Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət-din münasibətlərinin nizamlanması sahəsində ardıcıl işlər aparılır. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü il avqustun 20-də “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası yaradılmış, şəhər və rayon İcra hakimiyyətləri üzrə müvafiq komissiyaların yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. Ötən dövrdə bu tapşırığa uyğun olaraq, şəhər və rayon İcra hakimiyyətləri üzrə müvafiq komissiyalar yaradılmış, həmin komissiyaların üzvləri ilə 2014-cü il sentyabrın 29-da Naxçıvan şəhərində görüş keçirilmiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Komissiya hesabat dövründə muxtar respublikada dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra tədbirlər həyata keçirmiş, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində fəaliyyətini gücləndirmişdir. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi tərəfindən aparılan maarifləndirici söhbətlərin nəticəsində məzhəb ayrı-seçkiliyi salan dini ədəbiyyat və əşyaların muxtar respublika ərazisində yayılması hallarına rast gəlinməmişdir. Hesabat dövründə komissiyanın nümayəndələri rayon və kənd məscidlərindəki mövcud vəziyyətlə də yaxından tanış olmuşlar. Həmçinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay Naxçıvan şəhərindəki Heydər məscidində icma rəhbərləri ilə birgə tədbirlər və maarifləndirici söhbətlər aparılmışdır.
Hesabat dövründə Naxçıvan Dövlət Televiziyasında verilişlər təşkil olunmuş, müxtəlif materiallar hazırlanaraq dini icmalara paylanmış, həmçinin din xadimlərinə “İslam Dininin Əsasları” adlı vəsait verilmişdir. Din xadimlərinin dini biliklərinin artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərindəki Heydər məscidində təkmilləşdirmə kursları təşkil olunmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hesabat dövründə muxtar respublika ərazisində dini mərasim və ayinlər milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd edilmişdir.
Multikulturalizm və dini məsələlərlə bağlı muxtar respublika komissiyasının üzvləri rayonlarda yaradılmış komissiyalarla birgə Kəngərli, Ordubad və Şərur rayonlarında icra nümayəndələri və məktəb direktorlarının iştirakı ilə iclaslar keçirmişdir. Keçirilmiş iclaslarda komissiyanın iş planında nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı məsələlər qarşılıqlı müzakirə olunmuş, multikulturalizmin əhəmiyyəti və dini məsələlərlə bağlı çıxışlar edilmişdir.
Hesabat dövründə şəhər və rayon multikulturalizm və dini məsələlər üzrə komissiyaları tərəfindən Təhsil, Mədəniyyət və Turizm şöbələrinin iştirakı ilə müvafiq tədbirlər həyata keçirilmiş, geniş maarifləndirmə işləri aparılmışdır. Belə ki, Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən dini icma nümayəndələri dini ədəbiyyatlarla təmin olunmuş, ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə “İşğal olunmuş torpaqlarımızın azad edilməsində dövlətimizə yardımçı olaq”, “Multikulturalizm nədir və Azərbaycanda multikulturalizmin inkişafı”, “Milli-mənəvi dəyərlərimizi qorumaq müasir gəncliyin ən mühüm vəzifəsidir”, “Müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı”, “Multikulturalizm mədəniyyətlərin, sivilizasiyaların dialoqunun zəruri alətidir” mövzularında seminarlar keçirilmiş, “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir”, “Multikulturalizm beynəlxalq təcrübədə”, “Multikulturalizmin əsas mahiyyəti və prinsipləri” mövzularında maarifləndirici söhbətlər aparılmışdır.
Bununla yanaşı, komissiya üzvlərinin iştirakı ilə görüşlər keçirilmiş, məscidlərin və dini ibadətgahların qorunmasına, onların yerləşdiyi binaların təmiz saxlanılmasına nəzarət edilmiş, dini bayramların, yas mərasimlərinin milli-mənəvi dəyərlərə və ənənələrə uyğun keçirilməsi təmin olunmuş, butipli mərasimlərin maarifləndirici xarakter almasına, vətənpərvərlik, qəhrəmanlıq, igidlik mövzularında söhbətlərin aparılmasına diqqət artırılmışdır.
Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası 2015-ci ildə fəaliyyətini daha da gücləndirəcək, qarşıya qoyulan vəzifələrin icrasını nəzarətdə saxlayacaqdır.
Naxçıvan Muxtar Respublikasının
Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası