23 Dekabr 2024, Bazar ertəsi

 Şərur rayonu

Xalqımız 23 ildir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edir. Həmrəylik Gününün yeni illə eyni günə düşməsi isə sevinc hislərimizi daha da artırır. Hər başa çatan il muxtar respublikamıza böyük uğurlar, insanlara xoş gün-güzəran bəxş etdiyi kimi, bayramlarımız da ilbəil daha böyük təntənə ilə qeyd olunur, zəhmətkeş, tərəqqipərvər, qədirbilən xalqımız bu günləri xoş əhval-ruhiyyə ilə qarşılayır,  gələcəyə daha inamla baxır. 

Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikamızda bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, regionda həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir vətəndaş bəhrələnib. Elə buna görədir ki, illər öncə yeni ili qaranlıqda, kasad süfrə ilə qarşılayan naxçıvanlılar bu gün bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Builki bayramların böyük şövqlə keçirilməsində “Muxtariyyət ili”ndə qazandığımız nailiyyətlər də böyük rol oynayıb.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da “Muxtariyyət ili”nin çoxsaylı bəhrələri var. 2014-cü ildə rayonda tikinti-qurucu­luq işləri daha böyük vüsət alıb. Müxtəliftəyinatlı obyektlərin inşasının həcmi bir qədər də genişləndirilib. Yeni məktəb binaları, mədəniyyət və səhiyyə obyektləri, kənd və xidmət mərkəzləri istifadəyə verilib, müasir standartlara cavab verən yollar salınıb, körpülər tikilib. Bütün bunlar rayonun sima­sına əlavə çalarlar gətirməklə insanların qurub-yaratmaq əzmini bir qədər də yüksəldib.

Dünən Şərur rayonunun sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və yeni ili belə hislərlə qeyd ediblər. Onların rəngarəng işıqlarla bəzədilmiş rayon mərkəzində cəmlənməsi yaranan xoş ab-hava ilə müşayiət olunub. Şaxta baba və Qar qızın, yaradıcı kollektivlərin çıxışları alqışlarla qarşılanıb. Bayram tədbirində ən çox sevinən isə uşaqlar olublar. Onlar küknarlar ətrafında rəqs edib, mahnılar oxuyub, şeir söyləyiblər.
Rayon Mədəniyyət Evinin “Arpaçay” instrumental, “Şərur qönçələri” və “Şərur” Xalq Yallı ansambllarının ifalarında səslənən musiqi nömrələri və rəqslər, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın, həmçinin Cabbar Əliyevin, Fərman Allahverdiyevin, Cabbar Hüseynovun ifa etdikləri mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Babək rayonu

Artıq tərəqqi və uğurlarla dolu olan “Muxtariyyət ili” – 2014-cü il tarixə qovuşdu. Muxtar respublika sakinləri yeni ili xoş arzular, yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Yanvarın 1-də muxtar respublikamızın hər yerində olduğu kimi, Babək qəsəbə mərkəzində, Nehrəm və Cəhri kəndlərində bayram şənlikləri keçirilib. Şənliklərdə Vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın çıxışları, rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin çıxışları şənliyə gələnlərdə xoş ovqat yaradıb, paylanan hədiyyələr balacalara əsl bayram sevinci bəxş edib. Bayram tədbirlərində ən çox sevinən isə uşaqlar idi. Onları ağ saqqallı Şaxta baba hədiyyəsiz qoymadı, çiynindəki torbasını yerə qoyub uşaqları mükafatlandırdı.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Babək rayonu bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub. Son illər yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi rayon mərkəzinin simasını tamamilə dəyişib. Artıq abad yolları, təmiz və işıqlı küçələri, yaraşıqlı binaları ilə seçilən Babək qəsəbəsi müasir şəhər görkəmi alıb. “Muxtariyyət ili” – 2014-cü il rayon üçün daha əlamətdar olub. Belə ki, ötən ilin ilk ayında Babək qəsəbəsində avtomobil yolu, Babək Rayon Mərkəzi Xəstəxanasının və Tarix-Diyarşünaslıq Muzeyinin binaları istifadəyə verilib. Qeyd edək ki, ilboyu rayonun müxtəlif yaşayış məntəqələrində quruculuq işləri aparılıb, avtomobil yolları yenidən qurulub, rayon mərkəzində uşaq bağçası, Qahab, Güznüt və Naxışnərgiz kənd­lərində müxtəlif sosialyönümlü obyektlər istifadəyə verilib.
Rayon sakinləri ilə söhbətlərimizdə ildən-ilə qüdrətlənən Azərbaycanın vətəndaşı olmalarından haqlı qürur hissi duyduqlarının şahidi olduq. El ağsaqqalları, müəllimlər, həkimlər, evdar qadınlar, xülasə, cəmiyyətin bütün təbəqələrindən olan insanlar bayramların belə yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə öz minnətdarlıqlarını bildirib, arzularını dilə gətirdilər: “Qoy bu əmin-amanlıq, rahat həyat Azərbaycan, eləcə də Naxçıvan üçün əbədi olsun”, – dedilər.

Ordubad rayonu

Tarixçi alim Teymur Bünyadov “Gözəlliklər məskəni” adlı məqaləsində Ordubad haqqında yazır: “Ordubadda gözəlliklərdən doymursan, öz-özünə deyirsən: Ordubadı görməyən nə Vətən görüb, nə vətənpərvərlik bilib, nə gözəllik görüb, nə də gözəllik duyub”. Bu gün hərtərəfli dövlət qayğısı əhatəsində olan Ordubad başdan-başa gözəllik timsalındadır.
Bir neçə statistik rəqəmə baxsaq, həmin gözəlliyi təsəvvürümüzdə canlandıra bilərik. Böyük inkişaf və yeni tərəqqi müstəvisində olan Ordubadda son 19 il ərzində həyatın bütün sahələrində güclü yeniləşmə diqqəti çəkir. Bu dövrdə rayonda 24 yeni məktəb binası inşa olunub, 13 kənd mərkəzi istifadəyə verilib. Kənd mərkəzlərinin yerləşdikləri yaşayış məntəqələrində fəaliyyət göstərən klub, mədəniyyət evi, kitabxana, ATS, rabitə evi, polis və baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb.
Ordubadlıların sağlamlığı keşiyində dayanmaq məqsədilə 21 səhiyyə ocağı yeni binada fəaliyyətini davam etdirir. Ötən dövrdə rayondaxili yollarda cari və əsaslı təmir işləri aparılıb, hazır­da bu tədbirlər davam etdirilir.
“Muxtariyyət ili” bu gözəl və füsunkar bölgəyə daha böyük izlərini yazıb. Aşağı Əylis kəndində məktəb və kənd mərkəzi istifadəyə verilib, Yuxarı Əylis kəndində məscid binası tikilib. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsi ötən ilin aprel ayından fəaliyyətini yeni binada davam etdirməyə başlayıb. Dübəndi çayı üzərində salınmış şəhər parkında bənd və şəlalə istifadəyə verilib. Akademik Yusif Məmmədəliyevin və yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyləri, Buzxana tarix-memarlıq abidəsi, Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin binası təmir olunub. Hazırda şəhərdəki 3 nömrəli tam orta məktəb və aviakassa üçün binalar, Məhəmməd Tağı Sidqinin ev-muzeyi inşa olunur.
Ordubadlılar builki 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını belə uğurlu nailiyyətlərlə qeyd ediblər. Rayonun mədəniyyət müəssisələrinin və musiqi məktəblərinin kollektivlərinin Ordubad şəhərindəki tədbirlər meydanında rayon ictimaiyyətinə təqdim etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb.
Tədbirdə ulu öndər Heydər Əliyevə, dövlətçiliyimizə, müstəqilliyimizə, doğma Naxçıvanımıza həsr olunmuş şeirlər səsləndirilib.

Culfa rayonu

Artıq XXI əsrin on dördüncü ili də tarixə qovuşdu. Əvvəlki illər kimi, 2014-cü il də Naxçıvanın intibah tarixinə böyük hərflərlə yazıldı. Ötən il muxtar respublikamız üçün daha məsuliyyətli və ahəngdar oldu. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan edilmişdi.
Qeyd olunmalıdır ki, müasir dünya ölkələrinin əksəriyyəti üçün bu ilin mürəkkəb, eyni zamanda gərgin ictimai-siyasi vəziyyətdə keçdiyini nəzərə alsaq, ölkəmiz üçün perspektivli illər sırasına daxil olan 2014-cü il, ümumilikdə, Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün, necə deyərlər, düşərli il oldu. “Muxtariyyət ili”ndə əldə edilən uğurlardan muxtar respublikanın bütün rayonlarına pay düşdü. Belə ki, Culfa rayonu da iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərlə, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlərlə növbəti ili bayram əhval-ruhiyyəsi ilə qarşıladı.
Culfa şəhərində keçirilən Yeni il bayramı şənliyində Şaxta babanın, Qar qızın, nağıl qəhrəmanlarının, rayon Mədəniyyət Evinin özfəaliyyət və Culfa şəhərindəki Uşaq musiqi məktəbi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramı təqdim olunub. Nağıl qəhrəmanları ilə görüşən və Şaxta babadan yeni il hədiyyələri alan uşaqlar əsl bayram sevinci yaşayıblar.
Bayram şənliyinin aparıcıları culfalıları əlamətdar bayramlar münasibətilə təbrik edərək 2014-cü ilin Culfa rayonu üçün uğurlu olduğunu vurğulayıb, sakinlərə yeni ildə ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatda uğurlar arzulayıblar.

Kəngərli rayonu

Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafından Kəngərli rayonuna da böyük pay düşüb. Ötən il 10 yaşını qeyd edən rayonda aparılan abadlıq-quruculuq işləri yola saldığımız “Muxtariyyət ili”ndə sürətlə davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının açılışı isə tarixi hadisə kimi yaddaşlarda qalıb.
2014-cü il oktyabrın 20-də rayon mərkəzində Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi istifadəyə verildi.
2014-cü il dekabrın 29-da – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsin­də rayonun Qarabağlar kəndində 1 nömrəli tam orta məktəbin binası və xidmət mərkəzi istifadəyə verildi.
Böyük quruculuq-abadlıq işlərinin aparıldığı Kəngərli rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə silsilə bayram tədbirləri, şənliklər keçirildi. Belə ki, dekabrın 31-də Qıvraq qəsəbəsindəki hərbi hissədə möhtəşəm bayram şənliyi oldu. Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Kəngər” instrumental ansamblı hərbçilərimiz qarşısında bayram proqramı ilə çıxış etdi. Vətənimizin tərənnümünə həsr olunan şeirlər böyük coşqu yaratdı. Həmin gün 2 sərhəd zastavasında da bayram şənlikləri keçirildi.
Yanvarın 1-də rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında yeni il şənliyi keçirildi. “Kəngər” instrumental ansamblının solistlərinin və Naxçıvan şəhərindən dəvət olunmuş müğənnilərin ifasında səsləndirilən mahnılar çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Yeni ilin personajları olan Şaxta baba və Qar qızın gəlişi uşaqlara şən əhval bəxş etdi, onları sevindirdi.

Şahbuz rayonu

Son illərin tərəqqisi insanda belə bir fikir yaradır ki, Naxçıvan diyarında inkişaf hədlərə görə yox, daim yenilənən hədəflərə doğru istiqamətlənir. Bunu Şahbuz rayonunun timsalında da görmək olar.
Təbii gözəllik olan yerdə insanların işləmək əzmi də yüksək olur. Elə bunun nəticəsidir ki, son illər ərzində bu bölgədə xeyli sayda quruculuq tədbirləri həyata keçirilib. Məlumat üçün bildirək ki, Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə, 22 kənd var. İndiyədək rayonun 20-dək yaşayış məntəqəsində kompleks qu­ruculuq işləri aparılıb. Sevindirici haldır ki, ən ucqar dağ kəndləri olan Şada, Kükü, Kolanı, Biçənək, Keçili və adını sadalamadığımız neçə belə kəndlərə də bu quruculuq tədbirlərindən pay düşüb. Bütün bunlar barədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərində keçirilən tədbirdə geniş danışıldı. Rayon ictimaiyyətinə bölgənin musiqi kollektivlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim olundu.

Sədərək rayonu

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sədərək rayonunda keçirilən tədbirdə sərhəd bölgəsinin sakinləri yüksək fəallıqla iştirak edirdilər. Onların son illər bu rayonda həyata keçirilən tədbirlər hesabına Sədərəyin müasir rayona çevrilməsindən qürur hissi duyduqlarını hiss etmək çətin deyildi. Mövcud problemlərin həll olunması istiqamətində son illərdə görülən işlərə sədərəklilər də töhfələrini verir, öz doğma yurd yerlərinin gözəl məkana çevrilməsini vətəndaşlıq borcu hesab edirlər.
Bayram tədbirində rayonun musiqi kollektivləri sədərəklilərə xoş ovqat bəxş etdilər.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR