M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konfrans keçirilib.
Konfransda kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olub. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilib.
Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.
Bildirilib ki, 23 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcıdır.
Böyük kitabxanaçı Vəsilə Cəfərova “Birliyimizin rəmzinə çevrilmiş bayram”, Komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova “Ayrı-ayrı ölkələrdə yeni ilin qarşılanması” mövzusunda çıxış edərək XX əsrin sonlarında Azərbaycançılıq və milli həmrəylik ideyalarının geniş vüsət aldığını vurğulayıblar.
Qeyd olunub ki, bu gün dünyanın dörd bir tərəfində yaşayan, fəaliyyət göstərən soydaşlarımızın müstəqil Azərbaycan kimi vahid vətəni var. Çıxış edənlər Azərbaycan diasporunun milli maraqlarımızın, müstəqil Azərbaycan dövlətinin qətiyyətli siyasətinin müdafiəsi istiqamətində gördüyü işlərdən də danışıblar.
Konfransda Dünya Azərbaycanlılarının I, II, III qurultayları ilə bağlı slayd nümayiş etdirilib.
Xəbərlər şöbəsi