Ermənilər əsrlər boyu Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmaq istəyiblər. Bu istəklərini həm azərbaycanlıların soyqırımı, həm müharibə, həm də digər qanunsuz yollarla həyata keçirməyə cəhd göstəriblər. Ötən dövrlərin tarixi araşdırmaları bir daha sübut edir ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması planları erməni siyasət dəllalları ilə çar Rusiyasının yuxarı eşalonunda təmsil olunan nümayəndələri tərəfindən I Pyotrun hakimiyyəti dövründən sonra planlaşdırılan siyasət idi. Tarix üzrə fəlsəfə doktoru Gültəkin Nəcəflinin bu mövzuda yazdığı və “İrs” jurnalında dərc olunan məqaləsini təqdim edirik.
XVIII əsrin 60-cı illərində Həmədandan olan erməni İosif Emin “birləşmiş erməni-gürcü dövləti”nin yaradılması layihəsi ilə çıxış etdi. Layihədə Qarabağ xanlığının xristian məlikləri erməni dövlətçiliyinin yeganə varisləri kimi təqdim edilir, gürcü çarı II İraklinin başçılığı altında erməni-gürcü ordusunun yaradılması ideyası irəli sürülürdü. Bu ideyanın reallaşdırılması üçün İ.Emin 1758-ci ildə İngiltərə hökumətini faktiki idarə edən nazir Uilyam Pittlə görüşə bildi, lakin ondan dəstək ala bilmədi.
Çünki bu layihə Britaniyanın maraqlarına cavab vermirdi. C.Ananyanın qeyd etdiyi kimi, İngiltərə üçün Türkiyə və İranla müttəfiqlik münasibətlərinin saxlanılması daha zəruri idi. Qərbdə dəstək qazana bilməyən İ.Emin öz sələfi İsrail Ori kimi Rusiyaya müraciət etmək qərarına gəldi. İngiltərədəki Rusiya səfirinin dəstəyi ilə 1761-ci ilin noyabrında o, Rusiyaya gəldi. Burada İngiltərə səfiri Robert Keyt və gürcü çarı II Teymurazla birlikdə kansler qraf Vorontsov tərəfindən qəbul edildi. Qüdrətli Rusiya imperiyasının protektoratlığı altında iki kiçik xalqın təhlükəsizliyinin mühüm qarantı kimi “birləşmiş gürcü-erməni dövlətinin yaradılması” layihəsi Vorontsovda maraq doğurdu. İmperatriçə Yelizavta “Cənubi Qafqazda erməni dövlətinin yaradılması Türkiyə ilə müharibə şəraitində olan Rusiya üçün xüsusi əhəmiyyət kəsb edərdi” fikrini söyləyərək bu layihəni rəğbətlə qarşıladı. Vorontsovun təqdimatı ilə İ.Emin II İraklinin yanına göndərildi. İ.Eminə görə, “II İrakli gürcü taxt-tacını tutmuş mənşəcə qədim erməni sülaləsi Baqratidlər nəslindəndir”.
Tarixçi A.İoannisyan yazırdı ki, “Ermənistanın azad edilməsi işində gürcü dövləti mühüm rol oynaya bilərdi. Əhalisinin daha çoxu erməni olan Tiflis şəhəri ... mübarizə mərkəzi ola bilərdi”. Halbuki ingilis tarixçisi, gürcüşünas V.Alenin məlumatlarına görə, o dövrdə Tiflisdə yaşayan gürcülər, tatarlar (azərbaycanlılar) və ermənilər bərabər nisbətdə idilər. 1763-cü ilin yazında Kartli-Kaxeti çarı II İrakli İmeretiya çarı Solomon, habelə Qanzasar (Alban) patriarxı tərəfindən qəbul edildi. O, Qarabağın bir neçə xristian məliyi və İrəvan xanlığından olan ermənilərlə əlaqə yarada bilsə də, bu görüşlərdən bir nəticə hasil olmadı. Çünki II İrakli ermənilərin xatirinə Osmanlı imperiyası ilə konfliktə gedə bilməzdi. Eminin “Rusiyanın himayəsi altında federativ erməni-gürcü dövlətinin” yaradılmasına bəslədiyi ümidlər puça çıxdı.
