1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Çünki Ermənistanın ölkəmizə qarşı təcavüzünün davam etdiyi, ermənilərin dünyada antiazərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin gücləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edirdi. Digər tərəfdən tarixin müxtəlif mərhələlərində düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və digər səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanmasının müstəqilliyinə yeni nail olmuş ölkəmizin beynəlxalq aləmdə yerinin möhkəmləndirilməsi işinə böyük töhfələr verəcəyi şübhəsiz idi.
Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.
Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin ulu öndərin adı ilə bağlı olduğunu bildirərək demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.
23 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcıdır. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olsa da, təəssüflər olsun ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə ölkəmizdə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi ilə bağlı dövlət siyasəti yürüdülməmişdir. Diaspor quruculuğuna maraq göstərilməməsi soydaşlarımızın vətənlə əlaqələrinin genişlənməsinə, Azərbaycançılıq ideyasının inkişaf etdirilməsinə, dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyinin əldə olunmasına imkan vermirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilmiş, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, milli diaspor təşkilatlarının yaradılmasına başlanılmışdır. Ulu öndər azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz, həm də xaricdə yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayaraq demişdir: “Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi idi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunmasına, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinə şərait yaratmışdır. Qurultaydakı nitqində Azərbaycançılığın nə qədər önəmli olduğunu, xalqımızın bu ideya ətrafında sıx birləşməsinin vacibliyini bildirən ulu öndərimiz demişdir: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlamışlar.
Milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı məqsədilə 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, həmin ilin dekabr ayında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir. Dövlət komitəsinin yaradılması və qanunun qəbul edilməsi, bütövlükdə, dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirmiş, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına və soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu gün dünyanın dörd bir yanındakı azərbaycanlılar yaşadıqları xarici ölkələrdə fəal toplum kimi çıxış edir, cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl xarakter almasının nəticəsidir ki, bu gün ölkəmizi xaricdə 400-dən çox diaspor təşkilatı təmsil edir.
2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. Qurultay xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların növbəti birlik və həmrəylik bayramına çevrilmişdir.
Bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaratmışdır. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki azərbaycanlı diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.
Ulu öndərimiz Heydər Əliyevin milli birlik və Azərbaycançılıq ideyalarını layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli liderimizin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir.
Dünya azərbaycanlılarının həmrəyliyi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi və ulu öndərin bu arzusu həyata keçmişdir. 31 dekabr tarixinin ən mühüm qayəsi həm də ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş və ümummilli bayrama çevrilmişdir. Dövlət başçısının bu il dekabrın 24-də dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubunda deyildiyi kimi: “Dünyada yaşayan soydaşlarımızın Vətənə və Azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir”.
“Şərq qapısı”