23 Dekabr 2024, Bazar ertəsi

1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da, muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur.

Naxçıvan polisi tarixi inkişaf yolu keçmiş, fəaliyyəti dövründə böyük təcrübə qazanaraq yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. 1920-1940-cı illərdə Naxçıvan polisi öz mətinliyi ilə sabitliyi və asayişi uğurla təmin etmiş, 1941-1945-ci illər müharibəsi dövründə ön cəbhədə faşistlərə qarşı mərdliklə vuruşmuşdur. 1988-1993-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı da ölkə­mizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Naxçıvan polisi rəşadətlə mübarizə aparmışdır.
Azərbaycanda daxili işlər orqanlarının əsl inkişafı və təşkilatlanması, bu sistemin milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, kadr sisteminin yenilənməsi, zəngin qanunvericilik bazasının yaradılması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığın qarşısının alınması sahəsində görülən işlər daha geniş vüsət almışdır.

Bu dövrdən başlayaraq ulu öndər tərəfindən “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fər­man imzalanmış, “Polis haqqında”, “Əməliy­yat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında” əsasnamələr və digər normativ-hüquqi aktlar qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir. Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur”. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti inkişafın başlıca şərti kimi sabitliyin, əmin-amanlığın təmin olunmasını və hüquq-mühafizə sistemlərinin fəaliyyətinin genişləndirilməsini diqqət mərkəzində saxlayır. Ölkə başçısının rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində bu gün fəxrlə demək olar ki, Azərbaycan polisi öz peşəkarlığı, Vətənə, xalqa və dövlətçiliyə bağlılığı ilə seçilir.
Ölkəmizdə hüquq-mühafizə orqanlarının inkişafı sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarını da əhatə etmişdir. Bu gün muxtar respublikanın daxili işlər orqanları qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələri möhkəmləndirir. Şəxsi heyətin peşə hazırlığı, milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, ötən müddətdə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, nazirliyin inzibati binası da daxil olmaqla bütün ərazi, xətt polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidmətin nümunəvi təşkilinə və operativliyin təmin olunmasına imkan verən müasir avtomobillər və digər texniki avadanlıqlar alınıb gətirilmişdir.
Muxtar respublika daxili işlər orqanlarında xidmət edən əməkdaşların sosial-məişət problemlərinin həllinə də hərtərəfli dövlət qayğısı göstərilir. Bu gün hər bir polis nəfəri yüksək əməkhaqqı və müalicə xərcləri ilə təmin edilir, xidmətdə fərqlənən əməkdaşların əməyi qiymətləndirilir. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşlarının daha böyük səylə çalışmasına, nümunəvi xidmət göstərməsinə stimul verir. Öz işini qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi prinsipləri üzərində quran Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti fəaliyyətini inkişaf etmiş dövlətlərin hüquq-mühafizə orqanlarının qabaqcıl təcrübəsinə, Azərbaycanın dövlətçilik ənənələrinə əsaslanaraq və milli dəyərlərimizin qorunması zəminində uğurla davam etdirir.
Muxtar respublikada cinayətkarlığa qarşı mübarizə sahəsində insan amilinə üstünlük verilməsi, profilaktik tədbirlərin daha effektli və əsaslı şəkildə həyata keçirilməsi müsbət nəticələrin qazanılmasına səbəb olmuşdur. Naxçıvan şəhərinin müxtəlif yerlərində quraşdırılmış təhlükəsizlik kameraları cinayətkar­lığa qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir. Bu kameraların həm profilaktik nöqteyi-nəzərdən, həm də cinayətlərin aşkara çıxarılması, qeydiyyatı və açılması baxımından mühüm əhəmiyyəti vardır. Digər tərəfdən, muxtar respublikanın bütün yaşayış məntəqələrində, ən ucqar dağ kəndlərində belə, əməkdaşların səmərəli fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılmışdır. Görülən tədbirlərin nəticəsidir ki, muxtar respublikada cinayətlərin açılma faizi 100 faizdən aşağı enmir. Artıq muxtar respublikada cinayətlərin sayı 20 il bundan əvvəllə müqayisədə dəfələrlə azalmışdır.
Daxili işlər orqanları əməkdaşları maarifləndirmə işini də daim diqqət mərkəzində saxlayır. Polis əməkdaşları mütəmadi olaraq əhali arasında, xüsusilə də təhsil müəssisələrində maarifləndirici söhbətlər aparır, sakinlərə qanunlarda edilən dəyişikliklər, hüquq və qanun pozuntuları zamanı tətbiq olunan cəza tədbirləri barədə məlumatlar verir, mətbuatda və televiziyalarda çıxışlar edirlər. Bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, Naxçıvanda sağlam cəmiyyət formalaşmış, asayiş təmin olunmuşdur.
Daxili işlər orqanları bundan sonra da muxtar respublikada sabitliyin qorunması üçün səylə çalışacaq, əhaliyə nümunəvi xidmət göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR