Dünyada bəzi dövlətlərin ərazisinin bir hissəsinin başqa ölkənin və ya ölkələr qrupunun əhatəsində yerləşməsi hamımıza məlumdur. Anklav ərazilər hesab edilən bu cür sahələrə Rusiya Federasiyasında Kalininqrad Vilayətini, Amerika Birləşmiş Ştatlarında Alyaska ştatını, Cənubi Afrika Respublikasının daxilində yerləşən Svazilend və Lesoto ərazilərini misal göstərmək olar.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın muxtariyyət statusu qazanmasına səbəb həm də ərazinin uzun illər boyu müxtəlif geostrateji maraqların ən çox kəsişdiyi nöqtələrdən biri kimi mövcud olmasıdır. Bu maraqlar ötən əsrin əvvəllərində, hətta ondan əvvəlki dövrlərdə də olub, bu gün də var.
Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin, ancaq şərəfli bir tarixi inkişaf yolu keçib. Bir zamanlar coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb, onunla sərhədi ərazi itirilməsi nəticəsində ləğv olunub. Qədim Azərbaycan torpaqlarında öz dövlətlərini quran, sonra bu dövlətin ərazilərini artırmaq həvəsi kimi sərsəm ideyalarla yaşayan ermənilər daim Naxçıvan ərazilərinə iddia edib və bəzən bu iddiaları böyük dövlətlərin, xüsusilə Rusiyanın milli maraqları ilə uzlaşdıraraq müəyyən mənada öz istəklərinə nail olublar. Böyük Türk dünyasını birləşdirən Naxçıvan adlı körpü tarixin bir çox ağır sınaqlarından çıxaraq öz muxtariyyətini əldə edib ayaqda durmağı bacardı.
Akademik İsmayıl Hacıyev yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ingilislərin və amerikalıların dəstək və yardımlarından istifadə edən erməni millətçiləri Naxçıvanı işğal etməyə çalışırdılar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin arzularının reallaşmasına imkan vermədi. Naxçıvanın qəhrəman əhalisi bu diyarı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edərək Ana Vətənə birləşmək uğrunda inadla mübarizə aparıb. Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikası adlı cümhuriyyət yaratdılar. Əhalisi bir milyon nəfərdən çox olan Araz-Türk Respublikasının yaradılmasında ən başlıca məqsəd bölgənin erməni işğalına düşməsinə imkan verməmək idi. 1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldilər və burada general-qubernatorluq yaratdılar. Bir ay sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri də Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçvanın könüllü surətdə Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında idi. Təbii ki, ingilislərin başqa maraqları da var idi. Akademik qeyd edir ki, “...Naxçıvandakı ingilis missiyası ermənilərin respublika hüdudlarına hücumuna mane olmurdu və onların fəaliyyətində ikili siyasət özünü açıq-aşkar göstərirdi. Onlar bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifi ilə çıxış edirdilər”. Təbii ki, bütün bu məkrli təkliflərin qarşısı Naxçıvan əhalisinin mübarizliyi, mərdliyi nəticəsində alındı.
Araz-Türk Respublikası 1919-cu il mart ayının əvvəllərində fəaliyyətinə son qoyur. Naxçıvan bölgəsinin erməni hücumundan qorunmasında bu respublikanın böyük xidmətləri olub. Bir il sonra – 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrilir və Azərbaycanda Sovet hakimiyyəti bərqərar edilir. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edilir. Ancaq Naxçıvana olan iddialar yenə də səngimir.
1921-ci ilin yanvar ayında keçirilən rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizi mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verir. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin böyük əməyi və tarixi xidməti var. O, 1921-ci il martın 1-də Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı ifadə edib, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə edərək Güney Qafqazda sərhəd məsələləri və xüsusilə Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər verib. 1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Respublikasının təşkili barədə qərar qəbul edir və həmin gün imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində bu cəhət öz əksini tapır: “Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”. Güney Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi (1921, 13 oktyabr) Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqləyir və onun sərhədlərini qəti surətdə müəyyənləşdirir.
1921-1924-cü illərdə Naxçıvanla bağlı çoxsaylı müzakirələr gedir. Bu müzakirələrdə məlum olur ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin coğrafi vəziyyəti ilə bağlıdır. 1923-cü il iyunun 16-da Naxçıvan Muxtar Diyar (ölkə) adlandırılır. 1924-cü il yanvarın 4-də isə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan diyarını Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edir. Və nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul edir. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit olunur. Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi isə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapıb. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Vurğulamaq yerinə düşər ki, müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri – 1949-cu ildə 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1999-cu ildə 75, 2004-cü ildə 80, 2009-cu ildə isə 85 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. Muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak edən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 fevral 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2014-cü il tarixli Sərəncamında göstərilir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir.
Naxçıvan Muxtar Respublikasının 85 illik yubiley tədbirlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.
Naxçıvan Muxtar Respublikasının statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində iki il bundan əvvəl daha bir mühüm addım atıldı. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıyan məqam əks olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə hazırlanmış həmin hissə nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilib. Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan 2 beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, bildirilir ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunur. Maddənin sənədə salınması Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən və 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir.
Bəli, ümummilli lider Heydər Əliyevin Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi, eyni zamanda bu siyasi xəttin muxtar respublikada uğurla davam etdirilməsi regionun hərtərəfli inkişafını təmin edib, bu qədim Azərbaycan torpağını çiçəklənən diyara çevirib. Muxtariyyətinin 90-cı ilini uğurlu nəticələrlə başa vuran Naxçıvan indi hərtərəfli inkişafına görə Azərbaycanın lider regionu, böyük Türk dünyasının isə döyünən ürəyidir.
Səbuhi HƏSƏNOV