Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilib.
Qeyd olunub ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmış ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri, doğma Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün özünün siyasi təcrübəsindən və dövlətin imkanlarından yetərincə istifadə edirdi.
Ümummilli liderin göstərdiyi səylər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hislərinin güclənməsi, milli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşmələri üçün geniş imkanlar açıb.
2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayından sonra diasporlarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı birgə fəaliyyətinin əlaqələndirilməsi üçün ümummilli liderin 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında imzaladığı Fərman irəliyə doğru atılmış qətiyyətli və uğurlu addımlar oldu. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olunması isə bu sahədə prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə bilavasitə diaspor problemi ilə məşğul olan dövlət orqanlarının təsis edilməsi və müvafiq qanunun qəbul olunması dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işinə təkan verdi.
2003-cü ildən ümummilli liderin daxili və xarici siyasətini ardıcıllıqla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələlərini daim diqqət mərkəzində saxlayır, bu prosesin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Dövlət başçısının diaspor quruculuğu sahəsində apardığı ardıcıl, davamlı və məqsədyönlü işlərin nəticəsi olaraq, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmaların sayı ildən-ilə artır.
Ölkə rəhbərinin təşəbbüsü ilə 2006-cı il mart ayının 16-da keçirilmiş Dünya Azərbaycanlılarının II və 2011-ci il iyulun 5-də baş tutan III qurultayları diasporların birləşməsi və lobbilərin fəaliyyətinin daha da gücləndirilməsi işinə əsaslı stimul olub.
Bildirilib ki, ötən dövrün ən çox yaddaqalan hadisələrindən biri də Azərbaycan Prezidentinin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Bu, diaspor quruculuğu sahəsində müstəqil dövlətimizin qarşısında yeni vəzifələr qoyur.
Sonra məruzə ətrafında YAP Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvü Ünbülbanu Musayevanın, partiya fəallarından Fərmayıl Əsgərovun, Əli Mehdiyevin və Natəvan Hüseynovanın çıxışları olub.
* * *
Dünən Naxçıvan Müəllimlər İnstitutunda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri institutun rektoru, professor Oruc Həsənli açaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə müəllim və tələbələri təbrik etmişdir.
Bildirilmişdir ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası XX əsrin sonlarına doğru Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən bu məsələnin vacibliyini nəzərə alaraq dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə təşəbbüs irəli sürmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il 16 dekabr tarixli sessiyasında dekabrın 31-nin “Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu missiyası, bütünlüklə, milli diasporun formalaşmasına zəmin yaratmışdır. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Nəticədə, xaricdəki həmvətənlərimiz arasında Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salmış, onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verməyə başlamışlar.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, həmrəyliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.
Vurğulanmışdır ki, milli birlik ideyalarını layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir.
Tədbirin bədii hissəsində ali təhsil ocağının tələbələrinin hazırladıqları musiqili proqram təqdim olunmuşdur.
Xəbərlər şöbəsi