxminən, 20 min avtomobilin texniki baxışdan keçirilməsi mümkün olacaq.
Fəaliyyətin hərtərəfli təhlilinə əsaslanaraq nazir bildirib ki, 2015-ci ildə də Naxçıvanın cinayətsiz region prinsipi qorunacaq, əldə olunmuş uğurlar daha da artırılacaq, maarifləndirmə, profilaktik tədbirlər daha da gücləndiriləcək, nizam-intizama ciddi əməl olunacaqdır.
Sonra məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Qasımovun, nazirliyin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Aydın Ağayevin, Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Dadaşovun, Ordubad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əziz Eynalovun, Daxili İşlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyevin çıxışları olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
Muxtar MƏMMƏDOV