Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını Naxçıvan Muxtar Respublikasında təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər planı icra üçün rəhbərliyə alınmış və ötən bir il ərzində bir sıra tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il aprelin 7-9-da Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının, Gənclər Mərkəzinin, Hərbi Prokurorluğun yeni inzibati binasının, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuş, muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilmiş yeni texnika və silahlara baxmışdır.
2014-cü il aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir. Yubiley tədbirində Azərbaycandakı diplomatik korpusun, muxtar respublika hökumətinin və ictimaiyyətin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
“Muxtariyyət ili”ndə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı Muzeyi və Məhəmməd Tağı Sidqinin ev-muzeyi yaradılmışdır ki, bunlar da mövcud muzeylər şəbəkəsinin genişləndirilməsində, muxtar respublika tarixinin və ədəbi mühitinin tədqiqində yeni mərhələ təşkil etmişdir. Bundan başqa, Ordubad şəhərində Yusif Məmmədəliyevin ev-muzeyi yenidən qurularaq, Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi tikilərək istifadəyə verilmiş, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür Kitab Muzeyinin filialı yaradılmış, Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni binanın tikintisi başa çatdırılmışdır.
Xalqımız qarşısında misilsiz xidmətləri olan dahi şəxsiyyətlərin yubileyləri qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 7 mart tarixli Sərəncamına əsasən, iyulun 2-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi, “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən isə dekabrın 5-də Ordubad Rayon Mədəniyyət Evində Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi keçirilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” 2014-cü il 21 avqust tarixli Sərəncamına əsasən, oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi qeyd edilmişdir.
Konfrans və forumlar
“Muxtariyyət ili” bir sıra konfrans və forumlarla yadda qalmışdır. “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən, 2014-cü il iyunun 4 və 5-də Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov geniş məruzə ilə çıxış etmiş, elm xadimlərinin çıxışları dinlənilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Azərbaycan Milli Elmlər Akademiyası arasında Naxçıvan Muxtar Respublikasında elmin inkişaf etdirilməsi üzrə birgə əməkdaşlığa dair saziş imzalamışlar. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına həqiqi və müxbir üzv seçilənlərə üzvlük diplomu və vəsiqələri təqdim olunmuşdur.
Muxtar respublikanın 90 illiyi münasibətilə 2014-cü il oktyabrın 23-24-də Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı iqtisadi sahədə yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından faydalı olmuşdur. Forumda türkdilli ölkələrin ticarət-sənaye palatalarının, sahibkar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak etmişdir.
Tədbirlər planına uyğun olaraq, dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının inkişafı” mövzusunda elmi konfrans keçirilmişdir.
2014-cü il iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri cənab Vasif Talıbov iyulun 28-də Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, iyulun 29-da isə Acarıstan Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür. Görüşlərdə Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı mədəniyyət, turizm, idman, təhsil və səhiyyə sahəsində əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmış, əməkdaşlığın gələcək inkişafı barədə fikir mübadiləsi aparılmışdır.
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşmüşdür. Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələrdən danışmış, Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkürünü bildirmiş, müəllim və tələbələrə kompüter dəstləri hədiyyə etmişdir.
Muxtar respublikanın 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan günləri”ndə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 14-dən 17-dək Polşa Respublikasının Krakov şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində bir sıra elm və təhsil müəssisələrində, eləcə də iş adamları ilə görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlığa dair niyyət protokolları imzalanmışdır. İyunun 16-da isə Krakov şəhərinin Opera Teatrında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar konsert olmuşdur. Konsertdən sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasından bəhs edən kitab, albom və kataloqlardan, muxtar respublikada istehsal olunan yerli məhsullardan, eləcə də Naxçıvanla bağlı fotoşəkillərdən ibarət sərgiyə baxmışlar.
Noyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası nümayəndə heyətinin rəhbəri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə iştirak etmiş, muxtar respublika ilə bağlı film nümayiş olunmuş, qonaqlara Naxçıvan mətbəxinin nümunələri, Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə bolqar və ingilis dillərində nəşr olunmuş broşürlər və milli suvenirlər təqdim edilmişdir.
Bundan əlavə, 2014-cü ilin aprel ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində, oktyabr ayında Türkiyənin paytaxtı Ankara şəhərində, noyabr ayında Türkiyənin Qars şəhərindəki Heydər Əliyev adına Sənaye Peşə Təmayüllü Liseydə, noyabrın 12-13-də Cənubi Afrika Respublikasının Cohannesburq şəhərində, noyabrın 25-də ABŞ Konqresində, dekabrın 16-da Serbiyada Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir və konfranslar keçirilmişdir.
Həmçinin dünya mətbuatında da Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı məqalələr çap olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqları tərəfindən Almaniyada nəşr olunan İRS/ERBE jurnalında, Belçika Krallığının turizm sahəsində fəaliyyət göstərən “Belgapress” onlayn qəzetində və “Le temps de vivre” jurnalında, İordaniyanın “Əl-Uruba” xəbər portalında, Hindistanın “The Blue Moon” qəzetində və “Political Events” jurnalında, Koreya Respublikasının “Korea Post” jurnalında, Malayziyanın “Gateway” analitik informasiya bülletenində, Özbəkistanın populyar “Daraxçı” qəzetində və aparıcı ictimai-siyasi xəbər agentliyinin saytında, İranın “Şəhriyar” qəzetində, Rusiya Federasiyasının Yekaterinburqdakı “Moskovskiy Komsomoleç” qəzetinin internet səhifəsində, eləcə də ABŞ-da yaşayan müstəqil araşdırmaçı-jurnalist Peter Tase tərəfindən dünyanın bir sıra ingilis və ispandilli internet qəzet və jurnallarında Naxçıvan Muxtar Respublikasına həsr olunmuş məqalələr çap olunmuşdur.
İdman yarışları
2014-cü ildə muxtar respublikada keçirilən idman yarışları daha geniş vüsət almışdır. Mayın 4-də Naxçıvanda “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimində çıxış etmişdir. Beynəlxalq festivalda keçmiş dünya və Avropa çempionları, 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq şahmat ustası və 6 FİDE ustası iştirak etmiş, muxtar respublikanı festivalda 66 şahmatçı təmsil etmişdir.
Mayın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarış keçirilmişdir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış etmiş, idmançılara uğurlar arzulamışdır. “A” və “B” yarımqruplarında komanda sistemi üzrə keçirilən beynəlxalq yarışda 6 xarici ölkədən – Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Gürcüstan, eləcə də Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasından olan 85 idmançı 8 çəki dərəcəsində mübarizə aparmışdır.
Mayın 6-da İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qolbol paralimpiya idman növü üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin yığma komandası, İran İslam Respublikasının Urmiya şəhərinin komandası, Bakı və Naxçıvan təmsilçiləri birincilik uğrunda mübarizə aparmışlar.
İyulun 5-də İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçirilmişdir. 23 ölkədən (Azərbaycan, Rusiya, Ukrayna, Almaniya, İsrail, İran, Yaponiya, Belarus, Livan, Qazaxıstan, İsveç, Monqolustan, Yunanıstan, Böyük Britaniya, Özbəkistan, Avstraliya, Hollandiya, İtaliya, Kipr, ABŞ, Belçika, Qırğızıstan və Latviya) 170 veteran ağır atletin mübarizəyə qatıldığı dünya kuboku uğrunda yarışda kişilər və qadınlar 16 çəki dərəcəsində qüvvələrini sınamışlar.
Müsabiqə və sərgilər
İl ərzində muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda guşələr yaradılmış, kitabxanalarda sərgilər təşkil edilmiş, ümumtəhsil məktəblərində inşa-yazı müsabiqələri keçirilmişdir.
Aprel ayında “Naxçıvan Biznes Mərkəzi” MMC-də muxtar respublikada istehsal edilən müxtəlif növ ərzaq və sənaye məhsullarının, həmçinin əl işləri və rəsm əsərlərinin sərgisi təşkil edilmişdir. Sərgidə 88 müəssisənin 300-dən çox növdə məhsulu, o cümlədən yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, geyim istehsalı, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları və 27 sənətkarın əl işləri nümayiş etdirilmişdir.
2014-cü il may ayının 20-23-də “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən festivalda Türkiyə, İran, İtaliya, Rusiya, Qazaxıstan və Gürcüstanın, eləcə də Azərbaycanın və muxtar respublikanın istedadlı fırça ustaları, ümumilikdə, 36 rəssam iştirak etmişdir. Festivalda çəkilmiş əsərlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş etdirilmiş, iştirakçılara xatirə hədiyyələri təqdim olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən, noyabrın 12-də Naxçıvan Dövlət Filarmoniyasında “Ulu yurdum – Naxçıvanım” mövzusunda müəllif mahnıları yaradıcılıq müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışlar.
Dekabrın 16-da Gənclər Mərkəzində “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcılıq müsabiqəsinin yekun mərhələsi olmuşdur. Müsabiqə teleradio verilişi və qəzet məqaləsi, videoçarx, rəsm, ədəbi yaradıcılıq və fotoreportaj nominasiyaları üzrə keçirilmişdir. 65 iştirakçı tərəfindən müsabiqəyə 93 material təqdim olunmuşdur. Müsabiqənin qalibləri mükafatlandırılmış, bütün iştirakçılara hədiyyələr verilmişdir.
Kitab təqdimatları
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi kitab təqdimatları ilə də qeyd olunmuşdur. 2014-cü il fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən çap olunan “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində kitabın hazırlanmasında əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatları təqdim olunmuşdur.
2014-cü il sentyabrın 29-da Heydər Əliyev Muzeyində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışlarının öz əksini tapdığı, eləcə də fotoşəkillərin yer aldığı “90 il. Naxçıvan Muxtar Respublikası” miniatür kitabının təqdimat mərasimi keçirilmişdir.
Bununla yanaşı, 2014-cü il aprelin 23-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Uşaq ədəbiyyatı” silsiləsindən nəşr olunan “Təmsillər”, “Poema və pyeslər” və “Şeir və hekayələr” kitablarının, oktyabrın 22-də isə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi tərəfindən “Naxçıvan 90 il” kitab-albomunun təqdimatı keçirilmişdir.
“Muxtariyyət ili”ndə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 7, Naxçıvan Dövlət Universitetində isə 8 yeni kitabın təqdimatı olmuşdur.
“Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq keçirilən digər tədbirlər
Tədbirlər planına əsasən, Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Həsənəli Eyvazlının Naxçıvanın muxtariyyət tarixindən bəhs edən “Araz sahilində doğan Günəş” tamaşası Naxçıvan şəhər ictimaiyyəti, ali və orta ixtisas təhsili müəssisələri, eləcə də hərbçilər üçün göstərilmiş, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarına təşkil olunmuş qastrol səfərlərində nümayiş etdirilmişdir.
“Muxtariyyət ili” ilə əlaqədar “Naxçıvan Biznes Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən “Xalq yaradıcılıq emalatxanası”nın xalçaçılıq bölməsində üzərində “90 il” yazısı əks olunan 11 böyük və 16 kiçikölçülü xalça toxunmuşdur. Muxtar respublikada istehsal olunan 20-dən çox növdə məhsulların etiketlərində “Naxçıvan – 90” loqosu əks etdirilmişdir.
Muxtariyyət tarixi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində 60-dan çox açıq dərs keçilmiş, ümumilikdə, 1200-dən çox şagird və tələbə bu dərslərə cəlb edilmişdir.
www.nakhchivan.az internet portalında “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda tematik səhifə yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə zərf və poçt markaları buraxılmışdır.
“Muxtariyyət ili”ndə aidiyyəti təşkilatlar tərəfindən də bir sıra tədbirlər görülmüşdür:
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muxtar respublikanın mədəniyyət müəssisə və təşkilatlarında “Muxtariyyət ili” ilə bağlı sərgilər, guşələr, oxucu konfransları, kitab təqdimatları və ədəbi-bədii gecələr keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş hesabat konsertləri təşkil olunmuşdur.
Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri qədim diyara həsr olunmuş əsərlərlə repertuarını zənginləşdirmiş, muxtariyyətin 90 illiyi ilə bağlı musiqi kollektivləri, mədəniyyət və incəsənət işçiləri qədim diyarın şəhər və rayon mərkəzlərində, parklarda müxtəlif mədəni-kütləvi tədbirlər keçirmişlər.
Naxçıvan Dövlət Kukla Teatrı muxtar respublikanın 90 illiyi ilə bağlı rayonlarda qastrol səfərlərində olmuş, tamaşalar göstərmişdir.
“Muxtariyyət ili”ndə muzeylərdə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Ulu öndər Heydər Əliyev və Naxçıvan”, “Azərbaycanın ən yeni tarixində Naxçıvan”, “Səni tərənnüm edirəm, doğma Naxçıvan”, “Naxçıvan ədəbi mühiti muxtariyyət illərində” mövzularında keçirilən tədbirlərdə və açıq dərslərdə məktəblilərə, tələbələrə, kursantlara, hərbçilərə qədim diyarın 90 ildə keçdiyi çətin və şərəfli inkişaf yolu haqqında geniş məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikanın ümumtəhsil, peşə və orta ixtisas məktəblərində, eyni zamanda məktəbdənkənar tərbiyə müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” başlığı altında şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil etmiş, ədəbi-bədii gecələr, fənn olimpiadaları, hərbi idman oyunları keçirmişdir.
Məktəb kitabxanalarında, rayon və şəhərlərdə fəaliyyət göstərən muzeylərdə Naxçıvanın ədəbiyyatı və tarixinin öyrənilməsi ilə bağlı açıq dərslər təşkil olunmuşdur. Eyni zamanda təhsil müəssisələrində muxtar respublikanın tarixinin, ədəbiyyatının və coğrafiyasının öyrənilməsi məqsədilə şagirdlər arasında “Şərqin qapısı – Naxçıvan”, “Heydər Əliyev və Naxçıvan”, “Nuh yurdu” mövzularında bilik və “Şən startlar” yarışı təşkil edilmişdir.
“Muxtariyyət ili” ilə əlaqədar təhsil müəssisələrinin şagirdləri arasında şeir müsabiqəsi, eləcə də “Bacarıqlı əllər” başlığı altında rəsm, toxuma və tikmə müsabiqələri keçirilmiş, aid idman federasiyaları ilə birlikdə “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında kross, yüngül atletika, voleybol, futbol, şahmat, stolüstü dama idman növləri üzrə turnirlər təşkil olunmuşdur.
Muxtar respublikanın ümumtəhsil müəssisələrində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın flora və faunası”, “Naxçıvan dahilər diyarıdır”, “Naxçıvanın yeraltı və yerüstü sərvətləri”, “Naxçıvan müstəqillik yollarında”, “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü”, “Naxçıvanın tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir” mövzularında inşa-yazı işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında 2014-cü ildə Naxçıvan Muxtar Respublika Stadionunda Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında qaçış, 16 yaşadək məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər açıq birinciliyi, Şərur Rayon Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında tennis üzrə muxtar respublika birinciliyi təşkil olunmuş, ümumilikdə, 22 idman yarışı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar 2014-cü il fevralın 7-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin akt zalında elmi konfrans, avqustun 8-dən 14-dək Ağbulaq İstirahət Mərkəzində “Gənclərin Yay Universiteti” təşkil olunmuş, gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə I yay kuboku keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrdən olan 22 uşağın Naxçıvan şəhərində yerləşən muzeylərə, tarixi abidələrə, müalicə və istirahət yerlərinə ekskursiyası təşkil olunmuşdur.
“Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin uşaqları arasında müsabiqə keçirilmişdir. Məktəbəqədər təhsil müəssisələri arasında keçirilən müsabiqədə 32 nəfər sağlamlıq imkanları məhdud uşağın iştirakı təmin olunmuşdur. “Naxçıvanım mənim” mövzusunda məktəbdənkənar müəssisələrdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm, əl işləri, mahnı müsabiqəsi və şahmat yarışları keçirilmişdir. Müsabiqədə yer tutmuş 12 nəfər sağlamlıq imkanları məhdud uşağa diplom və bütün iştirakçılara hədiyyələr verilmişdir.
2014-cü il oktyabrın 16-da istedadlı qadınların rəsm və əl işlərinin Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş sərgi-satışı təşkil olunmuşdur. 10 gün davam edən sərgi-satışda təhsil müəssisələrinin istedadlı müəllim, tələbə və şagirdləri, həmçinin həvəskar gənc qadınlar iştirak etmişlər. Sərgi-satışda 157 nəfərin 343 əl işi nümayiş olunmuş, 101 rəsm və əl işi satılmışdır.
Naxçıvan şəhərinin mədəniyyət və təhsil müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda xüsusi guşələr yaradılmış, “Muxtar respublikamızı tanıyaq və tanıdaq” devizi altında müxtəlif tədbirlər keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında tam orta məktəblərin şagirdləri arasında voleybol, stolüstü dama, şahmat yarışları keçirilmiş, rəsm, şeir, “Naxçıvan müstəqillik yolunda” mövzusunda inşa-yazı və mahnı müsabiqələri təşkil olunmuşdur.
“Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü”, “Naxçıvanın ədəbi-bədii mühiti” və “Naxçıvanın tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir” mövzularında konfranslar keçirilmişdir.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən muxtariyyətin 90 illiyi ilə bağlı parklarda mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Naxçıvan Muxtar Respublikasının yaranma tarixi və müasirlik”, “Heydər Əliyev və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti dövründə” mövzularında mühazirələr oxunmuş, “Naxçıvan və ədəbi mühit” başlığı altında ədəbi-bədii gecə təşkil olunmuşdur.
2014-cü il iyunun 10-da Naxçıvan Şəhər 2 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin iştirakı ilə “Musiqi aləmi” adlı musiqili-əyləncəli tədbir təşkil olunmuşdur.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət evlərinin özfəaliyyət kollektivləri və şöbənin “Şəlalə” instrumental ansamblı Naxçıvan şəhərində yerləşən hərbi hissələrdə konsert proqramları ilə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən tam orta məktəblərin şagirdləri arasında martın 13-də və oktyabrın 8-də “Nuh yurdu” intellektual oyunu, fevralın 7-də Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında kross üzrə Naxçıvan şəhər birinciliyi, iyulun 5-də Naxçıvan və Şahbuz komandaları arasında boks üzrə yoldaşlıq görüşü, iyulun 26-da 2000-2005-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə Naxçıvan şəhər turniri təşkil edilmiş, noyabrın 7-də ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şən startlar” yarışı üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.
Şərur rayonu üzrə il ərzində rayonun mədəniyyət müəssisələrində və ümumtəhsil məktəblərinin kitabxanalarında sərgilər təşkil edilmiş, “Muxtariyyət ili” və “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında idmanın müxtəlif növləri üzrə yarışlar, mahnı və rəsm müsabiqələri keçirilmişdir.
Şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına İstirahət Parkında ümumrayon konserti təşkil olunmuşdur. Həmçinin mayın 5-də və avqustun 8-də Yuxarı Aralıq Kənd Uşaq musiqi məktəbi, mədəniyyət evi və Şərur Şəhər İncəsənət məktəbinin kollektivləri rayonun mərkəzi parkında birgə konsert proqramı ilə çıxış etmişlər. Sentyabrın 25-də rayonun Mədəniyyət Sarayında geniş sərgi təşkil olunmuş və uşaq musiqi məktəbləri şagirdlərinin iştirakı ilə “O, Naxçıvandır, nəqşi-cahandır” mövzusunda konsert təşkil edilmişdir.
Şərur rayonunda il ərzində karate-do, voleybol, futbol, stolüstü tennis, basketbol idman növləri üzrə birinciliklər, yoldaşlıq görüşü və “Nuh yurdu” intellektual oyunu keçirilmişdir. Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Naxçıvan” mövzusunda inşa-yazı müsabiqəsi təşkil olunmuşdur.
Martın 9-da “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi-praktik konfrans, “Naxçıvandan başlayan Heydər Əliyevin ömür yolu və ictimai-siyasi fəaliyyəti vətəndaşlarımızın həyat məktəbidir” mövzusunda məktəblilər və gənclər arasında konfrans və dəyirmi masalar keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyətinin öyrənilməsi ilə əlaqədar rayonun Tarix-Diyarşünaslıq Muzeyinə, həmçinin rayon ərazisində yerləşən tarixi abidələrə məktəblilərin və gənclərin ekskursiyaları təşkil edilmişdir.
Babək rayonunun mədəniyyət və təhsil müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda xüsusi guşələr yaradılmış, Babək qəsəbə tam orta məktəbində rayon ümumtəhsil məktəbləri şagirdlərinin 40-dan çox rəsm və əl işlərinin sərgisi təşkil edilmişdir. Həmçinin məktəb şagirdləri arasında şeir müsabiqələri, bilik yarışları, “Mənim Naxçıvanım” mövzusunda inşa-yazı müsabiqəsi, musiqi məktəblərinin şagirdləri arasında xalq çalğı alətləri ifaçılarının müsabiqəsi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə Babək rayonunun 3 ümumtəhsil məktəbində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi-praktik konfrans, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Naxçıvanşünaslıq Mərkəzində, Heydər Əliyev Muzeyində rayon ümumtəhsil məktəblərinin şagirdlərinə “Yurdumuzu necə tanıyırıq?”, “Naxçıvanın tarixini öyrənirik” mövzularında açıq dərslər keçilmişdir.
Sirab, Cəhri, Zeynəddin, Şıxmahmud kənd mərkəzlərində konsert təşkil olunmuş, konsertdə xalq mahnıları, muğamlar, təsniflər oxunmuş, milli rəqslər ifa olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında Babək rayon ümumtəhsil məktəbləri arasında yüngül atletika, dama və şahmat üzrə rayon birincilikləri keçirilmişdir.
“Muxtariyyət ili” ilə əlaqədar 2014-cü il iyulun 9-dan 22-dək Babək rayonunun 8 idarə, müəssisə və təşkilatının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyaları təşkil edilmişdir.
Ordubad rayonunun mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda xüsusi guşələr yaradılmış, kitabxanalarda sərgilər, kənd mədəniyyət evləri və klublarında ədəbi-bədii kompozisiyalar, şeir müsabiqələri təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası – 90” başlığı altında Ordubad Rayon Mədəniyyət Evində “Adət və ənənələrimiz” mövzusunda əl işlərindən ibarət sərgi, Ordubad şəhərindəki tədbirlər meydanında tanınmış incəsənət xadimlərinin və yerli müğənnilərin iştirakı ilə bayram konserti təşkil edilmiş, Mədəniyyət Evinin ansamblı şəhər mərkəzində konsert proqramı ilə çıxış etmişdir.
Rayon Mərkəzi Kitabxanasında “Müstəqilliyimiz dövründə Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri”, “Naxçıvanın ədəbi mühiti” mövzularında oxucu konfransları keçirilmişdir.
Rayon Təhsil Şöbəsində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda lektoriya, rayon məktəbliləri arasında vətənpərvərlik hissinin aşılanması məqsədilə “Doğma diyarımız Naxçıvan” mövzusunda inşa-yazı müsabiqələri, bilik yarışları təşkil olunmuş, doğma diyarımızın tarixi və bugünkü inkişafı ilə bağlı viktorinalar keçirilmiş, on məktəb komandası arasında “Nuh yurdu“ intellektual oyunu təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında gənclər arasında müxtəlif idman yarışları təşkil edilmiş, o cümlədən yeniyetmə və gənclər arasında futbol üzrə rayon birinciliyi, şahmat turniri, Ordubad və Culfa rayon yeniyetmələrindən ibarət basketbol komandaları arasında yoldaşlıq görüşü, yüngül atletika üzrə rayon birinciliyi keçirilmişdir. Ümumilikdə, rayon daxilində və Naxçıvan Muxtar Respublikası üzrə keçirilən tədbirlərdə 1235-dən çox yeniyetmə və gənc iştirak etmişdir.
Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı 3 hektar sahədə “Muxtariyyət bağı” adlanan yeni meyvə bağı salınmışdır.
Culfa rayonunun mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” başlığı altında sərgilər təşkil edilmişdir. Bu sərgilərdə Naxçıvanın görkəmli yazıçı və şairlərinin Naxçıvana həsr olunmuş kitabları və fotostendlər nümayiş olunmuşdur.
Aprel ayında Culfa Rayon Mədəniyyət Evində Culfa Şəhər və Bənəniyar Kənd Uşaq musiqi məktəblərinin şagirdlərinin, rayonun mədəniyyət və istirahət parkında isə “Çeşmə” instrumental ansamblının Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş konserti təşkil olunmuşdur.
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şərqin qapısı – Naxçıvan” mövzusunda şeir və mahnı müsabiqəsi, Yaycı kənd 1 nömrəli və Əbrəqunus kənd tam orta məktəblərində “Heydər Əliyev və Naxçıvan” mövzusunda lektoriyalar, “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında Culfa şəhər 3 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin komandaları arasında bilik yarışı, viktorinalar, “Naxçıvan – doğma diyar” mövzusunda inşa-yazı müsabiqəsi, “Bacarıqlı əllər” adı altında rəsm, toxuma və tikmə müsabiqələri keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nuh yurdu” intellektual müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.
“Muxtariyyət ili” ilə əlaqədar rayonun ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində boks, cüdo, voleybol, şahmat yarışları təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında yeniyetmə və gənclər arasında voleybol üzrə Culfa və Babək rayon, cüdo üzrə Naxçıvan şəhər və Culfa rayon, basketbol üzrə isə Ordubad və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Kəngərli rayonunun təhsil və mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda xüsusi guşələr, fotostendlər yaradılmış, Kəngərli Rayon Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə dərnək üzvlərinin “Muxtariyyət ili”nə həsr olunmuş əl işlərindən ibarət sərgi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə “Ekoloji sərgi” keçirilmişdir.
Qıvraq qəsəbəsində, Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala və Qabıllı kəndlərində konsertlər təşkil olunmuş, rayon Mədəniyyət Evinin tamaşa zalında Naxçıvan Muxtar Respublikasının 90 ildə keçdiyi inkişaf yolundan bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı rayon ərazisində yerləşən idarə və müəssisələrin, təhsil müəssisələrinin müəllim və şagird kollektivinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat, futbol, voleybol, boks idman növləri üzrə rayon birincilikləri, “Nuh yurdu” intellektual bilik müsabiqəsi keçirilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Naxçıvan – doğma diyar” mövzularında inşa-yazı müsabiqəsi, “Doğma Naxçıvanım” adlı Naxçıvana həsr edilmiş şeir müsabiqəsi, “Naxçıvanın ziyalı qadınları haqqında nələri bilirik?” mövzusunda lektoriya, Naxçıvan Muxtar Respublikasının tarixinə və Konstitusiyasına həsr olunmuş olimpiada keçirilmişdir.
Şahbuz rayonunun təhsil və mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda kitab və fotoşəkillərdən ibarət xüsusi guşələr və sərgilər yaradılmışdır.
2014-cü ildə Şahbuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, Kolanı, Keçili, Kükü, Şahbuzkənd və Aşağı Qışlaq kənd mərkəzlərində rayon Mədəniyyət və Turizm, Təhsil şöbələrinin təşkilatçılığı, rayon Uşaq musiqi məktəbinin və Kolanı Kənd Uşaq musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblın iştirakı ilə konsert təşkil edilmişdir.
Rayonun təhsil və mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında Gənclər və İdman İdarəsi Təhsil Şöbəsi ilə birlikdə 15 idman və bilik yarışı, eləcə də rəsm, şeir və mahnı müsabiqələri keçirmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində “Çiçəklənən Naxçıvan”, “Naxçıvan – doğma diyar”, “Heydər Əliyev və Naxçıvan”, “Muxtariyyətimiz tarixi nailiyyətimizdir”, “Naxçıvan tarixi şəxsiyyətlər diyarıdır” mövzularında inşa-yazı müsabiqələri təşkil edilmişdir.
Sədərək rayonunun mədəniyyət və təhsil müəssisələrində Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar guşə və sərgilər təşkil olunmuşdur.
Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Sədərək və Qaraağac kəndlərinin mərkəzlərində, Uşaq musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən isə Heydərabad qəsəbəsində “Muxtariyyət ili”nə həsr olunmuş konsertlər təşkil edilmişdir.
Sədərək Rayon Gənclər və İdman İdarəsi 2014-cü ilin ötən dövrü ərzində “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında yeniyetmə şahmatçılar arasında şahmat turniri, Sədərək, Şərur və Kəngərli rayonlarının mini-futbol komandaları ilə yoldaşlıq görüşü, basketbol və voleybol üzrə turnir, stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi birgə proqram hazırlamış, proqrama əsasən, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin Naxçıvanşünaslıq Mərkəzində açıq dərsləri təşkil edilmişdir. Həmçinin Naxçıvan Dövlət Universitetinin (13 açıq dərs, 300 dinləyici), Naxçıvan Dövlət Texniki Kollecinin (9 açıq dərs, 181 dinləyici), Naxçıvan Musiqi Kollecinin (8 açıq dərs, 180 dinləyici), Naxçıvan Tibb Kollecinin (1 açıq dərs, 24 dinləyici), Kəngərli rayon Qıvraq kənd tam orta məktəbinin (1 açıq dərs, 30 dinləyici), Babək rayon Kültəpə və Hacıvar kənd tam orta məktəblərinin (2 açıq dərs, 48 dinləyici) tələbə və şagirdləri Naxçıvanşünaslıq Mərkəzində olmuş və açıq dərslər keçilmişdir.
Keçilən açıq dərslərdə AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin məruzələri dinlənilmiş, tariximizin, ədəbiyyatımızın tədqiqi və təbliği məsələləri ön plana çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadası keçirmişdir. Bu olimpiadada 500-dən artıq gənc iştirak etmişdir.
Gənclər Fondunun dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanı kəşf et”, “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək”, “Ekoloji mədəniyyət və ekoturizm” layihələri həyata keçirilmişdir.
Həmçinin fond tərəfindən gənclər arasında “Naxçıvan – doğma diyar” adlı inşa-yazı və rəsm müsabiqələri, “Nuh yurdu” intellektual oyunu və futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmiş, “I zəka oyunları” festivalı təşkil olunmuşdur.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin təşəbbüskarlığı və iştirakı ilə 2014-cü aprelin 4-də Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” portalının ingilis dilində təqdimatı, mayın 2-də Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə “Naxçıvan – qədim mədəniyyət diyarı” mövzusunda konfrans, mayın 4-də Azərbaycan Rəssamlar İttifaqının Sərgi Salonunda “Naxçıvan MR – 90” rəsm sərgisi, mayın 8-də nümayəndəlikdə “Heydər Əliyev və Naxçıvan” mövzusunda dəyirmi masa, mayın 13-də Bakı Biznes Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə, iyunun 7-də isə AMEA-nın Mərkəzi Kitabxanası ilə birgə sərgi, iyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan elminin inkişafında Naxçıvan” mövzusunda elmi konfrans, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
“Muxtariyyət ili”ndə elmin inkişafına göstərilən qayğı elmi potensialın artması ilə nəticələnmiş, 2014-cü ildə 1 nəfər AMEA-nın həqiqi üzvü, 5 nəfər AMEA-nın müxbir üzvü seçilmiş, 1 nəfər elmlər doktoru, 13 nəfər isə fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmişdir. Ali təhsil və elm mərkəzlərində 5 beynəlxalq, 69 respublika və ali məktəb əhəmiyyətli konfrans və simpoziumlar keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar fevralın 7-də “Moskva, Qars müqavilələri və Naxçıvanın muxtariyyət statusu”, iyunun 5-də “Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası təbiətinin öyrənilməsi vəziyyəti” mövzularında beynəlxalq elmi konfranslar keçirilmişdir.
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş 3 beynəlxalq tədbirdə iştirak və məruzə etmişlər.
Bölmənin Elektron Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar sərgi təşkil olunmuş və “Diyarşünaslıq” adlı kartotekada “Naxçıvanın muxtariyyət tarixi” adlı yeni rubrika yaradılmışdır.
Naxçıvan Dövlət Universitetinin müəllimləri “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən Beynəlxalq Konfransda fəal iştirak etmiş, məruzələrlə çıxış etmişlər.
Naxçıvan Dövlət Universiteti və Naxçıvanşünaslıq Mərkəzinin birgə planına əsasən, Naxçıvanşünaslıq Mərkəzində universitet müəllimləri tərəfindən müxtəlif ixtisasların tələbələrinə mühazirələr oxunmuşdur. Mərkəzdə dinlənilən mühazirələr Naxçıvanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, beynəlxalq əlaqələri, ədəbiyyatı, memarlığı və digər sahələri əhatə etmişdir.
Bundan əlavə, “Naxçıvanşünaslıq” fənni Azərbaycan tarixi kafedrasının tədris planına daxil edilmiş və bu fənn üzrə dərslərin Naxçıvanşünaslıq Mərkəzində keçilməsi təşkil edilmişdir.
“Muxtariyyət ili” ilə əlaqədar universitetdə “Naxçıvanın muxtariyyət məsələsi”, “Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və gələcək inkişaf”, “Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı müstəqillik illərində”, “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişaf problemləri”, “Heydər Əliyevin Naxçıvan dövrü”, “Heydər Əliyevin dövlətçilik təlimi və Naxçıvanın muxtariyyəti” mövzularında konfranslar keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında universitetdə güləş, futbol, voleybol və şahmat yarışları keçirilmişdir.
Universitetin Tarix-filologiya fakültəsində “Muxtariyyət ili”nə həsr edilmiş şeir müsabiqəsi keçirilmiş, İncəsənət fakültəsi tələbələrinin konserti olmuşdur.
Universitetin elektron kitabxanasında kitab sərgisi təşkil edilmişdir. Universitet tələbələri tərəfindən buraxılış və kurs işləri hazırlanarkən Naxçıvanın muxtariyyəti ilə bağlı mövzulara üstünlük verilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun kitabxanasında Naxçıvan mövzusunda yazılmış ədəbiyyat və mətbuat materiallarından ibarət guşə yaradılmış, “Naxçıvanın muxtariyyəti tarixi zərurətdən yaranmışdır” mövzusunda elmi konfrans keçirilmişdir.
İnstitutun tələbələrinə Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan tarixinin daş salnaməsi – Gəmiqaya petroqlifləri”, “Naxçıvanın boyalı qablar mədəniyyəti”, “Naxçıvanın memarlıq abidələri”, “Azərbaycanın ilk peşəkar rəssamı, realist boyakarlıq məktəbinin banisi Bəhruz Kəngərlinin həyat və yaradıcılığı”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanın monumental heykəltəraşlıq abidələri” kimi mövzularda açıq dərs keçilmişdir.
Tələbələrin Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş taxta, muncuq, yağlı boya və kağız materialla işlənmiş əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur.
Naxçıvan Özəl Universitetində Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 6 diskussiya keçirilmiş, Naxçıvan şəhərində və muxtar respublikanın şəhər və rayonlarında olan tarixi abidələrə, sənaye müəssisələrinə, qoruq və digər yerlərə 15-dən çox ekskursiya təşkil edilmiş, muzeylərdə açıq dərslər keçilmişdir.
Universitetdə Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş 2 elmi-praktik konfrans keçirilmiş, 2014-2015-ci tədris ilində “tarix müəllimliyi” ixtisasında “Naxçıvanın arxeoloji abidələri” və “Naxçıvan tarixi” seçmə fənn kimi salınmış, hazırda da bu fənlərin tədrisi davam edir.
Naxçıvan Tibb Kollecində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda kitab və əl işlərinin sərgisi təşkil olunmuş, sənədli filmlər nümayiş olunmuşdur. Kollecin tələbələrinə muxtariyyətin tarixi ilə bağlı açıq dərslər keçilmişdir. Tələbələrin Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyaları da təşkil edilmişdir. Kollecin tələbələri “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən idman yarışlarında fəal iştirak etmişlər.
Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş sərgi təşkil edilmiş, 2 elmi-praktik konfrans, 3 inşa və şeir müsabiqəsi, 18 açıq dərs, Heydər Əliyev Muzeyində “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi”, Ədəbiyyat Muzeyində “Hüseyn Cavid və ədəbi mühit”, “Naxçıvanda yüksələn üçrəngli bayraq”, “Naxçıvan Muxtar Respublikası mədəniyyətinin 90 ili”, “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında nəqliyyatın rolu (müstəqillik illərində)”, “Muxtar respublikada aparılan iqtisadi islahatlar” mövzularında, ümumilikdə, 40-dan çox açıq dərs keçilmiş, bu açıq dərslərə 9 müəllim, 181 tələbə cəlb edilmişdir.
Naxçıvan Musiqi Kollecində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda xüsusi guşə yaradılmış, guşəyə muxtar respublikanın tarixini, mədəni irsini, dahi şəxsiyyətlərinin həyatını, iqtisadi inkişafını və milli adət-ənənələrini özündə əks etdirən kitab, jurnal və qəzetlər qoyulmuşdur.
“Naxçıvan Muxtar Respublikası – 90” devizi altında kollecin tələbələri arasında aprelin 14-dən 17-dək voleybol yarışı, martın 13-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində bilik yarışı keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illik yubileyi” ilə əlaqədar kollecin “Dilrüba” muğam ansamblının mayın 14-də Şərur rayon “Bahar” kinoteatrında və mayın 20-də Ordubad Rayon Mədəniyyət Evində, Xalq çalğı alətləri orkestrinin “Çiçəklənən Naxçıvanım” adı altında mayın 7-də, Simfonik orkestrin və birləşmiş xorunun mayın 27-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konserti olmuşdur.
“Muxtariyyət ili”ndə kollecin Estrada orkestri yaradılmış, repertuarına Naxçıvana həsr olunmuş mahnılar salınmışdır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fevralın 7-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “İRS” adlı sərgi, martın 4-də “Qadınlardan nağıllar” mövzusunda rəsm və keramika sərgisi, aprelin 10-da “Bahar”, oktyabrın 3-də “Payız” sərgiləri, oktyabrın 15-də “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi-satış, bundan əlavə, 5 rəssamın fərdi sərgisi təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi aidiyyəti təşkilatlarla birlikdə “Naxçıvan Muxtar Respublikası – 90” devizi altında müsabiqələr təşkil etmişdir.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə “Muxtariyyət ili”nə həsr olunmuş poeziya axşamı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Naxçıvan ədəbi-mədəni mühiti muxtariyyət illərində” mövzusunda tədbir, Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan ədəbi mühitinin yetirmələri olan şairlərin Naxçıvana həsr olunmuş 30-a yaxın şeiri seçilərək Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə təqdim olunmuş, həmin şeirlər əsasında ədəbi kompozisiyalar hazırlanaraq tamaşaçılara və dinləyicilərə təqdim olunmuşdur.
“Muxtariyyət ili”ndə Heydər Əliyev lektoriyalarının təşkili müntəzəm xarakter almış, Dövlət Gömrük Komitəsində, Gənclər və İdman Nazirliyində, AMEA-nın Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda, Naxçıvan Özəl Universitetində, Naxçıvan Tibb Kollecində, Naxçıvan Dövlət Texniki Kollecində və Heydər Əliyev adına tam orta məktəbdə fəaliyyət göstərən lektoriyalarda 2014-cü il aprelin 29-dan mayın 8-dək “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi”, dekabrın 2-dən 12-dək isə “Heydər Əliyev və Naxçıvan” mövzularında məşğələlər keçirilmişdir.
Naxçıvan Dövlət Televiziya və Radiosunda müxtəlif veriliş və proqramlar, keçidlər, videoçarxlar və kompozisiyalar hazırlanmış, “Tarixin 90 ili”, “Şərqin parlayan Günəşi”, “Qars müqaviləsi və Naxçıvanın taleyi” , “Nuhun yurdu Naxçıvan”, “5000 ilin Naxçıvanı”, “Naxçıvanın təbiəti” televiziya və sənədli filmləri çəkilərək tamaşaçılara təqdim olunmuşdur.
“Muxtariyyət ili”ndə müəllif verilişlərinin hazırlanmasına da xüsusi diqqət yetirilmiş, “Tarix, həqiqətlər, faktlar”, “Tarixin izində”, “90 ilin salnaməsi” verilişləri hazırlanmışdır. Ümumilikdə, il ərzində muxtar respublikanın 90 illik tarixi inkişaf yolunu, sosial-iqtisadi inkişafını əks etdirən 84 veriliş hazırlanmış, Naxçıvan Muxtar Respublikasının 1930-1945, 1950-1960, 1970-1980, 2000-2013-cü illərdə ədəbi-mədəni mühiti “Ədəbi yüksəliş” verilişinin ayrı-ayrı buraxılışlarında tamaşaçılara təqdim olunmuşdur.
Muxtariyyətin tarixi inkişaf yolunu əks etdirən “Yaddaş” başlıqlı 18 videoçarx, yeni mahnı və kliplər, “Muxtariyyət – 90” mövzusunda silsilə reportajlar hazırlanmış, muxtariyyətin 90 illiyi ilə bağlı təşkil olunan tədbirlər həm televiziyanın, həm də radionun “Xəbərlər” redaksiyası tərəfindən işıqlandırılmışdır.
Naxçıvan Dövlət Radiosunda “Naxçıvanın muxtariyyət tarixi”, “Muxtariyyət – 90: inkişafdan intibaha”, “Tarixdən səhifələr” kimi silsilə verilişlər hazırlanmış, “Muxtariyyət ili” ilə bağlı, ümumilikdə, 48 veriliş dinləyicilərə təqdim olunmuşdur.
“Kanal 35” televiziyasında Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan tarixini öyrənirik” tədris proqramının 36 sayı, 8 veriliş, 14 videoçarx hazırlanaraq yayımlanmış, “Naxçıvanın səsi” radiosunda isə Naxçıvana həsr olunmuş 90 radio verilişi hazırlanmış və təqdim olunmuşdur.
“Muxtariyyət ili” və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə “Şərq qapısı” qəzetində 92 məqalə, 114 xəbər, 1 xüsusi buraxılış, “Nuh yurdu” qəzetində 18 məqalə, 40 xəbər, 1 xüsusi buraxılış, “Şərurun səsi” qəzetində 14 məqalə, 22 xəbər və 1 xüsusi buraxılış, “Şərqin səhəri” qəzetində 18 məqalə, 35 xəbər və 1 xüsusi buraxılış, “El həyatı” qəzetində 21 məqalə və 11 xəbər, “Arazın səsi” qəzetində 16 məqalə və 21 xəbər, “Yeni həyat” qəzetində 11 məqalə və 21 xəbər, “Oğuz yurdu” qəzetində 13 məqalə və 10 xəbər, “Oğuz səsi” qəzetində isə 23 məqalə və 25 xəbər hazırlanaraq çap edilmişdir.
Mükafatlandırma
“Muxtariyyət ili”ndə Naxçıvan Muxtar Respublikasının tərəqqisinə, inkişafına töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasından 97 nəfər, onlardan 1-i “Şöhrət” ordeni ilə, 1-i 2-ci dərəcəli, 4-ü isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 4-ü “Vətən uğrunda”, 4-ü “İgidliyə görə”, 10-u “Hərbi xidmətlərə görə”, 34-ü “Tərəqqi”, 14-ü “Dövlət qulluğunda fərqlənməyə görə”, 1-i “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə, 3-ü “general-mayor” ali hərbi rütbəsi, 1-i “III dərəcəli dövlət miqrasiya xidməti müşaviri” ali xüsusi rütbəsi ilə, 2-si “Əməkdar elm xadimi”, 3-ü “Əməkdar həkim”, 8-i “Əməkdar müəllim”, 1-i “Əməkdar rəssam”, 1-i “Əməkdar mədəniyyət işçisi”, 1-i “Əməkdar jurnalist”, 1-i “Əməkdar mühəndis”, 3-ü isə “Əməkdar tibb işçisi” fəxri adları ilə təltif olunmuşdur.
Eyni zamanda müvafiq dövr ərzində 1 nəfər Prezident təqaüdünə, 9 nəfər Prezident mükafatına layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə isə 151 nəfər, onlardan 25-i “Əməkdar müəllim”, 3-ü “Əməkdar həkim”, 2-si “Əməkdar rəssam”, 5-i “Əməkdar dövlət qulluqçusu”, 1-i “Əməkdar jurnalist”, 2-si “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, 1-i “Əməkdar mühəndis”, 1-i “Əməkdar hüquqşünas”, 2-si “Əməkdar kənd təsərrüfatı işçisi”, 5-i “Əməkdar tibb işçisi” fəxri adına layiq görülmüş, 20-si “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 84-ü “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.
“Muxtariyyət ili”ndə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 3 ümumtəhsil məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə 10000 manat məbləğində, 5 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandığına görə 5000 manat məbləğində birdəfəlik pul mükafatları ilə mükafatlandırılmışdır.
Çap məhsulları
“Muxtariyyət ili”ndə muxtar respublikamızın 90 illik yubileyinə həsr edilmiş, onun tarixi, iqtisadiyyatı və mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən bir sıra kitablar nəşr olunmuşdur. Ümumilikdə, muxtar respublika üzrə alim və tədqiqatçıların 143 kitab və monoqrafiyası, 59 metodik vəsaiti, 1600-dən çox elmi məqalə və tezisi çap olunmuşdur. Bununla yanaşı, “Muxtariyyət ili”ndə “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının 2 nömrəsi, muxtar respublikanın şair və yazıçılarının 40-a yaxın kitabı nəşr edilmişdir. Kitab və monoqrafiyaların əksəriyyəti Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuşdur.