Ulu öndər Heydər Əliyеv: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.
“Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında əksini tapan, ötən 90 il ərzində bu qədim diyarın keçdiyi şərəfli yolu əks etdirən bu sətirlər hər bir naxçıvanlıda haqlı olaraq qürur hissi doğurur.
Həmin sərəncamın icrasını Naxçıvan Muxtar Respublikasında təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, muxtar respublikada konfrans və forumlar, idman yarışları keçirilmiş, müsabiqə və sərgilər təşkil edilmiş, kitab təqdimatları olmuşdur. 2014-cü il iyun ayının 4-5-də Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Beynəlxalq Konfrans, oktyabrın 23-24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı, dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının inkişafı” mövzusunda elmi konfrans keçirilmişdir.
Həmin tədbirlərin zirvəsi cari il aprel ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən 90 illik yubiley mərasimidir.
Yubiley tədbirində çıxış edən ölkə başçısı keçilən yola nəzər salmış, görülən işlərə yüksək qiymət vermiş, qiymətli sərvət olan muxtariyyətin qorunmasında, daha da möhkəmləndirilməsində ulu öndərin həyata keçirdiyi tədbirləri xatırlamışdır: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.
Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Xoşbəxtlikdən yenə də ulu öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər”.
Ölkə başçısı Naxçıvanın o illərdə ağır sınaqlardan çıxmasında ulu öndərin uzaqgörən siyasətinin mühüm rol oynadığını, naxçıvanlıların ümummilli lider Heydər Əliyevə böyük ümid bəslədiklərini və bu ümidin məhz görkəmli dövlət xadimi tərəfindən doğrulduğunu bildirmişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi.
O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoymuşdur”.
Muxtariyyətin Naxçıvana bəxş etdikləri barədə cild-cild kitablar yazmaq olar. Ona görə də hər bir naxçıvanlının taleyində mühüm rol oynayan muxtariyyət statusunun bəhrələrindən geniş danışmırıq. Ancaq bir neçə mühüm amilə diqqət yetirmək istəyirik. Muxtariyyət olmasaydı, bugünkü xoşbəxt Naxçıvan da olmayacaqdı. Naxçıvanın bu gününün təməlində ulu öndər Heydər Əliyev siyasətinə böyük ehtiram isə başlıca amil kimi öndə durur. Bu gün hər bir naxçıvanlı görür ki, bu qədim diyarın inkişafı üçün böyük sevgi və diqqətlə göstərilən səylər elə bu ehtiramın təcəssümüdür. Ötən dövrlərdə ordumuzun burada yerləşən hissələrinin hərbi potensialının möhkəmləndirilməsi, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi muxtariyyət amilinin uğurlu məntiqi nəticəsidir. Bir vaxtlar saatlarla, hətta günlərlə işıqsız qalan Naxçıvanda enerji təhlükəsizliyi məsələləri artıq öz həllini tapmış, hətta ixrac imkanları yaranmışdır.
Naxçıvanın elektrik enerjisi potensialının 220 meqavata yaxın olmasını, son illər ərzində bir neçə elektrik stansiyasının tikilməsini diqqətə çatdıran dövlət başçısı Naxçıvanda sənaye potensialının gündən-günə artmasını böyük uğur saymışdır. Prezident bildirmişdir ki, Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır. Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu uğurların səbəblərini yubiley mərasimindəki çıxışında belə açıqlamışdır: “Aydın məsələdir ki, ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi.
Həmin dövrdə Heydər Əliyev quruculuq xəttini davam etdirən Naxçıvan Azərbaycanın digər əraziləri üçün bir nümunə gücündə idi. Təsadüfi deyil ki, dövlət müstəqilliyini itirmək təhlükəsi yarandıqda bütün Azərbaycan xalqı “Heydər Əliyev hakimiyyətə gəlməlidir” tələbi ilə ayağa qalxdı”.
“1993-cü ildə böyük dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı bir tərəfdən böyük şəxsiyyətlərin tarixdə oynadıqları rolun daha bir ifadəsi idisə, digər tərəfdən xalqla milli liderin qırılmaz tellərlə bağlılığının nümunəsi idi”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, tarixə qurucu rəhbər kimi daxil olan ümummilli liderimizin hakimiyyətdə olduğu illərdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası da sabitliyə və tərəqqiyə qovuşmuş, davamlı inkişaf və əmin-amanlıq yoluna çıxmışdır.
Bir qədər geriyə ekskurs etsək, qəlbimizi qürur hissi ilə dolduran rəqəmlərin qədim diyara muxtariyyət illərinin müstəqillik tarixi dövründə gətirdiyi töhfələri görərik.
Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur.
2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır.
Əsas kapitala yönəldilən dövlət investisiyalarının həcmi də 2003-cü illə müqayisədə 4 dəfə artmışdır. Son 10 ildə 227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos stansiyası, 150 subartezian quyusu tikilmişdir. Kənd və qəsəbələrin də inkişafı diqqətdə saxlanmış, 100-dən çox kənd və qəsəbə mərkəzi tikilərək istifadəyə verilmişdir.
Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər muxtar respublikada 730 kilometrdən çox yeni avtomobil yolları salınmış, 20-yə yaxın körpü tikilmişdir.
Bu rəqəmlər 2014-cü ilin ötən 11 ayında bir qədər də yüksəlmişdir. Belə ki, on bir ay ərzində 2 milyard 81 milyon 307 min 500 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-noyabr aylarından 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,8 faiz artaraq 4758,4 manata (6067,1 ABŞ dollarına) çatmışdır.
Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 812 milyon 920 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.
İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 833 milyon 708 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 728 milyon 797 min manatı və ya 87,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Yalnız ümumiləşmiş şəkildə təqdim etdiyimiz bu azsaylı rəqəmlərin arxasında muxtariyyətin bəhrələrini, Heydər Əliyev yoluna və siyasətinə böyük ehtiramın durduğunu görmək çətin deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur”.
Muxtar MƏMMƏDOV