Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində maarifləndirici tədbir keçirilib.
Aidiyyəti təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbiri nazir, general-leytenant Şamı Abdullayev açıb. Bildirib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində qanunvericilik bazası təkmilləşdirilib, bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.
“Belə tədbirlərdən biri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yaradılması olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 27 aprel tarixli Fərmanı ilə “Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnaməyə uyğun olaraq, idarə muxtar respublika ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir”, – deyən Şamı Abdullayev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, adıçəkilən idarə 2010-cu ildə yeni inzibati bina ilə təmin olunub.
İdarənin fəaliyyətinin genişləndirilməsi ilə bağlı idarənin tərkibində sektor səlahiyyətli mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılıb və bu günə kimi Türkiyə, İngiltərə, İsveçrə və Rusiya istehsalı olan 98 adda ən müasir sınaq avadanlıqları ilə təchiz olunub.
Qeyd olunub ki, ötən müddət ərzində həmin idarə tərəfindən muxtar respublika ərazisində tikintisi başa çatdırılmış və davam etməkdə olan bina və qurğuların qeydiyyatı aparılıb, mühəndis-geoloji işlərin aparılması ilə bağlı 79 obyekt ərazisindən quyu və şurf qazma üsulu ilə götürülən qrunt nümunələri analizdən keçirilib, müvafiq hesabatlar hazırlanıb. Tikintidə istifadə olunan tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması məqsədilə idarənin mühəndis-geoloji, sement və beton laboratoriyasında 1252 sayda sınaq keçirilib. Keçirilən sınaqlar zamanı 40 adda tikinti materialları nümunəsinin standartların tələblərinə iradlar bildirilib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov məruzəsində adıçəkilən qaydaları izah edib, verilən sualları cavablandırıb.
Məruzə ətrafında müzakirələrdə nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun, Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Emin Qasımovun çıxışları olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Kamil Süleymanov tədbirə yekun vuraraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” barədə danışıb və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işlərdən bəhs edib.
Xəbərlər şöbəsi