Yanvarın 14-də Naxçıvan Biznes Mərkəzində Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” tərəfdaşı olan “BBTV” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə “Nar Home” adlanan yeni məhsulunu təqdim edib.
Təqdimat mərasimində “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru Kent Maknili çıxış edərək bildirib ki, Azərbaycanın iqtisadi inkişafı informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına da mühüm təsir göstərir. İKT sahəsində hökumətin qarşısında duran vəzifələr Azərbaycan əhalisinə bir çox mütərəqqi və yüksəkkeyfiyyətli telekommunikasiya xidmətlərini münasib qiymətlərlə təmin edən “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin strategiyasında və məhsullarında tam əks olunub. Bildirilib ki, Azərbaycanda analoqu olmayan və genişzolaqlı internetə çıxışı təmin edən “Nar Home” texnologiyası da müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır. Naxçıvan Muxtar Respublikasında DVB-T2 texnologiyası əsasında rəqəmsal efir yayımının başlanması “Nar Home” konsepsiyasının reallaşdırılmasında ilk mərhələdir.
Bu texnologiya rəqəmsal efir yayımında xidmətlərin göstərilməsi sahəsində ən son texnoloji nailiyyətdir və Cənubi Qafqaz regionunda ilk dəfədir ki, tətbiq olunur.
“BBTV” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi nümayəndəsi Səbinə Məmmədli rəqəmsal efir yayımında yeni texnologiyaların tətbiqini muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “BBTV” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16 iyun 2011-ci il tarixli müqaviləyə və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən televiziya yayımı fəaliyyətinə verilən dövlət icazəsinə əsasən, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi istismara tam hazırdır və bu gün istifadəyə veriləcəkdir. Bu xidmət vasitəsilə 67 televiziya proqramı tamaşaçıların ixtiyarına verilir və çox sevindirici haldır ki, Azərbaycanda ilk olaraq Naxçıvan Dövlət Televiziyası efirdə yüksəkkeyfiyyətli HD formatında yayımlanacaqdır.
Qeyd olunub ki, Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun şəkildə inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin nüfuzu və səyi nəticəsində 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının “Türksat” rabitə peyki vasitəsilə yayımlanması həyata keçirilib. Yalnız bundan sonra blokada şəraitində olan Naxçıvan əhalisi Azərbaycan televiziyasını izləmək imkanı əldə edib. Ulu öndər 1996-cı ildə Bakı şəhərində televiziya qülləsinin açılışında 90-cı illərin əvvəllərində Naxçıvanın informasiya blokadasında olmasını xatırlayaraq belə deyirdi: “Orada yaşayan insanların, mən öz həyatımda hiss etdim, bəlkə də su, çörək kimi televiziya verilişlərinə ehtiyacı var idi və günlərlə, aylarla televiziya Naxçıvana çatmayanda insanlar elə bil ki, dünyadan ayrılmış vəziyyətdə idilər”. Ulu öndər tərəfindən müəyyənləşdirilmiş vəzifələr bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, ölkə başçısının tapşırığı ilə 2011-ci ildə “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı” hazırlanıb və ölkə üzrə 2015-ci ilədək rəqəmli televiziya yayımına keçidin başa çatdırılması qərara alınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında televiziya və radioların maddi-texniki bazasının gücləndirilməsinə, ən müasir yayım avadanlıqlarının və texnologiyalarının tətbiqinə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, 2010-cu ildə Naxçıvan televiziyasının və radiosunun bütün texniki avadanlıqları tamamilə yenilənib, burada ən müasir rəqəmsal televiziya sistemi qurulub istifadəyə verilib. Hazırda Naxçıvan televiziyası ölkəmizdə efirdə HD keyfiyyətində yayımlanan ilk televiziya kanalıdır.
“Rəqəmsal televiziya yayımının tətbiqi informasiya cəmiyyətinin keçid dövrünə sosial sifarişidir”, – deyən nazir bildirib ki, rəqəmsal texnologiyanın təsvirin və səsin yüksək keyfiyyəti, bir tezlik kanalı ilə çoxlu sayda televiziya proqramının ötürülmə imkanı, siqnalların daha uzaq məsafəyə yayılması, eyni gücdə analoqvericiyə nisbətən 4 dəfə az enerji sərfiyyatı, tezlik spektrindən daha səmərəli istifadə edilməsi kimi üstünlükləri vardır. Muxtar respublikada rəqəmli televiziya yayımına keçidlə bağlı verilən tapşırığa uyğun olaraq, 2 ildən az bir müddətdə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzi tərəfindən 6 ədəd güclü və 43 ədəd az güclü televiziya vericisi alınaraq radio-televiziya verici stansiyalarında və yaşayış məntəqələrində qurulması təmin edilib. Ötən ilin noyabr ayında test-sınaq işləri başa çatdırılaraq sosial paketdə olan 12 televiziya kanalının muxtar respublikanın bütün ərazisində yayımına başlanılıb. 2014-cü il dekabr ayının 10-dan isə muxtar respublika ərazisində analoq televiziya yayımı tamamilə dayandırılıb. Bundan əlavə, 2010-cu ildən başlayaraq Naxçıvanda yeni nəsil telefon sisteminin istifadəyə verilməsi İP televiziyanın tətbiqinə imkan yaradıb. Hazırda muxtar respublika ərazisinin 65 faizində 64 kanallı İP televiziya ilə əhaliyə xidmət göstərilir. Naxçıvan şəhərində “Evədək optika” layihəsi çərçivəsində optik şəbəkə üzərindən 5 xidmət təşkil edilir ki, bunlardan biri də İP televiziyadır.
“BBTV” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Oleq Popov “Nar Home” məhsulunun əsas cəhətləri və onun Nar abunəçiləri üçün üstünlüklərindən danışıb.
Tədbirdə “BBTV”-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Naxçıvan şəhər sakini İsmayıl Gülməmmədova “BBTV”-nin Naxçıvanda ilk istifadəçisi kimi 1 illik pulsuz hədiyyə paketi təqdim edilib.
Xəbərlər şöbəsi