Qeyd edilməlidir ki, “vahid gürcü-erməni dövlətinin” yaradılması planında İ.Emin tərəfindən Kartli-Kaxeti çarlığına istinad edilməsi həmin dövrdə Cənubi Qafqazda erməni əhalisinin azsaylı olmasına bir daha dəlalət edirdi. Əks təqdirdə, ermənilər ayrıca erməni dövlətinin yaradılmasında baza rolunu oynaya bilərdilər.
XVIII əsrin 60-cı illərinin sonlarından başlayaraq imkanlı ermənilər (Lazarev, Kampanov, Manuçarov, Sarafov və başqaları) Rusiyanın Moskva və Peterburq kimi böyük şəhərlərinə köçməyə başladılar. Onlar burada məskunlaşaraq iri torpaq sahələrinə yiyələnir, manufakturalar açır, hətta rus zadəgan titulları da əldə edirdilər. Digər bir tərəfdən, onlar “Üçmüəzzin katalikosu və Qarabağın xristian məlikləri ilə Rusiya hakimiyyət dairələri arasında vasitəçi rolunu oynayırdılar”.
1768-1774-cü illər Rus-türk müharibəsində qələbədən və Kiçik Kaynarca sülh müqaviləsi (iyun 1774) imzalandıqdan sonra əlverişli şərtlərə yiyələnən Rusiya özünün Şərq siyasətini aktivləşdirməyə başlayır. Müharibə dövründə Həştərxan, Peterburq və Moskva erməniləri arasında Həştərxandakı tikiş manufakturasının sahibi Moisey Sarafovun (Movses Sarafyanın) Rusiyanın köməyi ilə “Ermənistanın azad edilməsi” ideyaları geniş şəkildə təbliğ edilirdi. 1769-cu ildə M.Sarafov imkanlı ermənilərin bir qrupu ilə birlikdə Rusiya Xarici İşlər Kollegiyasına “Ermənistanın azad edilməsi” və “Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması” layihəsini təqdim etdi. Rus qoşunları və gürcü qüvvələri ilə yanaşı, erməni könüllü dəstələrinin də iştirakı ilə “Ermənistan və Gürcüstan”a hərbi yürüşün təşkili bu planın başlıca ideyası idi. Bu plan Cənubi Qafqazda işğalçılıq siyasətini fəallaşdıran və ermənilərin həm maddi dəstəyinə, həm də vasitəçiliyinə ehtiyac duyan Rusiyanın istəklərinə cavab verirdi.
Rusiyada ermənilərin hamisi olan, zadəgan titulu əldə etmiş İvan Lazareviç Lazarev (Ovanes Aqazaroviç Lazaryan) Rusiyada erməni kilsəsinin başçısı arxiyepiskop İosif Arqutinski ilə yaxın münasibətlərdə idi. Rusiyanın bir sıra yüksək vəzifəli şəxslərinin, o cümlədən Q.A.Potyomkin, general A.V.Suvorov, kansler A.A.Bezborodkonun rəğbətini qazanan Lazarev Rusiyanın köməyi ilə və protektoratlığı altında erməni dövlətinin yaradılması ideyasını fəal şəkildə təbliğ edirdi.
