Bəşər tarixində elə insanlar var ki, onlar özlərinin fitri istedadı, həyatı və milli-mənəvi dəyərlərə bağlılıqları ilə daim saflıq, paklıq zirvəsinə yüksəlirlər. Sağlığında müdriklik qazanmış Azərbaycanın tarixi şəxsiyyətləri sırasında Əziz Məmmədkərim oğlu Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır.
...1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı İrəvanda dünyaya göz açmışdı. Atası Məmmədkərim camaat arasında böyük hörmət-izzət sahibi olmuşdu. Anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.
Uşaqlıq və gənclik illərində həyatı çətinliklərlə keçən Əziz Əliyev bir çox sınaqlardan çıxmış, Birinci Dünya müharibəsinin daşnak-erməni təqiblərinin, sovet dövrü repressiyalarının əziyyətlərini çəkmiş, lakin hər zaman insanların gözündə ucada olmuş, nəsildən nəslə yaddaşlara da beləcə köçüb əbədiləşmişdir.
O, ilk təhsilini doğulduğu kənddə almış, 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxumuşdur. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasına qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev Əziz Əliyevin həyatının həmin dövrü barədə demişdir: “O lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək – gənclik illərində bunu heç də hər kəs bacarmazdı”.
Təəssüf ki, erməni daşnaklarının törətdikləri iğtişaşlar belə bir gəncin ali tibb təhsilini başa vurmasına imkan vermədi. Ermənilərin rus bolşevikləri ilə birlikdə 1918-ci ildə antiazərbaycan siyasəti kütləvi qırğınlara, soyqırımına, məcburi köçkünlüyə, didərginliyə, qaçqınlığa, aclığa, səfalətə səbəb oldu. Bu soyqırımı siyasəti Azərbaycanın hər yerində olduğu kimi, İrəvanda da geniş miqyasda həyata keçirilirdi və Əziz Əliyevin də ailəsi ağır məşəqqətlərə məruz qalmışdı. 1918-ci ildə İrəvana gələn Əziz Əliyev burada dəhşətli mənzərə ilə üzləşmiş, erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirmiş, bir müddət Şərurda qaldıqdan sonra Şahtaxtı kəndinə köçmüşdür.
1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini yerlə-yeksan edərək amansız qırğınlar törətmişlər. Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Arazı keçib İranın Ərəblər kəndinə sığınmış, 1921-ci ildə yenidən Şahtaxtı kəndinə qayıtmışdır. Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışmışdır.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçmüşdür. Bundan sonra onun həyatının yeni mərhələsi başlanmışdır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin Ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifələrini icra etmişdir. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini də indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsində böyük uğurla davam etdirmiş, 1927-ci ildə universiteti bitirərək Daxili xəstəliklər kafedrasında işləməyə başlamışdır. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərmiş, 1929-1932-ci illərdə isə Azərbaycan Klinik İnstitutunun rektoru olmuşdur.
Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirən Əziz Əliyevin bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunmuşdur. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, Xalq Səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzmiş, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür. Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına çalışmışdır. Azərbaycan həkimlərinin ustadı olan görkəmli alimin həyatının Azərbaycan Tibb Universiteti ilə bağlı parlaq səhifələri respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün nümunədir.
1930-cu il mayın 9-da Bakı Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) yaradılır. 1932-ci ildə Əziz Əliyevə institutun direktoru vəzifəsi tapşırılır. Böyük alim 6 ilə yaxın bir müddətdə həm bu vəzifəni layiqincə yerinə yetirir, həm də Bakı şəhəri Səhiyyə Şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Həmin illərdə respublikada yüksəkixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbi ədəbiyyatın və dərs vəsaitlərinin azlığı, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmaması və digər məsələlər həllini gözləyən problemlər idi. Bu problemlərin aradan qaldırılması üçün Əziz Əliyev rahatlıq bilmədən çalışmış, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirmiş, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələrin yazılmasına nail olmuşdur. Məhz bu səylərin nəticəsi olaraq, 1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi ilə Azərbaycan dilində 55 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin istifadəsinə verilmişdir. Bu, o dövrün texniki imkanları müqabilində çox böyük göstərici idi. Bundan başqa, professor Əziz Əliyevin təşəbbüsü ilə 1933-cü ildə Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapına da başlanılmışdır. Hazırda bu qəzet “Təbib” adı ilə nəşr olunur.
Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışmağından asılı olmayaraq, elmi axtarışlarını bir an belə dayandırmamışdır. O, institutu bitirəndən iki il sonra – 1929-cu ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülən ilk dəyərli elmi iş olmuşdur. Əziz Əliyev 1941-ci il mayın 13-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifələrinə seçilmişdir.
Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunmuşdur. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsadüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevi Azərbaycan səhiyyəsinin inkişaf tarixinin bir mərhələsi adlandırmışdır. Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. O, həmin dövrdür ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycan səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli alimin ictimai fəaliyyəti də Vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olmuşdur. O, 1941-1942-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. Əziz Əliyev 1949-1950-ci illərdə Moskvada ÜİK(b)P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləmişdir. Əziz Əliyev I və II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olmuşdur.
Əziz Əliyev bütün həyatı boyu ciddiliyi və zəhmətkeşliyi, prinsipiallığı və səmimiliyi ilə fərqlənmişdir. O, buna görə böyük nailiyyətlər qazanmış, bütöv bir həkimlər və alimlər nəsli yetişdirmiş, respublikada qabaqcıl və nümunəvi səhiyyənin təşkili, tibb elminin yaradılması və inkişafının əsasını qoymuşdur.
Əziz Əliyev həm də böyük bir ailənin başçısı, gözəl və qayğıkeş ata idi. Onun böyüdüb boya-başa çatdırdığı övladların Azərbaycan elminə verdiyi töhfə, Azərbaycan xalqı qarşısında xidmətləri də, ilk növbədə, həm gendən, həm də atanın şəxsi nümunəsindən qaynaqlanırdı.
Bu ailənin övladı akademik Zərifə xanım Əliyeva həyatını bütünlüklə oftalmologiya elminin inkişafına həsr etmişdir. Əvvəl Bakıda, sonra isə Moskvada uğurla çalışan böyük alim 1981-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının çox nüfuzlu mükafatı sayılan “Averbax” mükafatına layiq görülmüşdür.
1998-ci il may ayının 14-də görkəmli alim, ictimai xadim Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Yubiley tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev alimin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O lap əvvəldən qeyri-adi insan idi. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elmin himayə olunması, xalqımızın dövlət və elm xadimlərinin elmi və nəzəri irslərinin yaşadılması ideyasının davamı olaraq, ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı il dekabr ayının 5-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunmuşdur. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov professor Əziz Əliyevin keçdiyi həyat yolunu nəsillərə nümunə olacaq fəaliyyət, onu milli tariximizə imzasını qoyan görkəmli dövlət xadimi kimi dəyərləndirərək demişdir: “Əziz Əliyev dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insan kimi nəinki səhiyyəmizin inkişafına böyük töhfələr vermiş, eyni zamanda dövlət idarəçiliyində kadrlarla işləməyin, kütləni səfərbər etməyin, rəhbər-xalq münasibətlərinin bu gün də etalon ola biləcək ictimai praktikasını yaratmış, Azərbaycan elminin yeni istiqamətlərini müəyyənləşdirmiş, bu sahələrin inkişafına nail olmuşdur. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikcə onun dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına heyran qalmamaq mümkün deyil. Bu böyük şəxsiyyətin bütün fəaliyyəti xalqa layiqli xidmət nümunəsi idi”.
Böyük alim, görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsi muxtar respublikada əbədiləşdirilmiş, Naxçıvan şəhərindəki küçələrdən birinə və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına alimin adı verilmişdir.
Əziz Əliyev insanlara, ilk növbədə, özünə qarşı çox tələbkar olmuş, həmişə dəqiqlik və işgüzarlıq nümunəsi göstərmişdir. Onun fikrincə, işdə tələskənlik yox, icra intizamında sürəklilik olmalıdır. O deyirdi ki, “təkcə təbabət üçün tələsmək çox azdır. Əgər biz bir ömür təbabət üçün, bir ömür mühəndislik üçün, bir ömür fəlsəfə üçün, bir ömür aqronomluq üçün tələssək, bunun axırı nə olar? Bizə bu qədər ömür verən kimdir? İnsana ömürlər verilmir, bir ömür verilir. Lakin onu elə yaşamaq, elə oxumaq, elə işləmək, elə qurmaq, elə yaratmaq lazımdır ki, səndən sonra nəsə qalsın. Nəsillərə, millətə, xalqa əbədi yadigar olsun”.
Bəli, hər bir insan həyatda özündən sonra nə isə bir yadigar, nişanə qoymalıdır. Yaxşı əsərlər yazmalı, sənətkar yetişdirməli, yaxşı övlad böyütməli, yol çəkməli, körpülər salmalı, qalalar ucaltmalıdır... Əziz Əliyev o xoşbəxt insanlardandır ki, bunların hamısını edərək Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq hüququ qazanıb.
“Şərq qapısı”