Naxçıvan şəhərinin mərkəzində unudulmaz, qəhrəman sərkərdəmiz Cəmşid xan Kəngərli – Naxçıvanskinin ev-muzeyi yerləşir. Bura onun doğulduğu və ömrünün 12 ilini yaşadığı evdir. Naxçıvanlıların dedikləri kimi, Cəfərqulu xanın evidir. Tez-tez yolumu buraya salır, buradakı sərgilərə, albomlara baxıram, nəsə axtarıram, bəlkə də, illərlə daxilimdə yığılan suallara cavab axtarıram.
Naxçıvandan Tiflisə onu 1907-ci ildə atası Cəfərqulu xan aparmışdı. 12 yaşınadək evdə və Naxçıvan şəhər qəza məktəbində təhsil almışdı. Onun mənsub olduğu Kəngərli tayfasının əksəriyyətinin hərbçi, xüsusilə süvari döyüşçü olması, həmçinin atası Cəfərqulu xanın və əmilərinin adlı-sanlı hərbçi sərkərdələr kimi tanınmaları onu Tiflisdəki hərbi məktəbə – kadet korpusa gətirib çıxarmışdı.
8 iyul 1875-ci ildə yaradılan Tiflis Hərbi Yarımgimnaziyası (bu gimnaziya gəncləri ali hərbi məktəblərə qəbul olunmaq üçün hazırlayırdı) 1882-ci il iyulun 22-də Rusiyanın Hərbi Nazirliyi nəzdində qalmaqla, Tiflis Kadet Korpusuna çevrildi. Həmin bina öz əzəmətli görkəmi ilə indiyədək qalmaqdadır.
Qaydaya görə, Cəmşid xan kadet məktəbin 2-ci sinfinə daxil olmalı idi. Amma atasının arzusunu nəzərə alaraq onu gimnaziyanın birinci sinfinə qəbul etdilər. Cəfərqulu xan istəyirdi ki, oğlu gələcəkdə hərbi məktəbə daxil olmaq üçün biliklə bərabər, hərbi vərdişlər də öyrənsin. Bunun üçün 7 il Cəmşid xan bu gimnaziyada oxumalı idi. Amma 1914-cü il iyulun 21-də Almaniyanın Rusiyaya müharibə elan etməsi ölkənin təhsil müəssisələrinə də öz təsirini göstərdi.
1914-cü ilin martında Cəmşid xan Tiflis Kadet Korpusunda (zadəgan balaları üçün hərbi məktəbdə) yeddiillik təhsilini başa vurdu. Tiflisdəki hərbi hissədə üçaylıq hərbi xidmətdə olandan sonra, yəni həmin ilin 8 iyununda ona birinci dərəcəli yunker-unter (gənc zabit) hərbi rütbəsi verildi.
Buraxılış imtahanını uğurla verib şəhadətnaməsini aldıqdan sonra oxumaq üçün Qərbi Ukraynanın Yelizavetqrad (sovet illərində – Kirovqrad) şəhərindəki Süvari Hərbi Məktəbə oxumağa göndərildi.
1914-cü il avqustun 1-də Yelizavetqrad Süvari Hərbi Məktəbinə gələn Cəmşid xan biraylıq yoxlamadan sonra həmin məktəbə oxumağa qəbul edilir. Bu hadisə 30 avqust 1914-cü ildə baş verir. Qeyd edək ki, o, bu hərbi məktəbdə oxuyarkən yunker idi. Artıq Birinci Dünya müharibəsi başlanmışdı. Ona görə də çar hökuməti praporşik hərbi rütbəsi üçün vaxt müddətini 8-12 aydan 4 aya endirmişdi.
6 sentyabr 1914-cü ildə Cəmşid xan Naxçıvanski hərbi and içir və 1 sentyabr 1914-cü ildən sonra Rusiya imperiyasının ordusunda hərbi xidmətə başlayır.
1 dekabr 1914-cü ildə Cəmşid xana ilk zabit hərbi rütbəsi – praporşik rütbəsi verilir. Bu zaman Qafqaz Yerli Süvari Diviziyası üçün zabitlərdən ibarət altı ehtiyat yüzlüklər (sotnyalar) yaradılırdı. Gənc zabit Cəmşid xan da könüllü ərizə verərək ehtiyat yüzlüyə qəbul edilməsini bildirir. O, sınaq-yoxlamalardan keçmək üçün raport da yazır. 1915-ci ilin aprel ayından ehtiyatda olan 1-ci yüzlükdə hərbi xidmətə qəbul edilir. Həmin ilin mart ayında isə tatar (azərbaycanlı) süvari polkunda həqiqi hərbi xidmətə başlayan Cəmşid xan mart ayının 4-də polka gəlir və mart ayının 7-də ilk döyüş tapşırığını alır. Arxiv sənədlərindən məlum olur ki, Cəmşid xanın hərbi fəaliyyəti, əsasən, tatar süvari alayı ilə bağlı olmuşdur.
Tatar süvari polkuna məxsus olan 203 nömrəli əmrdə (22 iyul 1915-ci il) bildirilir ki, praporşik Xan Naxçıvanski düşmənlə döyüşdə göstərdiyi şücaətə görə 4-cü dərəcəli, üzərində “İgidliyə görə” sözləri yazılmış “Müqəddəs Anna” ordeni ilə təltif edilir. Bu yüksək hərbi mükafat gənc zabitə 14 fevral 1916-cı ildə verilir.
Qeyd edək ki, o, 1915-ci il 19-27 avqust tarixlərində gedən şiddətli döyüşlərdə yaralanır. Novoselka kəndi yaxınlığında gedən döyüşlərdə göstərdiyi igidliyə görə Cəmşid xana “Georgi silahı” vermək təklifini cəbhənin Georgi duması bəyənmir. Əsas da göstərilir ki, döyüşçü bu hərbi mükafat üçün çox gəncdir.
12 sentyabr 1915-ci ildə Kosovo kəndi ətrafında gedən döyüşlərdə Cəmşid xan Naxçıvanski 3-cü dərəcəli “Müqəddəs Stanislav” (qılınclarla və bantla) ordeni ilə təltif olunur. Qeyd edək ki, bu mükafat kornet Cəmşid xana 12 may 1916-cı ildə elan edilir.
Tatar süvari alayı bu döyüşlərdə misilsiz şücaətlər göstərdiyindən xüsusi döyüş bayrağı ilə (ştandart) mükafatlandırılır və 18 fevral 1916-cı il tarixdə 30 nömrəli protokola əsasən verilmiş əmrlə kornet Cəmşid xan Naxçıvanski tatar süvari polkunun birinci yüzlüyünün birinci vzvodunun (manqasının) komandiri təyin edilir. O, Qafqaz Süvari Polkunun (alayının) ən gənc komandirlərindən idi.
Tatar süvari polkunun komandiri polkovnik A.P.Polovçev 5 iyul 1916-cı ildə kornet Cəmşid xana “Georgi silahı” hərbi mükafatının verilməsi üçün cəbhənin Georgi dumasına məktub göndərir.
26 yanvar 1917-ci il tarixli əmrlə Cəmşid xan “Georgi silahı” ilə təltif edilir. Rusiya imperiyasının bu yüksək ali hərbi mükafatını böyük knyaz Georgi Mixailoviçin özü cəbhədə Cəmşid xana təqdim edir.
Cəmşid xan həmin ilin 9 mayında poruçik, 30 iyulunda isə ştabs-rotmistr hərbi rütbələrini almışdır. İki il yarım Qalitsiyada gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə aldığı hərbi rütbələr və mükafatlar onun hərbi sahədəki fitri istedadından xəbər verir.
1917-ci ilin sentyabr ayında general Kornilovun uğursuz yürüşündən sonra Qafqaz Süvari Alayının digər alayları kimi, tatar alayı da Qafqaza qayıtmalı olur.
Qəhrəman süvari döyüşçü Cəmşid xan Naxçıvanskinin hərbi fəaliyyətinin ikinci mərhələsi başlayır.
Yerli süvari diviziyası 1917-ci ildə Qafqaza qayıdır. Bu zaman Cəmşid xan tatar alayı ilə birlikdə Gəncə şəhərinə gəlir. 1918-ci ildə o, öz polku ilə birlikdə bolşeviklərə qarşı vuruşur. Qeyd edək ki, Cəmşid xanın alayı Bakının işğalçılardan azad edilməsində böyük hünər göstərir. Həmin ilin 30 iyulunda Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin əmri ilə rotmistr Cəmşid xan Naxçıvanskiyə podpolkovnik rütbəsi verilir və o, birinci tatar süvari polkunun köməkçisi vəzifəsinə təyin olunur.
Hərbi Nazirliyin 24 mart 1920-ci il tarixli 163 nömrəli əmrinə əsasən, Cəmşid xan ikinci Qarabağ süvari polkunun komandiri təyin edilir. Ona böyük bir riskli iş tapşırılır: Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizləmək. O, aprel ayının 12-dək Ağdamı və Xankəndini, eləcə də Şuşanı erməni quldurlarından təmizləyir. Azərbaycanın Milli Ordusu bayram təntənəsi yaşayır.
Qarabağı daşnaklardan xilas edən Cəmşid xan Azərbaycanda sovet hökuməti qurulandan sonra N.Nərimanovun dəvəti və məsləhəti ilə özünün tatar alayı ilə birlikdə bolşevik hökumətində xidmət etməyə razı olur. Onun alayının adı dəyişdirilərək birinci fəhlə-kəndli süvari polku adlanır. 28 aprel 1920-ci ildən etibarən Cəmşid xanın fəaliyyətinin üçüncü dövrü başlanır. Ancaq 31 may 1920-ci ildə sovet çekası tərəfindən müsavat ordusunun zabiti kimi həbs olunur. XI qızıl ordunun xüsusi şöbəsi tərəfindən həmin ilin avqust ayında həbsdən azad edilir və yenicə fəaliyyətə başlayan komandirlər məktəbində işə göndərilir. O, burada məktəbin rəisinin köməkçisi vəzifəsinə təyin edilir.
Cəmşid xan Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradır və həmin diviziyaya komandir təyin olunur.
1923-cü ildə Moskvadakı fəhlə-kəndli ordusunun Hərbi Akademiyasına birillik kursa oxumağa göndərilən Cəmşid xan yenidən Bakıya qayıdıb atıcı diviziyasına komandirlik edir. O, Azərbaycanın müxtəlif yerlərində – Kürdəmirdə, Göyçayda, Naxçıvanda, Nuxada (indiki Şəkidə) və Qarabağda qiyamların yatırılmasında iştirak edir, Lənkəranda və Qubada qaçaq-quldurlarla döyüşür. Qeyd etmək yerinə düşər: Cəmşid xan savadsız, könüllü gənclərdən nümunəvi, intizamlı ordu bölməsi yaradıb. Onun yaratdığı Azərbaycan diviziyası sonralar keçmiş SSRİ-nin silahlı qüvvələrinin hərbi salnaməsinə parlaq səhifələr yazıb.
Cəmşid xan 1927-ci ildə yenidən hərbi akademiya kurslarına göndərilir. 1928-ci ildə onu Sevastopol şəhərində təşkil edilən sərhəd qoşunlarının kurslarına oxumağa göndərirlər. Onun təşkilatçılıq və tərbiyəçilik istedadı, həmişə səliqəli, intizamlı, səmimi, tələbkar olması və prinsipiallığı yüksək qiymətləndirilib. Xidmət etdiyi illərdə onu fəxri silahla və qızıl saatlarla, “Qırmızı Əmək Bayrağı” (29 oktyabr 1930-cu il) və “Qızıl ulduz” ordenləri ilə təltif edərək pul mükafatları veriblər. Cəmşid xan Bakı Sovetinin Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Amma onu Kommunist Partiyasına üzv qəbul etməyiblər, çünki o, zadəgan oğlu idi.
22 fevral 1931-ci ildə onu Tiflisdə (Tbilisidə) Zaqafqaziya Siyasi İdarəsinin xüsusi şöbəsi həbs edir. Cəmşid xanı gizli əksinqilabi təşkilata üzv olmaqda və sair təbliğatlarda günahlandırırlar. Özünü yazdığı izahatlarda günahsız bilsə də, Azərbaycan Siyasi İdarəsinin kollegiyasının 30 oktyabr 1931-ci il tarixli qərarı ilə təqsirkar bilinərək onun güllələnməsinə göstəriş verilir. Ancaq, hələlikdə, bizə məlum olmayan səbəblərdən onu güllələmirlər, 1932-ci ilin fevralında həbsdən azad edib yenidən orduya hərbi xidmətə göndərirlər.
Bütün bu hadisələr onu məcbur edir ki, əsas rəqibi M.C.Bağırovun gözündən uzaq olsun. Ona görə də Moskvaya köçməyi qərara alır.
M.B.Frunze adına Akademiyanın rəisi B.M.Şapoşnikovun 17 fevral tarixli əmri ilə Cəmşid Naxçıvanski akademiyanın Ümumi taktika kafedrasının rəhbəri təyin edilir. Qeyd edək ki, artıq bu illərdə onun adının qarşısında xan titulu yazılmırdı.
17 iyun 1935-ci il tarixli əmrdə deyilir ki, Cəmşid Naxçıvanskinin rəhbərlik etdiyi ikinci kursun müdavimləri döyüş və siyasi hazırlıqda böyük müvəffəqiyyətlər qazanıblar. 1935-ci il dekabr ayının 5-də Cəmşid Naxçıvanskiyə kombriq (general-mayor) hərbi rütbəsi verilir.
1936-cı il noyabrın 7-də Moskvada qızıl meydanda keçirilən hərbi paradda Cəmşid Naxçıvanskinin başçılıq etdiyi üçüncü batalyon da iştirak edib.
1937-ci ilə aid arxiv sənədlərində Cəmşid Naxçıvanski tədris prosesinin yaxşı təşkilinə, döyüş və siyasi hazırlıq işlərində yüksək göstəricilərinə görə birinci fakültənin ikinci kurs rəisi kimi 28 may tarixli əmrlə mükafatlandırılır.
General-mayor Cəmşid xan Naxçıvanskini 20 may 1938-ci ildə həbs edirlər. Paxıllığını çəkənlər onun həbsində çox fəallıq göstəriblər. Onların ifadələri istintaq materiallarında vardır. 97 gün sovet çekistləri Cəmşid xan Naxçıvanskiyə ağlasığmaz işgəncələr veriblər. Həmin il avqust ayının 26-da onu güllələyiblər. Baxmayaraq ki, Cəmşid xan Naxçıvanski XIX əsrdə Kəngərlilər nəslindən yetişən beş generalın varisi, özü keçmiş sovet Azərbaycanının birinci generalı olsa da, 1969-cu ilədək onun haqqında yazmaq yasaq idi.
1969-cu ildə Azərbaycana rəhbər seçilmiş ümummilli liderimiz Heydər Əliyevin cəsarəti və qorxmazlığı sayəsində onun adı hərb tariximizdə bəraət aldı. Daha doğrusu, bu bəraət ona ümummilli liderimiz Heydər Əliyevin sayəsində verildi. Bakıda və doğulduğu Naxçıvan şəhərində adı əbədiləşdirildi. Ensiklopediyalarda “Sovet Silahlı Qüvvələrinin görkəmli xadimi, Azərbaycan Atıcı Diviziyasının komandiri Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski...” ünvanlı məqalələr işıq üzü gördü.
Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra ümummilli liderimiz gənc hərbçilərlə görüşündə deyirdi: “...Hələ çar Rusiyası dövründə azərbaycanlılardan rus ordusunda böyük sərkərdələr, böyük generallar olubdur: Əliağa Şıxlinski, Səmədağa Mehmandarov, Cəmşid Naxçıvanski. Bir tək Naxçıvanski deyil, Naxçıvan xanlarının övladlarından 6 nəfər çar Rusiyasının ordusunda general rütbəsində çalışıbdır. Bir çoxları da Birinci Dünya müharibəsində iştirak ediblər”.
Biz dönə-dönə Cəmşid xan Kəngərli – Naxçıvanski haqqında yazacağıq. Çünki üç müxtəlif quruluşda hərbi xidmətdə olan, şücaətlə döyüşən və hərbi ordenlər, mükafatlar alan, milli diviziya yaradan (sonralar onun yaratdığı diviziyanı S.Orconikidze adına 77-ci Qırmızı Bayraq ordenli və Suvorov ordenli, Simferopol Atıcı Diviziyası adlandırmışlar) igid sərkərdə Cəmşid xan Naxçıvanski haqqında Kiyevdə, Moskvada və digər şəhərlərdə yerləşən hərbi arxivlərdə, hələlikdə, üzə çıxarılmayan sənədlər vardır.
Unudulmaz sərkərdəmizin anadan olmasının 120-ci ili 2015-ci ildə tamam olur. Biz axtarışlarımızı dərinləşdirməklə bərabər, arzu edərdik ki, orta məktəblərimizin hərbi kabinələrində onun fotoşəkli asılsın, həyatı və fəaliyyəti gənc nəslə layiqincə öyrədilsin. Milli, vətənpərvər sərkərdəmiz Cəmşid xan Naxçıvanski adı bütün yüzilliklərdə minnətdarlıqla yad edilməyə layiq bir qəhrəmandır.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru