Yeni intibah dövrünü yaşayan qədim Naxçıvanın ən yeni tarixində uğurlarla dolu növbəti – 2014-cü il də arxada qaldı. Yeni – 2015-ci ilə qədəm qoyduğumuz bu günlərdə Azərbaycan vətəndaşları, bütün dünyadakı həmvətənlərimiz növbəti ildə daha sıx birləşib daha böyük uğurlar qazanmaq diləkləri ilə bir-birlərini təbrik edir, sevgi ismarıcları ilə dostlarını, yaxınlarını sevindirirlər.
Ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvanda da bu bayram əvvəlkilərdən daha fərqli hiss olunur: Azərbaycan ötən ildə daha da qüdrətləndi, onun vətəndaşları daha da dərin rifaha qovuşdular. Təqvim pilləsində bir addım da qalxıb “Ötən ildə nə qazandıq?” deyə, keçmiş günləri vərəqləsək, çox yaddaqalan günlər yaşadığımızı görərik. Şübhəsiz, zaman çarxının daha sürətlə döndüyü, işgüzar günlərin sanki sezilmədən bir-birini əvəz etdiyi bir dövrdə yekun nəticəyə gəlmək çox erkən olsa da, bir il ərzində görülən işlərə yekun vurmaqla növbəti ilə daha inamla başlamaq olar. Qarşıda hələ çox işlər var!
Ötən il Naxçıvan Muxtar Respublikası üçün nə ilə əlamətdar oldu? Bir vaxtlar inanılası çox çətin olan layihələrin reallaşdırılması üçün yolun çalışmaqdan keçdiyini artıq yaxşı mənimsəmiş naxçıvanlılar 2014-cü ildə də muxtar respublikanın daha da çiçəklənməsi üçün qolları çırmayıb daha qətiyyətlə işə girişdilər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın 90 illik muxtariyyət yubileyi ömrünü bu torpağın tərəqqisinə həsr etmiş bütün naxçıvanlıların bayramı oldu. Naxçıvanlılar bu bayramı geniş tədbirlərlə qeyd etdilər. Ötən ilin aprel ayında ölkə başçısının Naxçıvan Muxtar Respublikasına növbəti səfəri və 90 illik yubiley tədbirində iştirakı “Muxtariyyət ili”nin ən əlamətdar hadisəsi kimi yadda qaldı. Ölkə Prezidenti səfəri çərçivəsində Naxçıvanda çox sayda obyektlərin açılışında iştirak edərək bu böyük bayramın sevincini hamı ilə bölüşdü.
2014-cü il boyunca Naxçıvanın muxtariyyət bayramı münasibətilə müxtəlif kürsülərdən təbriklər eşidildi. Dünyanın siyasi liderləri, elm və mədəniyyət xadimləri, nüfuzlu jurnalistlər Naxçıvana səyahət edib Naxçıvan haqqında qiymətli fikirlər söylədilər. Təkcə IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Amerika Birləşmiş Ştatlarından olan tədqiqatçı-jurnalist Peter Tasenin Naxçıvan haqqında yazdığı müxtəlif məqalələr onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası artıq, sadəcə, bir subyekt kimi deyil, eyni zamanda Şərq-Qərb astanasında özünü mühüm cazibə mərkəzi kimi tanıtmağa başlayan, iqtisadi inkişafda, elm və mədəniyyət sahələrindəki nailiyyətlərlə getdikcə diqqətləri üzərinə çəkən məkan halına gəlməkdədir. Bu gün dəniz, quru, dəmir yollarına çıxışı olan bir sıra dünya ölkələri qlobal iqtisadi böhrandan zərbə aldıqları bir dövrdə blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf modeli iqtisadçı və siyasi analitikləri yenidən düşünməyə vadar etməkdədir. Beləliklə, özünün tarixi muxtariyyət zəfərini yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizin beynəlxalq imicinin yüksəlməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rolu bir daha ortaya çıxaraq “gücün ədalət deyil, ədalətin güc olduğuna” inananlar üçün ən tutarlı arqumentə çevrildi. Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvanın muxtariyyət statusunda mövcud inkişafı çoxlu sayda beynəlxalq səviyyəli elmi tədbirlərin gündəliyinə gətirilərək “Naxçıvan” adı aparılan araşdırmaların ən çox işlənən açar sözü səviyyəsinə çatdı… Və beləcə, uzun illər boyu çəkilmiş zəhmət hədər getmədi. Soyuq, qaranlıq gecələrdə üşüyən Naxçıvan çıraqban kimi yanan gözəl libasına büründü. Bütün bunlar isə regionda həyata keçirilən irimiqyaslı layihələr – istehsal və sosial infrastrukturunun tamamilə yenilənməsi, insan inkişafı indeksinə yönəlmiş fəaliyyət hesabına baş verdi. İlbəil qazanılan iqtisadi güc bütün gözəl ideyalara da ruh verib regionu 5,5 min kvadratkilometrlik bir quruculuq meydanına çevirdi.
“Muxtariyyət ili”ndə – 2014-cü ildə sosial-iqtisadi həyatda qazanılan uğurlar muxtar respublika əhalisinin həyat şəraitində, yaşayış keyfiyyətində daha yaxından hiss olunmağa başladı. Muxtar respublikada istehsal olunan 2 milyard 388 milyon manatdan çox Ümumi Daxili Məhsuldan onun 439 min nəfərdən çox əhalisinin hər birinə düşən həcmi orta hesabla 5459 manata çatdı. Bu rəqəm bu gün ABŞ dolları ilə ifadə olunduqda bəzi Avropa İttifaqı üzvü ölkələri ilə də müqayisə oluna bilər. Sənayedə, kənd təsərrüfatında yaradılmış istehsal imkanları, xidmət sektorunda davamlı olaraq yeni keyfiyyət tələblərinin tətbiq olunması əhalinin həyat səviyyəsinə çox ciddi təsir göstərməyə başladı. “Muxtariyyət ili”ndə Naxçıvanda daha 9 kənd və 8 xidmət mərkəzi istifadəyə verildi, regionun müxtəlif bölgələrində 19 tam orta məktəb binasında, 15 səhiyyə obyektində tikinti, yenidənqurma və əsaslı təmir işləri başa çatdırıldı. Naxçıvanın istehsal imkanları artdıqca ixrac potensialı da yüksəlib 409 milyon ABŞ dollarına çatdı. Ötən il daha 1725 nəfər naxçıvanlı gənc gələcəyin müəllimi, həkimi, iqtisadçısı, hüquqşünası, ekoloqu, turizmçisi, jurnalisti, mühəndisi, baytarı olmaq arzusu ilə ali məktəblərə qəbul olundu. 2014-cü ildə naxçıvanlıların mətbəxi daha ləziz, istirahəti daha bahalı, asudə vaxtları daha mənalı oldu.
Bayram libasına bürünmüş Naxçıvanda həyat qaynayarkən naxçıvanlılar yeni ilə daha şən və xoşbəxt, daha qayğısız qədəm qoyurlar.
Əli CABBAROV