1779-cu il avqustun 5-də İ.Arqutinski və İ.Lazarev Moskvadan Peterburqa gəldilər. Burada erməni kilsəsinin tikintisi başa çatmaq üzrə idi. Q.A.Potyomkin onlarla iki saat söhbət etdi, ertəsi gün Preobrajenski kilsəsində onları II Yekaterinaya təqdim etdi. 1780-ci il yanvar ayının əvvəllərində İ.Arqutinski və İ.Lazarev “mühüm məxfi dövlət işləri”ni müzakirə etmək üçün generallar – İvan Qoriç və Aleksandr Suvorovun yanına çağırıldılar. Onlar Xəzərətrafı vilayətlərə yürüşə hazırlaşan rus komandanlığına Cənubi Qafqaz şəhərləri haqqında, onlar arasındakı məsafə, ayrı-ayrı hakimlərin qoşunlarının sayı barəsində məlumat verdilər. 10 yanvar 1780-ci il tarixdə İ.Lazarev A.V.Suvorova “Ermənilər yaşayan ərazilərdəki siyasi vəziyyət və erməni dövlətinin bərpa edilməsi tədbirləri” haqqında məruzəni təqdim etdi. “İrəvanda ayrıca erməni dövlətinin yaradılması və böyük Ermənistanın bərpa edilməsi” ideyasının müzakirəsi gedişində knyaz Q.A.Potyomkinə “Qədim erməni ərazisi” adlanan saxta xəritə təqdim edildi. İ.Arqutinski və İ.Lazarev tərəfindən təqdim edilmiş “Ermənistan” və Cənubi Qafqaz haqqında obyektivlikdən uzaq informasiya Suvorova cəlbedici göründü. O, belə bir bəyanatla çıxış etdi ki, “erməni dövlətinin bərpa edilməsi” məsələsində “Rusiya ciddi addımlar atmaq fikrindədir”. A.İoannisyan Lazarevin məruzəsini belə şərh edirdi: “Bu məruzədə göstərilir ki, Ermənistan hərçənd ki, öz dövlətçiliyindən bir neçə əsr əvvəl məhrum olub, lakin qarabağlılar indiyədək müstəqildirlər və öz milləti içərisində istənilən başçı olduğu halda Ermənistan asanlıqla bərpa oluna bilər. Əgər xalqın seçimi və ya əlahəzrətin lütfü ilə millətin içindən bir başçı ortaya çıxarılarsa, bu, ilkin olaraq kifayət edər ki, o, Dərbənddə möhkəmlənsin. Şamaxı və Gəncəyə yiyələnmək üçün ona köməklik edilərsə, onda, heç şübhəsiz, Qarabağ və Sığnaq da birləşəcəkdir. Kifayət qədər qoşun toplamaqla İrəvanı və digər şəhərləri ələ keçirmək asan olar. Bunun üçün yalnız ilkin düşərgə, iki və yaxud üç minə qədər qoşun üçün ikiillik ehtiyat zəruridir. Bu əyalətlər ələ keçirildikdən sonra erməni “rəis” onların gəlirləri ilə “xeyli miqdarda qoşun” saxlaya bilər. Bununla belə, onun sərəncamında gələcəkdə də milli ordunu “nizami bilgilərlə” təlimləndirmək üçün müəyyən miqdarda rus piyadaları, habelə topçular olmalıdır. Bütün bu tədbirlər asanlıqla həyata keçirilə bilər və bu nəinki Rusiyanın şöhrətini yüksəldər, həm də Türkiyə dövləti və İranı xeyli dərəcədə sıxıntıya salar. Ermənistan öz sərhədlərini daha da genişləndirdikdən sonra öz gəlirləri ilə 15-20 minlik qoşun saxlaya bilər, türklərə və başqa birisinə qarşı müharibə olacağı təqdirdə 60 min nəfərdən artıq bir ordunu ortaya çıxara bilər”.
İ.Lazarevin layihəsində Azərbaycan xanlıqlarının torpaqlarında Rusiyanın himayəsi altında erməni dövləti yaratmaq ideyası əks olunurdu. O ki qaldı layihədəki fantastik dərəcədə şişirdilmiş rəqəmlərə, bu yalnız Rusiya hakim dairələrinə xoş gəlsin deyə, edilən hiyləgərlik cəhdi idi. İ.Lazarevin layihəsi təkcə Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaqla məhdudlaşmırdı, o həm də gələcəkdə onu genişləndirməyi nəzərdə tuturdu. Lazarev “Türklərə məxsus ərazilər hesabına Ermənistan sərhədlərinin sonrakı genişləndirilməsinin mümkünlüyünü heç də gizlətmirdi”.
Erməni tarixçilərinin “məşhur maarifçi, publisist və İosif Eminin ideyalarının davamçısı” kimi səciyyələndirdiyi Movses Baqramyan özünün “Yeni kitab və yaxud öyüd-nəsihət” (Madras, 1773) kitabında belə bir fikir söyləyir ki, dünyaya səpələnmiş ermənilərin vətəni ola biləcək “erməni dövlətini” bərpa etməyin yeganə yolu silahlı üsyandır. Cənubi Qafqazda erməni dövləti yaratmaq üçün sosial-iqtisadi və etnoqrafik zəminin olmaması şəraitində Baqramyanın proqramının reallaşdırılması Rusiyanın hərbi müdaxiləsi olmadan mümkün deyildi. Məsələnin bu cür radikal şəkildə qoyuluşunun məqsədi Osmanlı imperiyası ilə müharibə şəraitində olan Rusiyanın diqqətini “erməni məsələsinə” cəlb etməkdən ibarət idi.
Özgə torpaqlarında erməni dövləti yaratmaq ideyasının fəal tərəfdarlarından biri kimi Rusiyada erməni kilsəsinin arxiyepiskopu, Üçmüəzzin monastr məktəbinin məzunu İosif Arqutinski (Xovsen Arqutyan) çıxış edirdi. 1773-cü ildə o, yeparxiyanın keşişi kimi Rusiyaya göndərilmiş və hakimiyyət dairələri tərəfindən ermənilərin rəsmi nümayəndəsi kimi qəbul edilmişdi.
Tarixçi Esat Uras yazırdı: “1769-cu ildə rus qoşunları Bizansı (Bizansın keçmiş torpaqları, o vaxtkı Osmanlı əraziləri nəzərdə tutulur) ələ keçirib, onu xristianlığın mərkəzinə çevirməyə çalışırdı. Bu plana ermənilər laqeyd qala bilməzdilər. Məhz belə şəraitdə katalikos Xovsen Arqutyan Rusiyanın hakim dairələrinə erməni dövlətinin yaradılması layihəsini təqdim etmişdi. Layihə “Rusiya ilə qonşu müsəlman dövlətləri arasında sipər rolunda çıxış edəcək xristian dövlətinin – Ararat krallığının yaradılmasını” nəzərdə tuturdu. İ.Arqutinskinin layihəsi Rusiya hakimiyyətinə 1768-1774-cü illər rus-türk müharibəsindən dərhal sonra təqdim edilmişdi və o, müharibənin nəticələrinə hesablanmışdı. Qeyd etmək lazımdır ki, 1774-cü il qələbəsindən sonra Rusiyada Cənubi Qafqaza maraq xeyli güclənmişdi, 1779-cu ildə isə bu regiona hərbi yürüş planı qəbul edilmişdi.
1780-ci ilin fevralında Peterburqda başda knyaz Q.A.Potyomkin olmaqla rus ali dairəsinin iştirakı ilə müqəddəs Yekaterinanın şərəfinə ucaldılmış yeni erməni kilsəsinin açılışı oldu. Əvvəlcədən rus dilinə tərcümə edilərək çap olunmuş və iştirakçılara paylanılmış moizə ilə çıxış edən arxiyepiskop İ.Arqutinski erməni xalqının “dözülməz və dəhşətli dövrünü” qabardaraq erməni tarixinin icmalını verirdi. “Lakin şanlı-şöhrətli Rusiya ölkəsindən öz lütfünü əsirgəməyən Allah Böyük Pyotrda bədbəxt Haykanlar ölkəsinə mərhəmət hissini oyatmışdı. Bu istəklər həyata keçirilmədi, lakin Allah Yekaterinanın simasında layiqli varis göndərdi ki, o da erməni xalqını öz himayəsi altına qəbul etdi”.
XVII əsrin 70-ci illərindən başlayaraq Madrasda Şaamir Şaamiryanın rəhbərliyi altında ermənilərin məskunlaşdığı torpaqların azad edilməsi və müstəqil erməni dövlətinin yaradılmasını təbliğ edən qrup yaradılmışdı. Hindistandan olan erməni Şaamiryan tərəfindən bu dövlətin siyasi quruluşu məsələlərinə dair layihə hazırlanmışdı: gələcək “müstəqil erməni dövləti”nin başında çar durmalı, Rusiya ilə əbədi saziş imzalamalı və Peterburqda daimi nümayəndəlik açılmalı idi.
1773-cü ildə işıq üzü görən kitabında Ş.Şaamiryan erməni xalqının tarixi və coğrafiyasını məharətlə saxtalaşdırmışdı. O, Üçmüəzzin katalikosuna və Qarabağ məliklərinə ünvanladığı məktubunda erməni dövlətini yaratmaq işində onları daha fəal iştirak etməyə çağırırdı. Şaamiryan katalikos Simeona ermənilərin məskunlaşdığı torpaqların “azad edilməsi” uğrunda mübarizə üçün fəaliyyət proqramını əks etdirən məktub göndərmişdi. Məktubda “Hər şeydən öncə, gürcü çarı İrakli və Qarabağ məliklərinin birləşməsinə nail olmaq zərurəti” və rus imperatriçəsinə xüsusi müraciət etmək təklifi diqqəti cəlb edir. Katalikosa “Erməni əhalisini siyahıya almaq, azadlıq mübarizəsini maliyyələşdirmək üçün pul toplamaq və hərbi iş təlimini həyata keçirmək, yəni üsyan hazırlamaq” təklif olunurdu. Ş.Şaamiryan Qarabağın xristian məlikləri ilə də yazışırdı. O, Alban katalikosu İosifə erməni katalikosuna yazdığı məzmunca eyni olan məktubla bərabər, hədiyyə olaraq tüfəng və tapançalar da göndərmişdi. Ş.Şaamiryanın ideyası kilsənin vəsaiti hesabına ermənilərin məskunlaşdığı bütün torpaqlarda (Kiçik Asiyanın şərqindəki, şimali İrandakı və İrəvan xanlığının bəzi rayonlarındakı torpaqlarda) üsyanlar təşkil etməyi nəzərdə tuturdu. Cənubi Qafqazın erməni əhalisinin azsaylı olmasını nəzərə alaraq, o, Alban katalikosu və Qarabağın xristian məliklərini də bu mübarizəyə cəlb etməyi planlaşdırırdı. O, bu planların reallaşdırılmasında ermənilərə kömək edə biləcək yeganə qüvvəni Rusiya imperiyasının simasında görürdü. Madrasda erməni dərnəyi iki hissə və 152 maddədən ibarət olan konstitusiyanın layihəsini çap etmişdi: gələcək dövlət ya respublika, ya da İngiltərə nümunəsində konstitusiyalı monarxiya olmalı idi.
Simeonun varisi katalikos Qukas Cənubi Qafqazdakı hadisələr haqqında Şaamiryanı məlumatlandırdı. Cavab məktubunda erməni ideoloqu onu öz əqidəsinə görə, yalnız “milli üsyan”ın təşkili yolu ilə həyata keçirilə biləcək ermənilərin azadlığı uğrunda mübarizədə kifayət dərəcədə fəallıq göstərməməsinə görə qınayırdı. Bu məsələdə Ş.Şaamiryan İraklinin və “Böyük şimal dövləti”-Rusiyanın köməkliyinə ümidlər bəsləyirdi. 1783-cü ildə şimali Gürcüstanın Rusiya protektoratlığını qəbul etməsini təsbit edən Georgi traktatının imzalanmasından xəbər tutan Ş.Şaamiryan növbəti məktubunda II İrakliyə qızıl tac, gürcü-erməni ittifaqı rəmzlərinin təsviri olan brilyantlarla bəzədilmiş qızıl orden göndərir. Şaamiryan Kartli-Kaxeti çarlığının Rusiyanın himayəsinə qəbul edilməsini öz planlarının həyata keçirilməsi üçün əlverişli şans kimi dəyərləndirirdi. Qeyd etmək lazımdır ki, I Pyotrun epoxasından üzübəri erməni xadimləri erməni dövləti yaratmaq məqsədilə təsir imkanı olan şəxslərin ələ alınmasından tez-tez istifadə edirdilər. Rus və gürcü xadimlərinə verilən bahalı hədiyyələr içərisində vaxtı ilə müsəlman-türk hökmdarlarına məxsus olmuş və müxtəlif yollarla ələ keçirilmiş bahalı əşyalar da var idi. 1784-1785-ci illərdə Ş.Şaamiryan katalikos Qukas vasitəsilə Qarabağ məlikləri və II İrakliyə öz ideya və planlarını əks etdirən işləri, o cümlədən çap etdirdikləri saxta erməni dövlətinin xəritəsini yolladı. Azərbaycan torpaqlarında erməni dövlətini yaratmaq üçün Şaamiryan Rusiyanın ən yüksək hakim dairələri ilə də əlaqələrin qaydaya salınmasına çalışırdı. O, Madras ermənilərinə hətta təklif edirdi ki, Kizlərə köçüb Rusiya təbəəliyini qəbul etsinlər. Ş.Şaamiryan tərəfindən 19 bənddən ibarət olan “Rus-erməni müqaviləsinin layihəsi” tərtib edilmişdi.
