Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı zərurəti reallığa çevriləndə O, 1990-1993-cü illərdə düşmən təcavüzündən və fəlakətlər girdabından xilas etdiyi Naxçıvanı özünün dövlətçilik məktəbinin yeni nəsil nümayəndəsinə etibar etdi. Və məhz bundan sonra Azərbaycanın xilası və inkişafı missiyasını həyata keçirməyə başlayan ümummilli liderin bilavasitə rəhbərliyi altında ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında müstəqilliyin verdiyi real imkanların ümummilli mənafelər naminə səfərbər və istifadə edilməsi kimi mühüm tarixi mərhələ başlandı. Azərbaycan Respublikası öz yoluna – dövlətçiliyin təkamülünün, sosial-iqtisadi inkişafın, elmi-mədəni tərəqqinin Heydər Əliyev yoluna qədəm qoydu.
1995-ci ilin son ayında Naxçıvanda yaranan yeni siyasi şərait çox qısa zamanda öz nəticələrini verməyə başladı. Həm paytaxtın, həm də bütövlükdə, muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi. Bu o dövr idi ki, 1993-1995-ci illərdə ulu öndər tərəfindən ölkədə ictimai-siyasi sabitlik bərqərar edilmiş, 1996-cı ildə isə Azərbaycan iqtisadiyyatında uzun illərdən bəri geriləmənin qarşısı ilk dəfə alınmışdı. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı da məhz həmin ilin ilk aylarından başladı.
“Biz doğma Naxçıvanımızı möhkəmlətməklə ümumi evimiz olan Azərbaycanımızın möhkəmlənməsinə öz töhfəmizi veririk. Muxtar respublikamızı tərəqqiyə qovuşdurmaqla ümummilli liderimizin arzularını həyata keçirir, Heydər Əliyev ideyalarına sədaqətimizi əməli işdə sübut edirik”
Ulu öndərin ölkəmizin düşdüyü ağır siyasi və iqtisadi şəraitin, yerləşdiyi geostrateji regionun və beynəlxalq amillərin sərt müqaviməti şəraitində Azərbaycanda böyük qətiyyətlə həyata keçirdiyi dövlətçilik konsepsiyası və iqtisadi strategiya tezliklə öz bəhrələrini verməyə başladı. XXI əsrin Naxçıvan Muxtar Respublikası müstəqillik dövründə Azərbaycanın iqtisadi regionları içərisində inkişaf etalonuna və qısa müddətdə müasirləşməyin əsl nümunəsinə çevrildi. Yaradılmış dayanıqlı ictimai-siyasi sabitlik şəraitində iqtisadi artım, sosial-mədəni yüksəliş, elmi tərəqqi ilbəil faizlərlə deyil, dəfələrlə artım tempi ilə müşayiət olundu. Böyük ruh yüksəkliyi və heyrətamiz nəticələrlə tarixə yazılan 2013-cü il – “Heydər Əliyev ili”nin ardınca 2014-cü il – “Muxtariyyət ili”ndə də Naxçıvan həyata keçirilən quruculuq işlərı ilə özünün möhtəşəm intibah mənzərəsini qoruyub saxladı və daha da möhkəmləndirdi.
Ötən il Ümumi Daxili Məhsul (ÜDM) istehsalının həcmi 2 milyard 388 milyon manatı ötdü, onun hər bir nəfərə düşən həcmi isə 5459 manat təşkil etdi. Xatırladaq ki, bu rəqəmlər 1995-ci ildəki göstəricidən müvafiq olaraq 55 dəfə və 41 dəfə artıq nəticələrdir. 2014-cü ildə maddi istehsal sektorunun ÜDM-də payının 63, özəl bölmənin xüsusi çəkisinin 87 faiz olması illərdir, dayanıqlı, sabit iqtisadi artımın, özəl sektorun sürətli inkişafının nəticəsi oldu. Ötən ilin sənaye istehsalı ÜDM-də 892 milyon, kənd təsərrüfatı istehsalı isə 355 milyon manatlıq paya sahib oldu, muxtar respublikanın şəhər və rayonlarında 47 yeni istehsal və xidmət sahəsi yaradıldı. Xatırladaq ki, 1995-ci ildə sənaye məhsulunun istehsalı 97 dəfə daha az – cəmi 9 milyon 133 min manat, kənd təsərrüfatı istehsalı isə 9 dəfə daha az – 38,6 milyon manat təşkil edirdi.
Təkcə “Muxtariyyət ili”ndə 296 obyektin tikintisi, yenidən qurulması, təmiri və ya bərpası başa çatdırılaraq istifadəyə verilmişdir. Eyni zamanda müəlliflik hüququ muxtar respublikamıza aid olan kəndlərin spesifik üsulla inkişafı siyasəti ötən il daha 9 kənd və 8 xidmət mərkəzinin istifadəyə verilməsi ilə nəticələnmişdir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi davam etdirilmiş, 73 km uzunluğunda asfalt yollar salınmış, 5 körpü tikilmişdir. İntibah dövründə, bütövlükdə, 105 kənd mərkəzi, 3 qəsəbə, 1 şəhər mərkəzi istifadəyə verilmişdir.
Aparılan sosial-iqtisadi siyasət muxtar respublikamızın xarici ticarət əlaqələrinin həcminin artması və coğrafiyasının genişlənməsi ilə nəticələnmişdir. Ötən il xarici ticarət əməliyyatlarının həcmi 515 milyon 194 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 408 milyon 640 mini ixracın, 106 milyon 554 mini isə idxalın payına düşmüşdür ki, bu da 302 milyon 86 min ABŞ dolları həcmində müsbət saldonun yaranmasına səbəb olmuşdur. Xatırladaq ki, ümumi xarici ticarət dövriyyəsi 1995-ci ildə bundan 27 dəfə az – 19 milyon 24 min, ixracın həcmi isə 211 dəfə az – 1 milyon 937 min ABŞ dolları həcmində idi. Ümumiyyətlə isə xarici ticarətdə müsbət saldoya ilk dəfə 2009-cu ildə nail olunmuş və ötən illərdə bu nəticə yalnız daha da artaraq möhkəmlənmişdir.
“Hər bir ölkənin və ya regionun inkişafı iki mühüm faktordan asılıdır. Onlardan birincisi enerji təhlükəsizliyidirsə, ikincisi ərzaq təhlükəsizliyidir”
Müasir dünyada enerjinin bir sıra iri dövlətlərin toqquşma amilinə, birinin digərinə ən güclü təsir silahına çevrildiyi, ayrı-ayrı ölkələr və xalqlar üçün həyati əhəmiyyət kəsb etdiyi bir vaxtda Naxçıvanın enerji təhlükəsizliyi tam təmin edilmiş, muxtar respublikamız enerji ixracatçısına çevrilmişdir. 2014-cü ildə muxtar respublikanın 90 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə gücü 20,5 meqavat olan “Arpaçay-1” və gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik stansiyalarının istifadəyə verilməsi ilə yaradılan yeni elektrik stansiyalarının sayı 6-ya çatmışdır ki, bu da bölgəmizin elektrik enerjisinə olan tələbatının bərpa olunan enerji mənbələri hesabına ödənilməsinə imkan verir.
2005-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafına, 2008-2015-ci illərdə muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin böyük hissəsi artıq real həyatda öz əksini tapmışdır. Belə ki, hazırda muxtar respublikada 352 növdə (117 ərzaq, 235 qeyri-ərzaq) məhsul istehsal edilir. Artıq 107-si ərzaq və 229-u qeyri-ərzaq olmaqla, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 2014-cü ildə 60 min 829 hektar sahədə əkin aparılmış, 35 min 750 hektar sahədən 103 min 70 ton taxıl, 2962 hektar sahədən 41 min 406 tona yaxın kartof, 6125 hektar sahədən 66 min 731 ton tərəvəz tədarük olunmuşdur. 2014-cü il dekabrın 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında 2015-ci il muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmişdir ki, bu da cari ilin aqrar sahədə daha böyük nailiyyət vəd etdiyinə şübhə yeri qoymur.
“Hər bir xalqın intellektual potensialını formalaşdıran və elmi səviyyəsini yüksəldən əsas sahə təhsildir”
Hər bir cəmiyyətdə təhsilə qoyulan vəsait həmin ölkənin və xalqın gələcəyinə qoyulan ən dəyərli sərmayə hesab olunur. Bu mənada muxtar respublikamızda prioritet olan bu sahə ötən il də bir sıra uğurlarla zəngin olmuşdur. İl ərzində 19 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmiş, həmin təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Bundan başqa, Babək qəsəbəsində 242 yerlik uşaq bağçası, gənclərin müxtəlif peşələrə yiyələnmələri üçün Şərur rayonunda Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi tikilərək istifadəyə verilmişdir. 1996-2014-cü illərdə, ümumiyyətlə, 184 elm və təhsil müəssisəsi tikilmiş, 141 belə müəssisə isə yenidən qurularaq və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı ilə 2014-2015-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində şagirdlərin biliklərinin, milli-mənəvi irsimizə marağının və tədris prosesində əyaniliyin daha da artırılması üçün dərs zamanı muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır.
Təhsil islahatı çərçivəsində görülən tədbirlər nəticəsində 2014-cü ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1725 nəfəri ölkənin ali məktəblərinə, 519 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuş, ali məktəblərə 500-700 arası bal toplayaraq qəbul olunanların sayı 347 nəfər olmuşdur. Müqayisə üçün xatırladaq ki, 2005-ci ildə sonuncu rəqəm 4 dəfə az – cəmi 87 nəfər idi.
Təhsilin inkişafı, öz növbəsində, üzvi surətdə bağlı olduğu elmin də inkişafını şərtləndirir. Bu baxımdan ötən il muxtar respublikamızda elmi müəssisələrin və bu sahənin kadr potensialının inkişafı üçün uğurlu dövr olmuşdur. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasının, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni tədris korpuslarının və sosial obyektlərin tikintisi aparılmışdır.
“Ordu hər bir xalqın güvənc yeri, özünütəsdiq imkanıdır. Tarix dəfələrlə sübut edib ki, peşəkar və güclü ordusu olmayan dövlət uzun müddət öz müstəqilliyini qoruyub saxlaya bilməz”
Muxtar respublikamız coğrafi cəhətdən ana Vətənin əsas hissəsindən ayrı düşdüyündən onun təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi, düşmənin hücum təhlükəsindən daha etibarlı qorunması daim dövlətimizin diqqət mərkəzindədir. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” ölkə Prezidentinin 18 dekabr 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması blokada şəraitindəki muxtar dövlətin hərbi cəhətdən gücləndirilməsi işinə böyük töhfə oldu. Belə ki, ötən il Naxçıvandakı hərbi birləşmələrin sayı və texnikası kəmiyyət və keyfiyyət baxımından artırıldı, onların hərbi arsenalına ən müasir silahlar daxil edildi.
Hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, əsgərlər üçün məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. 2014-cü ildə Kəngərli rayonundakı hərbi hissədə müasir avadanlıq, texnika və qurğularla təchiz olunmuş yeni Təlim-Tədris Mərkəzi və Naxçıvan şəhərində əsgər yataqxanası istifadəyə verilmişdir. Bütövlükdə, intibah dövründə muxtar respublikamızın müdafiə təminatının gücləndirilməsi çərçivəsində 188 obyekt, o cümlədən 17 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq və hərbi hissələrin bölük mərkəzləri üçün 15 bina, 28 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 22 yaşayış binası, 5 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və daha 65 müxtəliftəyinatlı obyekt tikilmiş və ya yenidən qurularaq istifadəyə verilmişdir.
“Görülmüş işlər sübut edir ki, Heydər Əliyev yoluna, onun ideyalarına sədaqət sabitliyin və firavan həyatın təmin olunmasının başlıca meyarıdır”
2013-cü il dekabrın 18-də təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində ötən il ərzində 3523 yeni iş yeri açılmışdır ki, bunun da 97 faizi və ya 3422-si daimi iş yerləridir. Ümumiyyətlə isə intibah dövründə 81851 yeni iş yeri yaradılmışdır ki, bunların da 55171-ni (67,4 faiz) daimi iş yerləri təşkil edir. Bu amil bir tərəfdən əhalinin məşğulluğu siyasətinin mühüm bəhrəsidirsə, digər tərəfdən insanların, xüsusən gənc nəslin faydalı əməyə cəlb olunması baxımından əhəmiyyətlidir.
Muxtar respublikamızın əhalisinin 62,3 faizini 35 yaşadək olan gənc nəsil təşkil edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti cəmiyyətin əsas hərəkətverici qüvvəsinə çevrilən gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını, onların sosial problemlərinin həllini ehtiva edir. Bu məqsədlə 2014-cü ildə ölkə başçısının muxtar respublikaya səfəri zamanı Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmişdir. Hazırda binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yerləşir və müxtəlif uyğun təşkilatlarla birlikdə gənclərin fəallığının artırılması, onların qüvvə və enerjisindən səmərəli istifadə olunması istiqamətində uğurla fəaliyyət göstərir.
Naxçıvan şəhəri artıq bir sıra beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. Bu tədbirlər, əslində, muxtar respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunmasına xidmət etsə də, ölkəmizin beynəlxalq aləmdə təbliği, muxtar respublikamızda turizmin inkişafına stimul yaratmaq baxımından da böyük əhəmiyyət kəsb edir. 2014-cü ildə muxtar respublikanın idman salnaməsinə yeni uğurlar əlavə edilmişdir: Şərur şəhərində Əl Topu Oyunları İdman Meydançası yenidən qurulmuş, “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı, sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnir, ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçirilmişdir.
1996-2014-cü illərdə muxtar respublikamızda 23 idman obyekti tikilmiş, daha 18 belə obyekt yenidənqurma və ya əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Əgər əvvəlki illərdə muxtar respublikanın paytaxtının və ayrı-ayrı yaşayış məntəqələrinin siması daha çox infrastruktur sahələrinin yenidən qurulması, müxtəlif inzibati binaların, sosial obyektlərin müasir mühəndislik nailiyyətlərinə uyğun inşası, tarixi abidələrin bərpası, mövcud yaşayış binalarının yüksək zövqlə üzlənməsi və əsaslı təmiri, küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıqların və gülkarlıqların salınması hesabına dəyişirdisə, artıq bir neçə ildir ki, bu quruculuq siyasətinə ən müasir mənzillərdən ibarət zahirən zövqoxşayan tarixi memarlıq elementləri ilə çağdaş inşaat üslubunun vəhdətində ərsəyə gələn yeni yaşayış binaları da əlavə olunmuşdur.
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” ötən il ərzində muxtar respublika paytaxtında genişmiqyaslı quruculuq və yenidənqurma işlərinin həyata keçirilməsi ilə səciyyəvi oldu. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququ muxtar respublikamızda böyük uğurla həyata keçirilməkdədir. Belə ki, ötən il Naxçıvan şəhərində gənc ailələrin mənzillə təminatının yaxşılaşdırılması məqsədilə “Gənclər şəhərciyi”nin təməli qoyulmuş, 80 mənzildən ibarət yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Şəxsi vəsait hesabına tikilən mənzillərin sahəsi 366 min kvadratmetr olmuşdur ki, bu da 1995-ci illə müqayisədə 21,5 dəfə çoxdur.
Muxtar respublika səhiyyəsinin inkişafı hər bir vətəndaş üçün ölkə Konstitusiyasının verdiyi sağlamlığın qorunması hüququnun gerçəkləşdirilməsinə xidmət edir. Son illərdə Naxçıvanda yaradılmış möhtəşəm səhiyyə infrastrukturu ötən il yeni obyektlər hesabına xeyli zənginləşmişdir. Bütövlükdə, il ərzində 15 səhiyyə obyekti tikilərək və ya yenidən qurularaq insanların sağlamlığına xidmət etməyə başlamışdır. 1996-2014-cü illərdə istifadəyə verilən yeni səhiyyə müəssisələrinin ümumi sayı 179 olmuş, daha 52 belə müəssisə əsaslı bərpadan və ya yenidənqurmadan sonra əhaliyə xidmət etməyə başlamışdır.
2014-cü ildə 537 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 441 minə yaxın ağac və gül kolu əkilmişdir. İndi muxtar respublika ərazisinin 12 faizini yaşıllıqlar təşkil edir ki, bu da əhalinin ekoloji cəhətdən daha sağlam mühitdə yaşamasına şərait yaradır. Xatırladaq ki, bu rəqəm 20 il əvvəl cəmi 0,6 faizə bərabər idi.
Muxtariyyətdə ictimai-siyasi sabitliyin, əhalinin firavan həyatının və sağlamlığının yüksək səviyyədə təmin edilməsi demoqrafik statistikaya və əhali məskunlaşmasına da müsbət təsir göstərmiş, 2014-cü ildə muxtar respublika əhalisinin sayı 1 yanvar 1996-cı ildəki göstəricini 102 min nəfər üstələyərək 439 min nəfəri ötmüşdür.
“Bu gün inkişaf etmiş Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ümummilli liderimizin yaradıcı təliminə, inkişaf modelinə sanballı töhfədir”
Böyük qürur və qətiyyətlə demək olar ki, bu gün Naxçıvan Muxtar Respublikası yalnız ölkəmizin və regionun deyil, bütövlükdə, planetimizin ən təhlükəsiz və kriminogen baxımdan ən sakit ərazisidir. İllərdir, muxtar respublikamızda müvafiq istiqamətdə aparılan tədbirlər insanların ən ümdə konstitusion hüquqlarından olan dinc, təhlükəsiz yaşamaq, mülkiyyət, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, istirahət hüquqlarının təmin edilməsi üçün yüksəksəviyyəli şəraitin yaradılması ilə nəticələnmişdir. Bu tədbirlər bir tərəfdən hüquq-mühafizə orqanlarının iş şəraitinin, maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılırsa, digər tərəfdən cəmiyyətdə hüquq tərbiyəsinin, hüquqi maarifləndirmənin yüksəldilməsi, üçüncü bir tərəfdən iqtisadi inkişafın nəticəsi olaraq, əhalinin məşğulluq səviyyəsinin artırılması və ən nəhayət, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, müxtəlif mədəni-kütləvi tədbirlər və idmanla əhatə olunması sahəsində görülən işlərlə təkmilləşdirilir. Bu baxımdan “Muxtariyyət ili” bölgəmizdə intibahın təntənəsi ilə yanaşı, həm də ictimai-siyasi sabitliyin və təhlükəsizliyin təminatı baxımından əlamətdar bir il olmuşdur.
Ölkəmizdə və onunla həmahəng sürətlə inkişaf edən muxtar respublikamızda yürüdülən sosial-iqtisadi siyasətin kökündə yalnız bir amil – insan amili dayanır. Ümummilli liderimizin müəllifi olduğu milli ideologiyanın sosial dövlətçilik istiqamətinin prinsipləri bu gün Naxçıvanda həyata keçirilən quruculuq tədbirlərində bir qırmızı xətt kimi keçir. Cəmiyyət, əhali, ayrı-ayrı insanlar öz həyatlarındakı müsbət dəyişiklikləri artıq ilbəil deyil, aybaay, günbəgün hiss edirlər.
“Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”
27 ildir, düşmənin blokada şəraitində saxladığı, dünyanın yeganə eksklav muxtariyyəti olan Azərbaycanın əzəli və əbədi torpağı Naxçıvan bu gün beynəlxalq aləmə özünü XXI əsrdə inkişafın Azərbaycan modelinin hərtərəfli tərəqqi möcüzəsi kimi təqdim edir. Bu möcüzənin öz növbəsində Naxçıvan Muxtar Respublikasında milli-tarixi təcrübəyə, möhkəm elmi əsaslara söykənən müasir dövlət idarəçiliyi prinsiplərinin siyasi cəhətdən düzgünlüyünə, ümumbəşəri siyasi-hüquqi sistemin təşəkkülü elementlərinin milli ənənələrlə ən optimal sintezinə əsaslanan muxtar dövlət quruculuğu siyasətinin müdrik və uzaqgörən siyasi idarəetmə prinsiplərinə, ən başlıcası isə Heydər Əliyev dövlətçilik məktəbinin zəngin irsinə istinad etdiyi şübhəsizdir.
XXI əsr Naxçıvanının tam inkişaf mənzərəsini və intibah tablosunun ən yüksək qiymətini isə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik təntənəli yubiley mərasimində vermişdir: “Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Elman CƏFƏRLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru