Muxtar respublikada hava nəqliyyatı sistemi hər ötən il daha da təkmilləşdirilir. Bu istiqamətdə görülən tədbirlər, müasir infrastrukturun yaradılması Naxçıvan Beynəlxalq Hava Limanında xidmətin səviyyəsini xeyli yüksəltmişdir.
2015-ci ilin ilk ayında Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin və yükdaşımalarının etibarlı və təhlükəsiz təşkil olunması diqqət mərkəzində saxlanılmış, hava gəmilərinə və digər bütün texniki vasitələrə baxış keçirilmiş, baş verən nasazlıqlar aradan qaldırılmışdır. Uçuş-enmə zolağı və onun kənarlarındakı örtülü suötürücü kanallar yoxlanılmış, perron və dayanacaqlarda təmir işləri aparılmışdır. Yanğın nasos stansiyasının mühərriklərinə texniki xidmət göstərilmiş, işıqlandırma vasitələrinin avtomatik rejimdə işləməsi təmin olunmuşdur.
Yanvar ayı ərzində yerli hava xətti ilə 17007 sərnişin, 212 min 924 kiloqram baqaj, 71009 kiloqram yük və 2425 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti üzrə isə Naxçıvan-Moskva reysi ilə 168 sərnişin, 2645 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 356 sərnişin və 3791 kiloqram baqaj daşınmışdır.
İnzibati binalarda iş şəraitinin yaxşılaşdırılması, işin keyfiyyətinin artırılması və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər yanvar ayında da davam etdirilmişdir. Belə ki, qeydiyyat avadanlıqlarında yaranmış nasazlıqlar aradan qaldırılmış, yanğından mühafizə sisteminin cihazlarının daimi işləməsi təmin olunmuşdur. Həmçinin X-Ray avadanlıqlarına, şlaqbaum və hidravlik baryerlərində profilaktik və texniki işlər aparılmışdır.
Yanacaq-sürtgü materiallarının tələbata uyğun tədarükü xidmətin fasiləsiz təşkilində əsas şərtdir. 2015-cü ilin yanvar ayında yanacaqdolduran maşınlar yoxlamadan keçirilmişdir. Bu dövr ərzində 34 min litr TS-1 yanacağı daşınaraq yanacaq-sürtgü materialları anbarına daxil edilmişdir. Yanğın təhlükəsizliyi və qəza-xilasetmə xidmətləri üzrə də müvafiq işlər görülmüşdür. Belə ki, yanğınsöndürən avtomobillərə texniki baxış keçirilmiş, yararsız balonlar yeniləri ilə əvəz edilmiş, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmışdır. Təhlükəsizlik texnikalarının sazlığı diqqət mərkəzində saxlanılmış, hava limanına giriş, təyyarəyə buraxılış və yük bölmələrində yerləşən monitorlara, metal axtaranlara baxış keçirilmişdir. Təhlükəsizlik sisteminin gücləndirilməsi üçün aviakassa binasında əlavə 1 ədəd müşahidə kamerası quraşdırılmışdır.
Xidmətin günün tələbləri səviyyəsində təşkili yaradılan müasir infrastrukturla yanaşı, həm də işçilərin peşəkarlığından asılıdır. Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanında bu amil diqqətdə saxlanılmış, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının işçiləri üçün təlimlər keçirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi növbəti aylarda da xidmətin günün tələbləri səviyyəsində təşkilini diqqət mərkəzində saxlayacaqdır.
Naxçıvan Beynəlxalq
Hava Limanı