İ.İoannisyan belə yazır: “erməni-rus müqaviləsi”nin (20 bənd) İ.Arqutinski tərəfindən Rusiya hakimiyyətinə təqdim edilmiş ikinci variantı Şaamiryanın 1 yanvar 1786-cı il tarixdə ona ünvanladığı məktubda öz əksini tapmış layihəsindən istifadə edilməklə tərtib edilmişdi. İ.Arqutinski bütün tarixləri dəyişərək layihəni öz adından təqdim etmişdi. Bununla bağlı rus qafqazşünası V.Veliçko tərəfindən İ.Arqutinskiyə verilmiş xarakteristikanı xatırlamamaq mümkün deyil: “Adıçəkilən arxiyepiskopun müasiri P.Q.Butkov İosifin son dərəcə mənsəbpərəst olduğunu təsdiqləyərək göstərir ki, o guya öz qohumunu Ermənistanın çarı etməyə hazırlaşırdı və bunun üçün hətta çar tacı da hazırlamışdı. Hələ Rusiyada olarkən, Arqutinski-Dolqoruki Üçmüəzzin patriaxı taxtına əyləşməyə hazırlaşarkən, o, patriarx libasında qravüralı portretini də sifariş etmişdi”.
Arqutinskinin layihəsinə görə, erməni hökmdarları mənşəcə erməni olmalı və erməni-qriqoryan kilsəsinə mənsub olmalıdırlar; ermənilərin müdafiəsi üçün dövlətin ərazisində 20 il müddətində rus qoşunları yerləşdirilməlidir.
Təsvir olunan iki layihə bir-birindən gələcək erməni dövlətinin Rusiya imperiyasından hansı formada asılı olacağı bəndi ilə fərqlənir. İ.Arqutinskinin layihəsi erməni dövlətinin Rusiyadan birbaşa vassal asılılığını, hətta erməni çarının imperator tərəfindən təyin olunmasını və daimi rus hərbi kontingentinin yerləşdirilməsini nəzərdə tuturdu. Ş.Şaamiryanın layihəsində isə Rusiyadan asılılıq illik xərcin ödənilməsi və müharibə zamanı müəyyən miqdarda döyüşçülərin verilməsi ilə məhdudlaşırdı. Amma hər iki layihə ümdə məsələdə üst-üstə düşürdü. Həm Ş.Şaamiryan, həm də İ.Arqutinski erməni dövlətini Rusiyanın hərbi köməyilə Azərbaycan torpaqlarında yaratmağı planlaşdırırdı. Layihələr Rusiyanın Şərqə ekspansiyası şəraitində “erməni məsələsinin” aktuallıq kəsb etdiyi dövrdə ortaya çıxmışdı. İ.Arqutinskinin layihəsi Rusiya hakim dairələri tərəfindən daha optimal layihə kimi təqdim edilirdi. Görünür, oyuncaq erməni dövlətinin yaradılması Rusiya diplomatiyasının qarşıya qoyduğu vəzifələrin uğurla reallaşdırılması baxımından daha sərfəli idi.
Lakin XVIII əsrin 80-ci illərinin ortalarında vəziyyət bir qədər dəyişildi. Cənubi Qafqazı sülh yolu ilə ələ keçirməyi düşünən Rusiya hökuməti İranın şərqini özünə tabe edərək Əlimurad xanla danışıqlara başladı. “Erməni xadimləri əvvəlki kimi Kartli-Kaxeti çarlığına müəyyən ümidlər bəsləyirdilər. ... Şaamiryan gürcü çarına məktubunda belə bir ümid ifadə edirdi ki, Georgi traktatı sayəsində gürcü və erməni xalqlarını “əsirlik və zülmdən” azad etmək və Rusiyanın köməyilə müstəqil erməni-gürcü dövləti yaratmaq ona müyəssər olacaqdır”.
Cənubi Qafqaza rus qoşunlarının yürüşünü sürətləndirməyə cəhd edən İ.Arqutinski Q.A.Potyomkinə ünvanladığı 10 sentyabr 1784-cü il tarixli məktubunda belə bir məlumat verirdi ki, indi “Ararat əhalisi oyanmışdır və o, knyaz Q.A.Potyomkinin köməkliyi ilə acı əsirlikdən azad olunmaq və süqut etmiş çarlığı bərpa etmək arzusundadır”. Məktubda qeyd olunur ki, “məliklərin himayədarlığa xüsusi şərtlərlə qəbul edilməsi və öz istəklərinə uyğun olaraq, yalnız çar İraklidən asılı qalmaqla onların müstəqilliklərinin tanınması şərti ilə İbrahim xan imperatriçənin himayəsi altına qəbul edilə bilər”. Açıq-aşkar görünür ki, İ.Arqutinskidə Rusiyanın Cənubi Qafqazda hərbi kampaniyaya başlaması fikirlərinə dair ciddi şübhələr yaranmışdı. A.İoannisyanın fikrincə, Qarabağ hökmdarı İbrahimxəlil xanın Rusiyaya müraciətindən xəbər tutan İ.Arqutinski narahat olmuşdu ki, Rusiya hakimiyyəti Qarabağ xanı ilə müqavilə bağlamaqla erməniləri unudacaqdır. Buna görə də Azərbaycan xanlıqlarının çox böyük ərazisini və Osmanlı imperiyasının bir hissəsini əhatə edən “böyük Ermənistan”ın yaradılmasına dair nəhəng planlarla bir il əvvəl çıxış edən İ.Arqutinskinin ambisiyaları indi yalnız İrəvan vilayətinin qərb torpaqları hüdudlarında “erməni çarlığı”nın yaradılması ilə məhdudlaşırdı. İ.Arqutinskinin şübhələri İ.Lazarev və onun qardaşı Minasa həmin ilin oktyabrında yazdığı məktublarında da özünü büruzə verirdi. O, Minasa məktubunda yazırdı ki, “əgər əvvəllər ruslar Ermənistanın azad edilməsi məsələsi ilə maraqlanırdılarsa, indi vəziyyət başqa cürdür: baxmayaraq ki, sərkərdə (P.S.Potyomkin) buna can atır, lakin, görünür, bu işə yuxarılarda soyuqluq vardır. İ.Arqutinski Peterburq ermənilərinin nümayəndəsi S.Saakyana bir il əvvəl tərtib etdiyi 18 bənddən ibarət “rus-erməni müqaviləsi”nin surətini “onu kimə lazımdır, göstərin” xahişi ilə göndərir. İ.Arqutinski knyaz Q.A.Potyomkinin razılığı, daha doğrusu, təşəbbüsü ilə Ş.Şaamiryanın erməni dilində Madrasda iki min tirajla nəşr olunmuş “Yeni kitabı”nın qismən rus dilinə tərcümə edilməsini və çapını təşkil edir. Kitab Peterburqda 1786-cı ildə podporuçik V.Vaqanovun tərcüməsində “Erməni çarlığının qısa tarixi və coğrafi təsviri...” adı altında yenidən nəşr olundu. A.İoannisyanın qeyd etdiyi kimi, heç də təsadüfi deyil ki, ön sözün ardınca yerləşdirilmiş abunəçilərin siyahısına Rusiyanın Cənubi Qafqazda apardığı işğalçılıq siyasətini fəal şəkildə həyata keçirənlərin adları, öz ermənipərəst mövqeləri ilə tanınmış “rus hərbçi, diplomat və siyasətçiləri Bezborodko, Suvorov, Kutuzov, Qoriç, Orlov, A.R.Vorontsov və digərlərinin adları daxil edilmişdi”.
Bununla belə, XVIII əsrin II yarısında Rusiya imperiyasına Cənubi Qafqazda müstəmləkəçilik planlarını reallaşdırmaq müyəssər olmadı və məhz buna görə də Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq layihələri uğursuzluğa düçar oldu.
Gültəkin Nəcəfli
tarix üzrə fəlsəfə doktoru