Ulu öndər Heydər ƏLİYEV: Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.
YUNESKO-nun 1999-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Tarixin ayrı-ayrı dövrlərində Azərbaycan dili dövlət dili kimi işlənmiş, geniş məkanda ünsiyyət vasitəsinə çevrilmişdir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə, milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Azərbaycan dili öz ifadə imkanlarının zənginliyi, səs tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.
Dilimizin müasir dövrdə beynəlxalq münasibətlər sisteminə yol açması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, – deyən ümummilli lider Sovetlər Birliyi dövründə dil siyasətinə mühüm əhəmiyyət vermiş, 1970-ci illərdən etibarən Azərbaycan dilinin tarixi elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Sovet imperiyası dövründə ümummilli liderimiz böyük cəsarət göstərərək Azərbaycan ədəbi dilinin qorunması və inkişafına xüsusi diqqət yetirmiş, ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuş, hətta keçirilən mötəbər tədbirlərdə Azərbaycan dilində çıxış edərək doğma dilinə sonsuz məhəbbətini bir daha nümayiş etdirmişdir. Bir sözlə, Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə olduğu kimi, ikinci dövründə də dövlət dil siyasəti aparıcı mövqeyə yüksəlmiş, ana dilimizə həqiqi övlad münasibəti göstərilmiş, onun qorunub-yaşadılmasına mühüm əhəmiyyət verilmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimizin yüksək diqqət və qayğısı ilə Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyətə malik olmuş, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Həmin maddədə yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Dahi şəxsiyyətin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları ilə ədəbi dilimizin istifadə imkanları daha da genişləndirilmiş, Azərbaycan dilinin potensialı bir daha üzə çıxarılmış, bütünlükdə, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları ölkəmizdə bu işlərin ardıcıl həyata keçirilməsinin təsdiqidir. Dövlət başçısının 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı isə Azərbaycan dilinin inkişafı məqsədilə görülən işlərin davamı olmaqla yanaşı, həm də bu sahədə bundan sonra görüləcək vacib işlərin miqyasının müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır. Sərəncamda qeyd olunur ki, “Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır”. Həmçinin sərəncamda Azərbaycan dili və dilçiliyi ilə yanaşı, tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri də öz əksini tapmışdır.
Bu gün muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 400 mindən çox kitab, o cümlədən məktəb kitabxanalarına 1,6 milyon nüsxədən artıq dərslik, 630 min nüsxə bədii ədəbiyyat verilmiş, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikamızda dilimizin saflığının qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunmuş 2012-ci ildə ən ali milli dəyərimiz olan Azərbaycan dilinin saflığının qorunması, dilimizin imkanlarının təbliği istiqamətində də məqsədyönlü tədbirlər görülmüş, milli dəyərlərimizə həsr olunmuş kitablar nəşr edilmişdir.
Dilimiz xalqımızın tarixini, dünyaya baxışını, adət və ənənələrini, mədəniyyətini özündə əks etdirir. Azərbaycan dili xalqımızın özünütəsdiq imkanı, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ona görə də ümumişlək ünsiyyət vasitəsinə çevrilmiş dilimizin öyrənilməsində, onun qorunub saxlanılmasında hər birimiz səy göstərməliyik. Ana dilimizin qorunması və qayğı ilə əhatə olunması hər bir vətəndaşın müqəddəs amalına çevrilməlidir.
“Şərq qapısı”