Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Yarandığı gündən nazirliyin fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə normativ-hüquqi aktlar, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planları, təlimlərin, məşqlərin keçirilməsi üzrə təlimatlar, xidmətlərin əsasnamələri işlənib hazırlanmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
Muxtar respublikada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün müasir iş şəraitinin yaradılması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 2014-cü ildə Sədərək rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası tikilib istifadəyə verilmişdir. Zabit və gizirlər üçün Naxçıvan şəhərində 7 mərtəbəli 48 mənzilli yeni xidməti yaşayış binasının tikintisi isə davam etdirilir.
Fövqəladə halların xəbərdar edilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının mühüm istiqamətləri üzrə fəaliyyətin təşkilində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması vacib şərtdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ixtisaslı kadrlarla təminatı diqqət mərkəzində saxlanılır, struktur qurumların komplektləşdirilməsi yönündə ardıcıl tədbirlər görülür. Bu il 30 nəfər hərbi qurumlarda həqiqi hərbi xidmətə, 14 nəfər yanğın təhlükəsizliyi orqanlarında xidmətə, 6 nəfər dövlət qulluğu vəzifələrinə, 5 nəfər isə mülki işə qəbul edilmişdir.
Müasir dövrün tələblərinə uyğun iş prosesinin təşkil olunması məqsədilə nazirliyin tabeliyindəki qurumların peşəkarlıq səviyyəsi artırılır, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və əhalinin xəbərdar edilməsi məqsədilə taktiki təlimlər və məşğələlər keçirilir. Nazirliyin struktur qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Bu il də bu məsələ diqqət mərkəzində saxlanılmış, 1 ədəd İVECO markalı yanğın avtomobili və digər texnika və ehtiyat hissələri alınıb nazirliyin bazasına təhvil verilmişdir.
Muxtar respublikada fövqəladə halların qarşısının alınmasında, baş verən fövqəladə hadisələrin aradan qaldırılmasında və əhalinin bu istiqamətdə maarifləndirilməsində nazirliyin tabeliyindəki idarələr səmərəli fəaliyyət göstərir. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və rayon (şəhər) şöbələri tərəfindən İcra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə nəzarət edilmiş, yaşayış məntəqələrində və inzibati binalarda yanğınsöndürmə qurğularının vəziyyəti yoxlanılmış, yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısı alınmışdır. Müvafiq dövlət orqanlarının əməkdaşları ilə birlikdə reydlər keçirilərək 647 ədəd əlavə çəkilmiş elektrik xəttinin və qeyri-standart elektrik qızdırıcılarının, 526 ədəd qeyri-standart boru ilə çəkilmiş qaz xəttinin və qaz sobalarının istismarı dayandırılmış, yaşayış məntəqələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yoxlamalar keçirilərək “Şəxsi və dövlət yaşayış evlərində yanğın təhlükəsizliyi qaydaları” barədə tövsiyələr təqdim edilmiş, vətəndaşlar yanğına qarşı təlimatlandırılmışlar.
Nazirliyin “112” qaynar telefon xəttinin fasiləsiz fəaliyyəti təmin edilmiş, mütəmadi olaraq Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə struktur qurumlar arasında videokonfrans əlaqəsi yaradılmış, elektron xəritənin məlumat bazasında yerləşdirilmiş 1705 obyektin məlumatı dəqiqləşdirilmişdir. Mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarə orqanlarında və təsərrüfat obyektlərində mülki müdafiə təlimi, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında müxtəlif səpkili konfrans və digər maarifləndirici tədbirlər keçirilmiş, kütləvi informasiya vasitələrində məlumatlar təqdim olunmuşdur.
Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması, radiasiya təhlükəsizliyinə, sənayedə və mədən işlərində texniki təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələrin icrasının təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Nazirliyin səlahiyyət dairəsinə uyğun olaraq, 11 yeni təhlükə potensiallı obyekt, 126 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınmış, 46 texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanları və qeydiyyat şəhadətnamələri verilmiş, 32 müəssisədə 278 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılmışdır. İstehsal təyinatlı obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi üzrə nazirliyin nəzarət funksiyaları artırılmış, təhlükə potensiallı obyektlərdə mühafizə işinin təşkili ilə bağlı yoxlamalar aparılmış, işçilər texniki təhlükəsizlik üzrə attestasiyadan keçirilmişlər.
Əhalinin ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilində operativliyi təmin etmək məqsədilə Şərur və Sədərək rayonlarında mülki müdafiə səfərbərlik anbarları yaradılmış, həmin rayonların əhalisinin sayı qədər əleyhqaz tədarük olunmuşdur. Yanğına qarşı tədbirlərin gücləndirilməsi məqsədilə 2014-cü ildə 2 min 729 obyektdə əsaslı, 2 min 827 obyektdə nəzəri, 1691 obyektdə məqsədli yoxlamalar aparılmış, 106 min 854 şəxsi yaşayış evində, 324 dövlət yaşayış binasında reydlər keçirilmiş, yanğın təhlükəsiziliyi tədbirləri görülmüşdür.
Hər bir dövlət üçün ərzaq təhlükəsizliyi strateji əhəmiyyət kəsb edən ən mühüm amillərdəndir. Buna görə də nazirliyin əməkdaşları muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlərin etibarlı təşkilini diqqət mərkəzində saxlayır. Bu məqsədlə yaradılmış Dövlət Taxıl Fondunda saxlanılan taxılın saxlanma şəraiti, yanğın və texniki təhlükəsizlik məsələləri mütəmadi olaraq yoxlanılır, taxılın dövriyyəsi barədə 6 aylıq və illik məlumatlar hazırlanır. Taxıl biçininə hazırlıq dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı texnikalarına, dəyirman və yem anbarlarına baxış keçirilir, torpaq mülkiyyətçiləri və yerli özünüidarə orqanları ilə seminar-müşavirələr təşkil olunur, yanğına qarşı təlimatlandırma işləri aparılır.
Fövqəladə hallar sahəsində qarşılıqlı münasibətlərin formalaşması, beynəlxalq təcrübələrin əldə olunması yolu ilə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Bu il sentyabrın 16-17-də Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurasının sənaye təhlükəsizliyi üzrə XII iclasının Naxçıvan şəhərində təşkil olunması buna misaldır.
Nazirliyin fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Xidməti vəzifələrinin icrasında yüksək nailiyyətlər əldə etdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşına ali hərbi rütbə verilmiş, 2 zabit “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Görülən işlər və əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi əhalinin təhlükəsiz yaşamasının, iş və istirahətinin etibarlı təmin olunması üçün hər an hazırdır. Nazirliyin şəxsi heyəti bundan sonra da öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə səylərini daha da artıracaqdır.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti