Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarixboyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni yenə müasir dövrün reallıqları prizmasında qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional önəmə malik siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik olan bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqətləri cəlb edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 14 yanvar 2014-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola yüksək qiymət verərək Naxçıvanın daim milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirməsini, muxtariyyətin Azərbaycanın beynəlxalq münasibətlərindəki yerini xüsusi vurğulaması qeyd etdiklərimizi təsdiq edir.
Bu gün bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Məsələ burasındadır ki, Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun qeyd etdiyi kimi, Avropanın analoji qurumlarından yalnız Gürcüstanın Acarıstan Muxtar Respublikası və Finlandiyaya məxsus Aland adaları beynəlxalq müqavilə ilə yaradılsa da, Naxçıvan Muxtar Respublikasının statusu, buradakı muxtariyyətin siyasi səlahiyyətləri yuxarıda qeyd olunan hər iki muxtar qurumdan fərqlidir.
Anar İbrahimov bildirir ki, Naxçıvanla eyni beynəlxalq müqavilə ilə muxtar qurum formasında təşkil olunan Acarıstanın siyasi səlahiyyətləri məhduddur və daha çox inzibati-iqtisadi səlahiyyətlərə aiddir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası tərəfindən yaradılan Aland adalarındakı muxtariyyət isə dövlət statusuna malik deyil. Hər iki muxtar qurumdan fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi (geri çağırılması) prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir.
Anar İbrahimov digər bir amilə də diqqət çəkərək deyir ki, Naxçıvan muxtariyyəti daxili qanunvericilik, sərbəst büdcə siyasəti sahəsində, muxtariyyətin mərkəzi hakimiyyətlə əlaqələr mexanizminin istər siyasi, istərsə də hüquqi cəhətdən müsbət mənada heç yerdə təkrarlanmayan xüsusiyyətlərə malikdir. Unitar dövlət olan Azərbaycanın tərkibində muxtar dövlətin, prezidentlik üsul-idarəsi olan dövlətin tərkibində parlamentar respublikanın mövcud olması da bu xüsusiyyətlərdən biridir.
Ən əsası isə bütün bu xüsusiyyətlər və özünəməxsusluqlar burada mükəmməl siyasi-hüquqi mexanizmlərin təşəkkül tapmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, Naxçıvan muxtariyyətinin bu xüsusiyyətləri Avropanın müxtəlif dövlətlərarası təşkilatları tərəfindən də dəfələrlə qeyd olunub. Naxçıvanın muxtariyyət modeli 30 oktyabr 2013-cü il tarixdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilib. Sessiyada İtaliyadan olan məruzəçi Bruno Marzianonun “Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatında Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu da xüsusi qeyd edilərək belə bir modelin çox faydalı olduğu vurğulanıb. Bu cür dəyərləndirmə 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası olduqca mürəkkəb, çətin, eyni zamanda şərəfli yol keçib. Tarixboyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir məkrli qüvvə naxçıvanlıların iradəsini qıra bilməyib. Bu baxımdan muxtariyyət statusu Naxçıvanın siyasi taleyində də mühüm əhəmiyyət kəsb edib.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın və onun gözəl guşələrindən olan Naxçıvanın qorunmasında və inkişafında misilsiz xidmətləri olub. Dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu gün naxçıvanlılar qədim diyarın iqtisadiyyatını, elm və təhsilini, mədəniyyətini çox böyük uğurla inkişaf etdirirlər. Son illər Naxçıvan Muxtar Respublikasının Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırılması da bu baxımdan təsadüfi deyil.
Rauf Əliyev