Blokada şəraitində yaşayan Naxçıvan üçün hava nəqliyyatının əhəmiyyəti olduqca böyükdür. Paytaxt Bakıya və ölkəmizin digər bölgələrinə, eləcə də xarici ölkələrə rahat və təhlükəsiz gediş-gəlişin təşkil olunması məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanının fasiləsiz fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hava limanında hər ay lazım olan bütün tədbirlər görülür, maddi-texniki təminat gücləndirilir.
2014-cü ili uğurla başa vuran hava limanında ötən ilin sonuncu ayında da sərnişinlərə nümunəvi xidmət göstərilmişdir. Ötən ay ərzində yerli hava xətti ilə 12 min 171 sərnişin, 200 min 894 kiloqram baqaj, 62 min 972 kiloqram yük və 2 min 849 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqaməti üzrə 88 sərnişin, 1552 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 223 sərnişin və 1515 kiloqram baqaj daşınmışdır.
Muxtar respublikada nəqliyyatın digər növləri kimi, hava nəqliyyatına da tələbat getdikcə artır. Bu da, öz növbəsində, xidmətin keyfiyyətinin yüksəldilməsini tələb edir. Buna görə də hava gəmilərinin, maşın-mexanizmlərin və digər texniki avadanlıqların sazlığı və səmərəli fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusilə hava gəmilərinə tələbata uyğun mütəmadi texniki qulluq göstərilir.
Bu istiqamətdə işlər hesabat ayında da davam etdirilmiş, təyyarələrin buzlaşmaya qarşı emalı üçün istifadə edilən xüsusi mayelər laboratoriya analizindən keçirilmiş və istifadə üçün tam yararlı olduğu təsbit olunmuşdur. Həmçinin texniki heyətlə müntəzəm olaraq buzlaşmaya qarşı emal prosesi mövzusunda nəzəri və praktik məşğələlər də keçirilmişdir.
Uçuşların elektrik-işıq texnikası təminatı və istilik və sanitariya texnikası ilə təchizat xidmətlərinin də normal fəaliyyəti üçün vaxtında bütün hazırlıqlar görüldüyündən bu sahələrdə heç bir problem yaşanmamışdır. 2014-cü ilin dekabr ayında teleskopik traplar üçün yeni elektrik xətləri çəkilmiş, aerovağzal kompleksinin nasosxanasında, qazanxana və inzibati binalarda istilik sistemləri cari təmir olunmuşdur.
Xidmətin fasiləsiz təşkili üçün yanacaq-sürtgü materiallarına olan tələbatın vaxtında ödənilməsi vacib şərtdir. Buna görə də yanacaq-sürtgü təminatı diqqət mərkəzində saxlanılır. 2014-cü ilin dekabr ayında da bu istqamətində lazımi işlər yerinə yetirilmiş, yanacaqdolduran maşınlar yoxlamadan keçirilmişdir. Bu dövr ərzində 272 min litr TS-1, 98 min 800 litr dizel, 36 min litr A-92 tipli yanacaq daşınaraq yanacaq-sürtgü materialları anbarına mədaxil edilmişdir.
Hesabat dövründə texnoloji avadanlıqların istismarı və təmiri sahəsi üzrə də müvafiq işlər görülmüşdür. Qeydiyyat bölməsində və digər sahələrdə quraşdırılan kompüterlərə, sərnişinlərin təyyarəyə buraxılış və yük bölmələrində yerləşən monitorlara, metalaxtaranlara texniki baxış keçirilmiş, onların işləmə rejimi nəzarətdə saxlanılmışdır.
Ümumiyyətlə, Naxçıvan Beynəlxalq Hava Limanı 2014-cü ili uğurla yekunlaşdırmışdır. Hava limanının işçi heyəti 2015-ci ildə də qarşıda duran vəzifələrin icrasını lazımi səviyyədə yerinə yetirəcək, əhaliyə nümunəvi xidmət göstərəcəkdir.
Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti