23 Dekabr 2024, Bazar ertəsi

Yola saldığımız 2014-cü ilin dekabr ayında da muxtar respublikanın dəmir yolu infrastrukturunda xidmətin nümunəvi təşkili təmin olunmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad yol sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir. Dekabrın 26-da əsaslı təmir və yenidənqurma işlərindən sonra İnfrastruktur İdarəsi inzibati binasının açılışı olmuşdur. Üç mərtəbədən ibarət olan binada işçilər üçün hər cür iş şəraiti yaradılmışdır.

Təbii ki, həyata keçirilən yenidənqurma tədbirləri xidmətin daha səmərəli təşkilinə şərait yaradır, dəmir yolu nəqliyyatı istifadəçilərinin sayının artmasına səbəb olur. Təkcə ötən ilin dekabr ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisində 6 min 260 ton müxtəliftəyinatlı yük daşınmışdır. Bu dövrdə sərnişin qatarlarından istifadə edənlərin sayı 12 min 529 nəfər olmuşdur.
Yerlərdə yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlər hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etmişdir. Yola saldığımız ilin dekabr ayında Culfa Lokomotiv Deposunda elektrovozlar 3, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmişdır. Bu dövr ərzində 26 vaqon, o cümlədən 4 platforma, 18 yük vaqonu, 4 sərnişin vaqonu cari təmir edilmişdir. Qış mövsümündə sərnişinlərin rahat gediş-gəlişlərini təmin etmək məqsədilə vaqonların istilik təchizatının sazlığı daim nəzarətdə saxlanılmış, vaxtında profilaktik tədbirlər həyata keçirilmişdir.

Qatarlarla yanaşı, relslərin və digər yol mexanizmlərinin işləkliyi də daim diqqətdə saxlanılır. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün müvafiq tədbirlər görülmüşdür. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmış və digər təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmçinin rels dövrələrinin dəqiq və səlis işinin təmini məqsədilə müvafiq izolyasiya işləri görülmüş, 53 mis rels birləşdiricisi qaynaq edilmiş, 20 yararsız ağac şpal dəmir-beton şpalla əvəz edilmişdir. Defektoskop briqadası tərəfindən 79 kilometr baş yol, 16 kilometr stansiya yolları, 28 dəst yoldəyişdirici qurğu və 3800 ədəd qaynaq calağı yoxlanılmış, 1565 rezin altlıqdan istifadə olunmuşdur. Xidməti ərazilərdə müşahidə olunan nasazlıqlar aradan qaldırılaraq yol yenidən tikilmişdir.
Rabitə və işarəvermə sahəsi üzrə stansiyalarda qatarların hərəkətinin təhlükəsizliyinin təmini məqsədilə 20 ədəd müxtəliftipli rele dəyişdirilmişdir. Dərəşam və Nehrəm stansiyalarında dəvətedici siqnallar yenisi ilə əvəz olunmuş, Qarabörk-Naxçıvan mənzilində magistral kabelin izolyasiyası texniki normaya uyğunlaşdırılmış, muftalar yenisi ilə əvəz olunmuşdur.
Qış mövsümündə dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə hazırlıq işləri davam etdirilir. Belə ki, dekabr ayı ərzində alçaq və yüksəkgərginlikli elektrik verilişi xətlərində və kontakt şəbəkəsi xəttində təmir işləri aparılmış, 28 yararsız izolyator, 10 kilovoltluq xətt ayırıcısı, travers, 3 kontakt şəbəkəsi dayağında yük kompensatorunun trosu dəyişdirilmiş, 9 dayağın fərdi torpaqlanması bərpa edilmişdir. Stansiyaların hər birində bütün inzibati, texniki və yardımçı binalarında istifadə olunan elektrik xətləri yoxlanılmış, parkların, yükvurma və yükboşaltma meydançalarının işıqlandırılması təmin edilmişdir.
Ümumiyyətlə, ötən ilin dekabr ayında görülmüş işlər nəticəsində Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuşdur. 2014-cü ili uğurlu nəticələrlə başa vuran Naxçıvan dəmiryolçuları növbəti ildə də hərəkətin təhlükəsizliyinin, yük və sərnişin daşımalarının etibarlılığının təmin olunması istiqamətində səylə çalışacaqlar.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR