23 Dekabr 2024, Bazar ertəsi

Bu gün Naxçıvanın inkişafı haqqında çox deyilir, çox danışılır. İstər vaxtaşırı olaraq mərkəzi mətbuatda, istərsə də, heç uzağa getməyək, məhz ötən il dünyanın müxtəlif mətbu orqanlarında regionun hərtərəfli inkişafı ilə bağlı bu diyara səfər edənlərin təəssüratlarını özündə əks etdirən bir sıra yazılar dərc olunub və yayımlanıb. Bu yazıların yaxından təqibçisi kimi deyə bilərəm ki, təəssüratlarda ən çox buradakı hərtərəfli inkişafa – abadlıq-quruculuq işlərinə, təmizliyə, sabitliyə, qonaqpərvərliyə, tarix və mədəniyyətə verilən qiymət daha çox ifadə olunub. 

İndi bəziləri buna adi hal kimi yanaşıb fikirləşə bilər ki, burada qeyri-adi nə var? İqtisadi durumu bir az yaxşı olan istənilən ölkədə və ya regionda tikinti işləri gedə bilər; dünyada təmizliyinə diqqət edilən şəhərlər də var, tarixinə, mədəniyyətinə böyük məhəbbət bəsləyən və bunu əməldə sübut edən xalqlar və millətlər də. İlk baxışda bununla razılaşmaq mümkündür. Yalnız qeyd etdiyimiz kimi, ilk baxışda. Bu baxış bucağının arealını bir az genişləndirsək, tamam başqa təəssüratın sahibi olacağıq.
Qədim Naxçıvan diyarı Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu muxtar dövlətin statusu məlum beynəlxalq sənədlərlə təsdiqlənib və muxtariyyətin yaranmasına əsas səbəb Azərbaycanın əsas ərazilərindən ayrı düşməsi ilə bağlıdır.

Dünya xəritəsində 5,5 min kvadratkilometrlik ərazini özündə birləşdirən bu region mühüm geostrateji əhəmiyyətə malikdir. Coğrafi baxımdan üç xarici ölkə ilə həmsərhəd olan muxtar respublikaya hələ ötən əsrin əvvəllərindən istər Rusiya, İngiltərə, Amerika, istərsə də yaxın qonşu ölkə­lərin maraqları böyük olub. Böyük Türk dünyasını bir-birinə bağlayan, Asiyadan Avropaya uzanan qədim İpək Yolunun üzərində yerləşən Naxçıvanın işğalı imperiya tərkibində olduğu zaman belə, Moskvada daim siyasi masaların əsas müzakirə mövzusu olub. Səbəb isə ondan ibarətdir ki, Naxçıvan böyük imperiyanın şərq sərhədlərindən qərbə doğru uzanan, deməli, eyni zamanda türk dövlətlərini bir-birinə bağlayan böyük zəncirin ən ehtiyat olunan son halqası idi. Region əhalisinin istər ötən əsrin əvvəllərində Naxçıvanın Ermənistan hakimiyyətinə verilməsi təklifinə qarşı sərt müqaviməti, istərsə də imperiyanın çöküşünə, sözün həqiqi mənasında, buradan başlanması Naxçıvanın həssas bir bölgəyə sahib olduğunu göstərirdi. SSRİ kimi nəhəng imperiyanın toxunulmaz sərhədlərinə ilk dəfə Naxçıvanda toxunulması, imperiyanın tərkibindən çıxmaq haqqında bu torpaqda qəbul olunan qərar Naxçıvanı sovetlərin əsl qorxulu kabusuna çevirmişdi. Həmin çətin dövrlərdə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Naxçıvanın qorunub saxlanılması, heç bir kömək olmadan yerli əhalinin daxili gücü hesabına düşmənə layiqli cavab verilməsi bu qədim diyarın varlığını davam etdirməsinə imkan verdi. Naxçıvan yaşadı, inkişaf etdi, çox qısa zamanda Azərbaycanın lider regionuna çevrildi. Bəs Naxçıvan buna hansı şəraitdə və hansı təbii şərtlərlə nail ola bildi?
Yenə ən yaxın tarixə baxaq. Hamı­mıza məlumdur ki, 1993-cü ildə Azərbaycandakı ictimai-siyasi vəziyyətin ən gərgin dövründə xalqımız ümummilli lider Heydər Əliyevi öz rəhbəri görmək istəyirdi. Heydər Əliyevsiz Azərbaycanın məhvə düçar olacağını düşünən xalq kütlələri (bu kütlə içərisində ziyalılar daha çox idi) nə yolla olursa olsun, bu məhvolmanın qarşısını almağa çalışırdı. Ümummilli liderimiz xalqın təkidli tələbindən sonra ölkəmizdə siyasi hakimiyyətə qayıtdı, xilaskarlıq missiyasını həyata keçirdi. Amma geridə 1988-ci ildən düşünülmüş şəkildə blokada vəziyyətinə salınmış, yalnız hava nəqliyyatı ilə Azərbaycanla əlaqə saxlanılması mümkün olan bir məmləkət qalırdı. Yaxın illərdə bu regiona rəhbərlik edəcək şəxsiyyət, sözün əsl mənasında, Naxçıvanı sevən və bu sevgi üçün bütün çətin sədləri yıxacaq bir rəhbər olmalı idi. Çünki bu rəhbərin qarşısında blokada imkansızlığından yeni imkanların yaradılmasınadək, qonşu dövlətlərlə atılmış qarşılıqlı addımların ən yüksək əlaqələrə malikliyinədək, yeni təşəkkül tapmaqda olan hərbi hissələrlə muxtar respublikanın sərhədlərinin mükəmməl qorunmasınadək və adlarını sadalamadığımız bir çox sahələrin dirçəldilməsinədək böyük vəzifələr dururdu. Özü də bu vəzifələr blokada şəraitində öz həllini tapmalı idi. Təbii ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin böyük və uzaqgörən siyasi təfəkkürü­­nün nəticəsində 20 il bundan əvvəl reallaşdı.
Statistik mənbələrə varmadan qeyd etmək istərdik ki, ötən müddət ərzində muxtar respublikada istifadəyə verilən yüzlərlə təhsil və səhiyyə müəssisəsi, inzibati və yaşayış binaları, abadlığı və gözəlliyi ilə bir-birilə yarışa girmiş kənd yaşayış məntəqələri, tikilən və ya yenidən qurulan məscidlər, bərpa və restavrasiya olunan tarixi abidələr, yenidən qurulan müasir yollar və körpülər, salınan minlərlə hektar yaşıllıqlar, yaradılan çoxsaylı istehsal müəssisələri, əhalinin istifadəsinə verilmiş rahat və müasir nəqliyyat, mavi yanacaq, işıq, içməli su və sair bu diyarın sakinlərinin istifadəsi üçün fasiləsiz fəaliyyətdədir. Ən əsası isə odur ki, bu kompleks inkişaf insanların düşüncəsinə də təsirsiz ötüşməyib. Məsələn, bu diyarın insanları təmizliyə hər zaman diqqət edirlər. Çünki insanlar buna adət ediblər. Bu diyarda cinayət hadisələri, demək olar ki, baş vermir. Çünki insanlar buna meyilli deyillər. Bu diyarda insanlar dini və milli dəyərlərə böyük önəm verirlər. Çünki bu dəyərlər qarşısında vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamı bərabər hesab olunur. Bu diyara gələn qonaq böyük hörmətlə qəbul olunur. Çünki kimliyindən asılı olmayaraq, istənilən qonağa, hətta rəsmi olsa da, fərdi yanaşma ortaya qoyulur.
İndi isə yazının əvvəlindəki suala qayıdaq. Dünyanın istənilən ölkəsində və ya bölgəsində inkişafa rast gəlmək mümkündür. Ancaq yuxarıda sadaladığımız tərəflər də daxil, inkişaf edən belə bir regiona rast gəlmək çətindir. Ən inkişaf etmiş dünya şəhərlərinin belə, müasir dövrdə terrordan, dini zəmində qarşıdurmadan, ən azından, məhəllə xarakterli cinayət hadisələrindən sığortalanmadığını nəzərə alsaq, Naxçıvandakı inkişafı, üstəgəl blokada şəraitindəki inkişafı möcüzə adlandırmamaq qeyri-mümkündür. Möcüzəni isə “yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda yaratmaq olur...”

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR