23 Dekabr 2024, Bazar ertəsi

Siyasi zərurətdən doğan Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Bu gün bu reallıq dünyanın tanınmış politoloqları, strateqləri tərəfindən xüsusi vurğulanır. Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə sıx bağlıdır. Qədim diyarın ərazi baxımından Azərbaycandan aralı düşməsi, ölkəmizlə heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyinin məhz muxtariyyət şəklində reallaşdırılmasını zərurətə çevirmişdir. Məhz buna görə də XX əsrin əvvəllərində Naxçıvanın üzərini qara buludların aldığı bir vaxtda öz elinə, obasına, torpağına, milli kökünə bağlı olan Vətən övladları istər hərbi, istərsə də siyasi-diplomatik sahədə bütün mümkün vasitələrdən istifadə edərək qədim yurdumuzu qoruyub saxlamış, onun Azərbaycanın tərkibində qalması, yaşaması, inkişafı üçün zəruri olan muxtariyyət statusunun alınmasına nail olmuşlar.

Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü ili muxtar respublikada “Muxtariyyət ili” elan etmişdir. Artıq “Muxtariyyət ili” sona çatmaqdadır. Qürurla deyə bilərik ki, bu günədək muxtar respublikada, ümumilikdə, Azərbaycanda, o cümlədən Türkiyədə, Bolqarıstanda, Cənubi Afrika Respublikasında və digər ölkələrdə Naxçıvan muxtariyyətinin 90 illik yubileyi ilə bağlı bir sıra silsilə tədbirlər keçirilmişdir. Şübhəsiz ki, həmin tədbirlərin ən möhtəşəmi Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu il aprelin 8-də keçirilən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim olmuşdur.
Bu tədbirlərin davamı kimi noyabrın 25-də ABŞ Konqresinin binası olan Kapitolidə senator Ronald H.Johnsonun müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illik yubileyi qeyd olunmuşdur. Bu əlamətdar tarixin şərəfinə Kapitoli binası üzərində ABŞ-ın dövlət bayrağı qaldırılmış və Konqres adından Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd edilməsi haqqında rəsmi sertifikat təqdim edilmişdir.

Sertifikat mətnində yazılır: “Bu sertifikat təsdiq edir ki, 25 noyabr 2014-cü il tarixdə müşayiətedici bayraq ABŞ Senatının binasında dalğalanmışdır. ABŞ senatoru hörmətli Ronald H.Johnsonun müraciəti ilə bu bayraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının yaranmasının 90-cı ildönümünün xatırlanması münasibəti ilə Senat binasında dalğalandırılmışdır”.
Əlamətdar tədbirin təşəbbüskarı Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tasedir. Peter Tase bu il Bakı şəhərində keçirilmiş IV Beynəlxalq Humanitar Forumun iştirakçısı olmuş, bir qrup forum iştirakçısı ilə Naxçıvana səfər etmiş, qədim diyarımızın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmişdir.
Naxçıvanla yaxından tanış olmuş Peter Tase öz təəssüratlarını ABŞ-da nəşr olunan “Foreign PolicyNews”, “Eurasireview”, “Eurasia Hoy”, Litvada nəşr olunan “Slaptai” qəzetlərində, İspaniyanın “Diariosigloxxi” portalında, Bosniya-Hersoqovinada nəşr olunan “Diegon pro” jurnalında işıqlandırmışdır. Bunlarla yanaşı, tədqiqatçı-jurnalist öz məqalələri ilə Azərbaycan həqiqətlərinin, Naxçıvanın tarixinin və mədəniyyətinin, Naxçıvana qarşı əsassız erməni iddialarının, 20 Yanvar faciəsi və Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına çalışır.
Nə yaxşı ki, ikili standartların həyat standartlarına çevrildiyi, haqqın güc deyil, gücün haqq olduğu bir dövrdə belə vicdanlı və ədalətli insanlar var. 20 ildən artıq bir dövrdə Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi yolla, əldə etdiyi uğurlar və nailiyyətlərlə tanış olan Peter Tase Naxçıvana heyranlığını gizlətməmiş, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin Amerika ictimaiyyətinin diqqətinə çatdırılması üçün senator Ronald H.Johnsona yazılı müraciət etmişdir. Müraciətdə Naxçıvanın qədim Azərbaycan torpağı olduğu, ötən əsrdə baş vermiş tarixi-siyasi proseslər nəticəsində Azərbaycandan ayrı düşdüyü və hansı şərtlər altında muxtariyyət statusu alması barədə ətraflı məlumat verilmişdir.
Peter Tasenin Naxçıvan və onun muxtariyyəti barədə söylədiyi fikirlər Ronald H.Johnsonda dərin təəssürat yaratmış və buna görə senator Kapitolidə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması təşəbbüsü ilə çıxış etmişdir.
ABŞ-da muxtariyyətin 90-cı ildönümünün ən yüksək səviyyədə qeyd olunması Azərbaycan Respublikasının dünyada gündən-günə artan nüfuzundan, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mühüm strateji əhəmiyyətə malik olmasından irəli gəlir. Kapitolidə qeyd olunan bu tədbir Naxçıvanın muxtariyyətinin beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirildiyinin bariz nümunəsidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR