Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində göstərilir ki, Vətəni müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. Buna görə də qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Azərbaycan Respublikasının “Hərbi xidmət keçmə haqqında” Qanununda Vətənin əsgəri olmaq, onu hər hansı təcavüzdən qorumaq şərəfli vəzifə hesab olunur. Vətənə sədaqətlə xidmət etmək, onun layiqli əsgəri olmaq artıq hər bir gəncin arzu və amalına çevrilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş döyüş bayrağı altında əlində silah dayanaraq Vətənə, öz xalqına sədaqətli olacağı barədə təntənəli surətdə and içir. Hərbi and içən döyüşçü təntənəli surətdə vəd edir ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaq, bundan ötrü qanını və canını əsirgəməyəcəkdir.
Təbii ki, bütün bunlar gənc əsgərin hərbi-vətənpərvərlik tərbiyəsinə öz müsbət təsirini göstərir və o, hərbi anddan sonra öz xidmətini daha məsuliyyətlə yerinə yetirir.
Hərbi-vətənpərvərlik tərbiyəsi gənc nəsli Vətənə məhəbbət ruhunda tərbiyə edir, sağlam düşüncəli insan cəmiyyəti formalaşdırır. Vətənimizin suverenliyini, xalqımızın dinc və yaradıcı əməyini etibarlı surətdə qorumaq, ərazi bütövlüyümüzü təmin etmək üçün ordu sıralarında hərtərəfli biliyə malik olan vətənpərvər gənclər olmalıdır. Həm də əsgərlərin hərb işini öyrənərək mürəkkəb hərbi ixtisaslara yiyələnmələri düşmənə qalib gəlmək bacarığını mənimsəmək deməkdir.
Bütün bunları nəzərə alaraq Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji təminat şöbəsi tərəfindən əsgərlərin mənəvi-psixoloji durumunun saflaşdırılmasında və hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində xüsusi əhəmiyyətə malik olan məqsədyönlü tədbirlər həyata keçirilir. Təbii ki, şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsinin və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi işində, ilk növbədə, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri əsas götürülür. Belə ki, hərbi hissə və bölmələrdə şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi, əsgəri dostluq, yoldaşlıq münasibətlərinin və milli həmrəylik ruhunun daha da gücləndirilməsi məqsədilə “Şəxsiyyətə fərdi yanaşma” adlı yeni tərbiyə metodu tətbiq edilir. Bu, hərbi qulluqçular arasında “Hami – can və ürək dostu” tərbiyə metodudur ki, Əlahiddə Ümumqoşun Ordusunun tabeliyindəki hərbi hissə və bölmələrdə tətbiq edilərək öz bəhrələrini verməkdədir.
“Şəxsiyyətə fərdi yanaşma” tərbiyə metoduna əsasən, mütəxəssis hazırlığı kursunu bitirərək ştat üzrə xidmət yerinə yeni gəlmiş əsgər və çavuşlar üçün özündən 5-6 ay çox xidmət etmiş, ali, orta ixtisas və tam orta təhsilli, döyüş əlaçısı, intizamlı, əxlaqlı, bacarıqlı, yüksək düşüncə qabiliyyətinə malik olan əsgər və çavuşlardan hami – can və ürək dostu təyin edilir. Xidməti yerinə yenicə qədəm qoymuş gənc əsgər və çavuşlar onlar üçün təyin olunmuş hami – can və ürək dostunun mənəvi dəstəyi ilə hissə və ya bölməyə uyğunlaşmağa başlayırlar. Bu tərbiyə metodu şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin, cinayət və xoşagəlməz hadisələrin qarşısının alınmasında mühüm rol oynayır. Təbii ki, bu da əvvəlki illərlə müqayisədə xoşagəlməz hadisələrin sayının azalmasına öz müsbət təsirini göstərir.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisindən həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçulardan hər hansı biri qısamüddətli məzuniyyətə gedən zaman ölkəmizin digər bölgələrindən, ucqar rayonlarından olan əsgərlərdən birini də özü ilə evlərinə qonaq aparır. Artıq belə tərbiyə metodu ənənə halını alıb ki, bu da xalqımızın milli dəyərlərindən olan qonaqpərvərliyi özündə ehtiva edir. Qısamüddətli məzuniyyətdə olan zaman bir əsgər digərinin evində duz-çörək kəsir. Xalqımızın adət-ənənəsində bir-birləri ilə duz-çörək kəsən insanların ömürlük dostluq ülfəti bağladıqları məlumdur. Deməli, bu cür tədbirlər şəxsi heyətin həm mənəvi-psixoloji durumunun saflaşdırılmasında mühüm rol oynayır, həm də əsgərlər arasında ömürlük dostluq münasibətləri formalaşdırır.
Əlahiddə Ümumqoşun Ordusunun tabeliyindəki hərbi hissə və bölmələrdə xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin nəticəsidir. Həmçinin qarşılıqlı hörmət və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı şəxsi heyətin xidmətinin əsasını təşkil edir. “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarını əldə rəhbər tutan hərbi qulluqçularımız Vətən torpaqlarının etibarlı müdafiəsində yumruqtək bir olduqlarını nümayiş etdirirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji təminat şöbəsi tərəfindən şəxsi heyət arasında həyata keçirilən hərbi-tərbiyəvi işlərdə milli həmrəylik, milli təəssübkeşlik, milli qürur hisləri və Azərbaycançılıq ideyası əldə rəhbər tutulur. Bundan sonra da Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji təminat şöbəsi tərəfindən əsgərlərin mənəvi-psixoloji durumunun və hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi davam etdiriləcək ki, hər bir əsgər hərbi anda, Vətənə və xalqa sadiq olsun.
Nəriman NƏCƏFOV
Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji
təminat şöbəsinin məsləhətçi-psixoloqu