23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 9-da AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının milli atlası”nın təqdimat mərasimi keçirilib. Mərasimi bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq milli atlas haqqında məlumat verib. “Azərbaycan Respublikasının milli atlası”nı indiyədək çap edilən ən mükəmməl mənbələrdən biri kimi qiymətləndirən akademik atlasın Azərbaycanı dünyada tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanmış atlas tədqiqatçılar üçün də əhəmiyyətli nəşrdir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, dosent Ələkbər Qasımov çıxış edərək milli atlasın məziyyətlərindən bəhs ediblər.

Çıxışlarda bildirilib ki, “Azərbaycan Respublikasının milli atlası” ölkəmizlə bağlı ən mükəmməl kartoqrafik nəşrdir. Kartoqrafik təsvir Azərbaycan dilində, xəritələrin izahlı mətni isə Azərbaycan, rus, ingilis dilləri olmaqla, 3 dildə verilib. Atlasda Azərbaycanın inzibati ərazi bölgüsü, tarixi, təbiəti, heyvanlar aləmi, iqtisadiyyatı, mədəniyyəti və turizmi haqqında ətraflı məlumatlar əks olunub. On bölmədən ibarət olan atlasda 800-dən çox xəritə verilib.
Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu cür sanballı nəşrin hazırlanmasına göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə elmi ictimaiyyət adından minnətdarlığını bildirib.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR