23 Dekabr 2024, Bazar ertəsi

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır. Qəlbi Vətən sevgisi ilə döyünən, ömrünü ancaq xalqına və Vətəninə xidmətə həsr edən belə insanlar öz talelərini deyil, xalqın və millətin taleyini yaşayırlar. Əslində isə bu taleyi yaradırlar: xalqa, Vətənə və dövlətçiliyə bağlılıqları ilə.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanların hər biri gərək əsl vətəndaş olsun, vətənpərvər vətəndaş olsun, milli qürur hissi ilə yaşayan vətəndaş olsun. Onda bu vətəndaş dövlətçiliyi inkişaf etdirən vətəndaş olacaqdır”. 1995-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunun əsasında da ƏSL VƏTƏNDAŞIN xalqına və dövlətinə xidmət amalı dayanır. 1960-cı il yanvarın 14-də sadə bir zəhmətkeş ailəsində dünyaya göz açan Vasif Talıbov Heydər Əliyev məktəbində püxtələşərək böyük dövlətçilik yolu keçmişdir. Son 20 ildə Ali Məclisin Sədri tərəfindən bu dövlətçilik yolunun uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunmuş, ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, ideallara sədaqətlə konkret işin vəhdəti yaradılmışdır.

Bu gün muxtar respublikanın böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər bir kənd, qəsəbə və şəhəri yeniləşmə prosesinin təsiri altındadır. Naxçıvanın coğrafi şəraitinin, mürəkkəb relyef quruluşunun çətinliklərinə baxmayaraq, bu qədim diyarda hər gün bir yeniliyə imza atılır, yeni-yeni layihələr reallaşdırılır. Blokada çətinlikləri unudulmuş, çörək növbəsində gözləmək, qışda soyuqda qalmaq, iş dalınca xaricə üz tutmaq insanların düşüncəsindən silinmiş, həyat normasına çevrilmiş inkişaf isə daha xoşbəxt gələcəyin carçısı olmuşdur.
Muxtar respublikanın keçdiyi inkişaf yolu “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin təcəssümüdür. Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvanda müstəqil Azərbaycan naminə həyata keçirdiyi işlər və əsasını qoyduğu sosial-iqtisadi islahatlar bugünkü davamlı inkişafın təməl daşlarıdır. Növbəti mərhələ isə bu təməli möhkəmləndirmək və insanların firavan həyatını təmin etmək kimi çətin bir missiyadan ibarət idi. Bu missiyanı yerinə yetirmək – taleyüklü proqramlar icra etmək siyasi iradə və cəsarət, torpağa bağlılıq və Vətən sevgisi nəticəsində mümkün olmuşdur.
1995-ci ildən ötən hər il Naxçıvan tarixinə həm də mümkün olmayanın mümkün edildiyi tarix kimi yazılmışdır. Blokada şəraitində böyük iqtisadi uğurlara nail olmaq, ərzaq və enerji təhlükəsizliyini təmin etmək əsl möcüzədir: “Naxçıvan möcüzəsi”. Müasir Azərbaycanın siyasi leksikonuna daxil olan bu ifadə muxtar respublikada əldə olunan hərtərəfli və dinamik inkişafı tam dolğunluğu ilə əks etdirir. Ötən dövrdə muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmiş, 2014-cü ildə Ümumi Daxili Məhsulun həcmi 1995-ci ilə nisbətən 55 dəfə, sənaye məhsulunun həcmi 97 dəfə, əsas kapitala yönəldilən investisiyalar 303 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9 dəfədən, informasiya və rabitə xidmətlərinin həcmi 109 dəfədən çox, ixracın həcmi 211 dəfə, əhalinin gəlirləri isə 56 dəfə artmışdır.
Naxçıvanın inkişafının əsas səbəblərindən biri də qəbul edilən dövlət proqramlarının uğurlu icrasıdır.“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən 3-cü Dövlət Proqramı muxtar respublikanın kompleks inkişafında mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.
Adları sadalanan dövlət proqramlarının uğurlu icrası Naxçıvanda sənayenin və aqrar sahənin kompleks inkişafına səbəb olmuşdur. Əgər 1995-ci ildə muxtar respublikada 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, ötən illərdə onların sayı artaraq 439-a çatdırılmışdır. Bu gün muxtar respublikada gündəlik istehsal gücü min ton olan onlarla iri sənaye müəssisəsi fəaliyyət göstərir. Sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi muxtar respublikada sənaye parklarının da yaradılmasına başlanılmışdır. Digər bir tərəfdən aqrar islahatların həyata keçirilməsi bu sahədə də məhsul istehsalını xeyli artırmışdır. Naxçıvanda torpaq mülkiyyətçiləri və fermerlər üçün yaradılan şərait, qurulan müasir suvarma şəbəkələri kənd təsərrüfatının kompleks inkişafını təmin etmişdir. Nəticədə, bir zamanlar ərzaq tələbatını yalnız idxal hesabına ödəyən Naxçıvanda bu gün həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının ixrac potensialı formalaşmışdır. Hazırda muxtar respublikada 352 növdə məhsul istehsal edilir, 107-si ərzaq və 229-u qeyri-ərzaq olmaqla, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Bu gün Naxçıvanda sənayenin və aqrar sahənin inkişafı yeni sahibkarlar sinfinin yaranmasına səbəb olmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika üzrə Ümumi Daxili Məhsulun həcmində özəl bölmənin xüsusi çəkisi hər il daha da artır. Təkcə ötən bir il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün 33 milyon manatdan artıq kredit verilmiş, 47 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Artıq naxçıvanlı sahibkarlar ölkədə və dünyada kiçik biznes və xidmət sahələri ilə deyil, yerli xammal əsasında işləyən holdinq və şirkətlərlə təmsil olunurlar.
Sahibkarlığın inkişafı həm də yeni iş yerlərinin açılmasına stimul vermişdir. Bir vaxtlar muxtar respublikanı tərk edib iş dalınca qonşu ölkələrə üz tutan və əmək normalarına uyğun olmayan şəraitdə çalışan naxçıvanlılar indi öz kəndində, şəhərində, qəsəbəsində, elin dili ilə desək, öz qapısının ağzında sığortalı işlə təmin olunub və yüksək əməkhaqqı alırlar. Təkcə 2014-cü ildə muxtar respublikada 4 minə yaxın yeni iş yerinin açılması bunun daha bir parlaq ifadəsidir. Bu gün həm də Naxçıvana xarici ölkələrdən işçi qüvvəsi gəlir, bu qədim diyara investisiyalar qoyulur, Nuhun diyarı öz inkişafı ilə tarixinin intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın inkişafını yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.
Naxçıvanın tikinti xəritəsi xeyli genişlənmişdir. Bu qədim diyarda hər il qədim və müasir memarlıq məktəbinin elementlərini özündə yaşadan yüzlərlə yeni inzibati binalar, sosial obyektlər, xidmət sahələri tikilərək istifadəyə verilir. Ən ucqar dağ kəndindən tutmuş paytaxt Naxçıvana qədər bütün yaşayış məntəqələrində yaradılan şərait, ilk növbədə, əhalinin rahatlığına xidmət edir. Xatırlatmaq yerinə düşər ki, təkcə 2014-cü ildə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 296 obyekt istifadəyə verilmişdir. Muxtar respublikada quruculuq işləri yeni yaşayış binalarının və fərdi mənzillərin tikilməsi ilə də xarakterizə olunur. Bu gün ailə həyatı quran gənclər mənzil təminatı sahəsindəki çətinliklərlə qarşılaşmırlar. Yeni yaşayış komplekslərinin tikilərək güzəştli şərtlərlə gənc ailələrə verilməsi, sosial qayğıya ehtiyacı olanların fərdi mənzillərlə təmin olunması deyilənləri bir daha təsdiq edir. Əhalinin rifahının yaxşılaşmasının nəticəsidir ki, ötən il muxtar respublikada şəxsi vəsait hesabına, ümumilikdə, 365 min kvadratmetrdən artıq yaşayış sahəsi tikilmişdir. Bu da 1995-ci ildəki müvafiq göstərici ilə müqayisədə 22 dəfə çoxdur.
Söhbət inkişafdan düşmüşkən, muxtar respublikada məskunlaşmanın artımı ilə bağlı bəzi məsələlərə toxunmaq yerinə düşər. Məskunlaşma o yerdə mümkün olur ki, orada insanların rahat yaşayışı və məşğuliyyəti təmin edilsin. Muxtar respublikanın bütün yaşayış məntəqələrində, xüsusilə ən ucqar dağ kəndlərində müasir infrastruktur yaradılmışdır. Evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, telefon, internet xidmətindən istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı müasir məktəbdə təhsil alan hər bir sakin doğma yurd-yuvasına daha sıx tellərlə bağlanmışdır. Bu gün kənd adamları dövlətin güzəştli kreditlərindən bəhrələnir, ucuz qiymətə kənd təsərrüfatı texnikaları alır, öz torpağını əkib-becərir, gün-güzəranını yaxşılaşdırırlar. Lakin iş bununla bitmir. Zəhmətinin bəhrəsi olaraq əldə etdiyi bol məhsulu öz kəndindəki ticarət obyektlərində, rayon mərkəzlərində və şəhərlərdəki müasir bazar komplekslərində rüsum ödəmədən rahat şəkildə satır. Beləliklə, bir tərəfdən kəndlinin rifahı getdikcə yaxşı­laşır, digər tərəfdən də o, ərzaq təhlükəsizliyinin təmin olunmasında öz payının olduğunu hiss edərək daha böyük şövqlə çalışır. Bax bütün bu amillər də muxtar respublikanın yaşayış məntəqələrində, ələlxüsus da kənd­lərdə məskunlaşmanın ilbəil artmasına səbəb olur.
