Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 188-ci məşğələsi keçirilib.
“Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu əlamətdar günün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, xalqımız ən ağır, çətin məqamlarda Azərbaycançılıq ideologiyasının banisi, ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən ümummilli liderin ətrafında sıx birləşməklə möhtəşəm tarixi nailiyyətlərə imza atıb.
Universitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Vaqif Məmmədov mövzu ilə bağlı məruzə edərək Azərbaycançılıq və milli həmrəylik ideyalarının XX əsrin sonlarında daha geniş vüsət almasından danışıb. Bildirilib ki, 1989-cu ildə Naxçıvanda sərhəd hərəkatı başlayıb, milli birlik uğrunda mübarizənin təməli qoyulub.
Baş verən ictimai-siyasi proseslərə məhz ilk dəfə ulu öndər Heydər Əliyev düzgün siyasi qiymət verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Məruzədə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan diasporunun formalaşması istiqamətindəki siyasi fəaliyyətindən, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi və Azərbaycanın dünya siyasət arenasında layiqincə təmsil olunmasındakı rolundan bəhs edilib.
Bildirilib ki, bu gün dünyanın dörd bir tərəfində yaşayan, fəaliyyət göstərən həmvətənlərimiz iqtisadi-siyasi cəhətdən inkişaf etmiş, müstəqil, demokratik dövlətləri, vahid vətənləri olduğu üçün fəxr edirlər. Bu gün ümummilli liderin Azərbaycançılıq ideologiyası ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan diasporu isə milli maraqlarımızın, müstəqil Azərbaycan dövlətinin qətiyyətli siyasətinin müdafiəsi üçün fəaliyyətini gələcəkdə daha da gücləndirməlidir.
Mehriban SULTAN