Yanvarın 15-də Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində ixtisas kursunu başa vurmuş gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi hissənin zabiti, polkovnik Mənsum Əhmədov çıxış edərək bildirib ki, bu gün gizir hazırlığı kursunu bitirmiş məzunların sayca ikinci, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının ixtisas hazırlığı kursunu bitirmiş məzunların isə sayca yeddinci buraxılışıdır. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində xidmət etmək üçün hərbi hissədə ixtisas hazırlığı keçərək tam kursu bitirmiş gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları sertifikat alaraq təyin olunduqları hərbi hissələrdə xidmətlərini davam etdirəcəklər. Əminik ki, kurs müddətində əldə edilən bilik və bacarıqlar xidmət dövründə daim bugünkü məzunlara yardımçı olacaqdır.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, general-mayor Vasif Kazımov məzunları təbrik edərək bildirib ki, Naxçıvanda peşəkar ordunun yaradılması bu qədim Azərbaycan diyarının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş addımlardandır.
Muxtar respublikada yerləşən hərbi hissələr müasir tələblər səviyyəsində qurulur, yeni əsgər yataqxanaları, əsgəri sosial-məişət kompleksləri, tibb məntəqələri, yeməkxanalar, təlim-tədris mərkəzləri tikilərək Vətənimizin müdafiəsində duran hərbi qulluqçuların istifadəsinə verilir.
Vurğulanıb ki, hazırda Silahlı Qüvvələrimizdə peşəkar hərbi qulluqçuların say tərkibinin artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi qarşımızda duran vacib məsələlərdəndir. Bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığının müasir tələblər səviyyəsində olması ordumuzun uğurlarındandır.
Məzunlar adından çıxış edən gizir Cabir Hüseynov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tariyel Abbasov Vətənə şərəflə xidmət edəcəklərinə, verilən tapşırıqları canla-başla yerinə yetirəcəklərinə söz veriblər.
Sonra məzunlara ixtisas hazırlığı kursu bitirmələri haqda sertifikatlar təqdim olunub.
Sonda hərbi hissənin xüsusi hazırlıq bölməsinin nümunəvi çıxışları təqdim edilib, məzunların tribuna önündən təntənəli keçidi olub.
Xəbərlər şöbəsi