İqtisadi islahatlar o zaman səmərəli olur ki, o, ciddi sosial proqramlarla tamamlansın. Bu gün muxtar respublika iqtisadiyyatında köklü dəyişikliklərə nail olunması makroiqtisadi sabitliyi təmin etməklə bərabər, sosial sahənin inkişafı üçün də möhkəm zəmin yaratmışdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, aztəminatlı təbəqəyə kömək göstərilməsi muxtar respublikada sosial siyasətin başlıca istiqamətlərindəndir. Eyni zamanda bu, insan amilinə də yüksək qayğı və həssaslıq nümunəsidir.
Hər bir cəmiyyətin ən qiymətli sərvəti onun sağlam üzvləridir. Naxçıvanda həyata keçirilən səhiyyə islahatlarının mərkəzində də insan amili dayanır. Müasir səhiyyə infrastrukturunun yaradılması, insanlar arasında səhiyyə maarifi işinin gücləndirilməsi, əhalinin bütün təbəqəsinin lazımi tibbi xidmətlə təmin olunması muxtar respublikada xəstəliklərin səviyyəsinin azalmasına, gələcəyimiz olan gənc nəslin sağlam vətəndaş kimi böyüməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”. Vətən sevgisinin əsası isə məktəbdə qoyulur. Bu səbəbdən də muxtar respublikada məktəb işi həyata keçirilən təhsil islahatlarının əsasını təşkil edir. “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”, – deyən Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada 200-dən artıq məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” və “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları muxtar respublikada elektron təhsilin inkişafına və bütün kateqoriyadan olan vətəndaşların təhsil almasına şərait yaratmışdır.
Muxtar respublikada gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər yalnız müasir təhsil infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Son illər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün güclü sosial-iqtisadi, təşkilati təminatların yaradılması, istedadlı gənclərin üzə çıxarılması, dövlət idarəçiliyində və digər sahələrdə irəli çəkilməsi, idman və gənclər siyasətinin yeni mərhələyə yüksəldilməsi onların ictimai həyatın bütün sahələrində aktivliyinə səbəb olmuşdur. Fiziki inkişaf və asudə vaxtın səmərəli təşkili sağlam həyat tərzi olmaqla yanaşı, həm də gənclərin mənən formalaşması, pis vərdişlərdən uzaq olması deməkdir. Bu gün gənc nəslin idmana cəlbi, idmanın kütləviliyinin təmin olunması sahəsində kompleks işlər görülür, Naxçıvanda beynəlxalq idman yarışları keçirilir, bu qədim diyarın adı dünya çempionatlarında, beynəlxalq arenalarda səslənir, yeni idmançılar nəsli yetişir.
İnkişaf strategiyası milli amillərə, tarixi kökə bağlılıq ruhunda aparılarsa, o, davamlı və çoxşaxəli olar. Muxtar respublikada əldə olunan əsas nailiyyətlərdən biri də Naxçıvan tarixinin ətraflı tədqiq olunması, milli-mənəvi dəyərlərimizin zənginləşdirilərək qorunub yaşadılmasıdır. Muxtar respublikanın qədim tarixinin elmi şəkildə öyrənilməsi, bu məqsədlə beynəlxalq simpozium və konfransların keçirilməsi, dünyanın diqqətinin Naxçıvana yönəldilməsi ciddi nəticələrin qazanılmasına səbəb olmuş, Naxçıvan tarixi ilə bağlı yüzlərlə elmi əsərlər yazılmış, “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildlikləri nəşr olunmuş, Naxçıvanşünaslıq elmi istiqamət kimi tədqiqat mövzusuna çevrilmişdir. 1996-cı ilə qədər alim və tədqiqatçıların Naxçıvan tarixi barədə mülahizə və təklifləri onuncu əsrdən o tərəfə keçmirdisə, hazırda bu qədim diyarın beş minillik tarixi araşdırılır, qədim şəhər mədəniyyəti öyrənilir. Bu gün Naxçıvanda milli dəyərlərimizə, adət-ənənələrimizə sahiblik vardır. Yüz illər boyu formalaşmış mənəvi irsimiz qorunur, öyrənilir, gənc nəsil milli dəyərlərə sədaqət ruhunda böyüdülür və tərbiyə olunur.
Blokada bir çox məsələlərin həllini zəruri edir. Bunların içərisində ordu quruculuğu və müdafiə potensialının gücləndirilməsi mühüm faktordur. Naxçıvanda güclü ordu formalaşmışdır. Muxtar respublikanın sərhədləri etibarlı qorunur. Sakinlər düşmənə layiqincə cavab verəcək Azərbaycan əsgərinə güvənir, arxayın yaşayırlar. İnanırlar ki, bu gün Naxçıvandakı ordu hissə və bölmələri düşmənə hər an layiqli cavab vermək gücündədir. Reallıq isə ondan ibarətdir ki, nə sərhəd kəndində yaşayan sakinlər, nə də bu kəndlərin möhtəşəm turizm potensialından istifadə etmək üçün ora üz tutan qonaqlar əvvəlki kimi narahat deyillər. Çünki bu gün muxtar respublikanın müdafiə istehkamları olan Soyuq bölgəsində, Sədərəkdə, Havuşda və başıqarlı Şahbuz zirvələrində köksünü düşmən həmləsi qarşısında sipər edən Azərbaycan əsgəri dövlətin, xalqın dəstəyini daim öz üzərində hiss edərək torpaqlarımızın etibarlı keşikçilərinə çevrilmişdir.
Son illər Naxçıvanda əldə olunan ən böyük nailiyyətlərdən biri də vətənpərvərlik anlayışının bir məktəb kimi formalaşmasıdır. Vətənpərvərlik – vəzifəsindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər kəsin qanına, ruhuna hopmuşdur. Əslində, bütün sahələrdə müşahidə olunan inkişafın da əsas hərəkətverici qüvvəsi vətənpərvərlikdir. Sözdə yox, əməldə, işdə olan vətənpərvərlik. Bu gün dağda öz sürüsünü otaran çobanın, tarlada alın tərini axıdan əkinçinin, dağların bağrını yararaq yol çəkən mühəndisin, Əlincənin zirvəsində tarixi yenidən yaradan memarın, “Bu gün də döyüş əmrinə hazıram”, – deyən 70 yaşlı veteranın, işğalçı Ermənistanla sərhəd kəndində yaşayan və yumruğunu düyünləyərək “Düşməndən qorxmuram! Möhkəm dayanıb kəndimi qoruyacağam”, – deyən 7 yaşlı uşağın düşüncə və ürəyindəki Vətən sevgisindən başlayır bu vətənpərvərlik.
Muxtar respublikanın bugünkü inkişafı və tərəqqisi bura gələn qonaqların da diqqətini cəlb edir. Təkcə ötən il muxtar respublikada səfərdə olan jurnalist və tədqiqatçılar Naxçıvan barədə 50-yə yaxın məqalə və kitab yazmışlar. Rusiya Federasiyasında yaşayan tarix elmləri doktoru, yazıçı və jurnalist Rudolf İvanov, türkiyəli tarixçi alim, professor İbrahim Ethem Atnur, Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tase, İsrailin Cənubi Qafqaz üzrə tanınmış eksperti Arye Gut, yaponiyalı jurnalist Kazuyasu İşida və onlarla digər xarici nümayəndələr heyranlıqla vəsf etdikləri bu diyarı dünyaya sülhün, sabitliyin, söz və mətbuat azadlığının, dini tolerantlığın, tarixi və mədəni irsə hörmətin, bir sözlə, inkişafın yeni modeli kimi təqdim edir, inkişaf etmiş ölkələrə nümunə göstərirlər. Bütün bunlar Naxçıvanın müasir inkişafı haqqında kənar müşahidəçilərin obyektiv qənaətləridir.
Beləliklə, yaxın keçmişə qayıdıb son 20 ilə nəzər saldıqda hansı çətinliklərdən, hansı mürəkkəb dövrdən bu xoş günlərə gəlib çıxdığımızı görərkən hər birimiz qazanılan uğurlarla qürur duyuruq. Və bir də hər bir naxçıvanlı fəxr edir ki, Naxçıvan artıq ümummilli lideri­miz Heydər Əliyevin vaxtilə görmək istədiyi müasir və daim inkişaf edən Naxçıvandır!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”. Bu gün ölkəmizdə əldə olunan inkişaf dinamikası uzunmüddətli perspektivə hesablanmışdır. İcrasına başlanılan hər bir layihə, sadəcə, bu gün üçün deyil, yüz illər bundan sonra da Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafını təmin edəcəkdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR