Nehrəm
(Əvvəli qəzetin 27 noyabr 2014-cü il tarixli sayında)
Müasir Nehrəm haqqında danışarkən, ilk olaraq, kəndin geniş əhali ehtiyatlarını və buradakı insan resurslarını qeyd etmək lazımdır. Şübhəsiz, əhali sayının çox olması müxtəlif ixtisaslara sahib olan kadrların mövcudluğuna da imkan verir. Burada bir və ya ikiuşaqlı ailələrə çox az rast gəlmək olar. Nehrəmdə beş, yeddi və daha çox uşağı olan ailələr çoxluq təşkil edir. Əvvəlki yazıda da qeyd etmişdik ki, Nehrəmin 3230 təsərrüfatında 15 min nəfər qeydiyyatdadır. Bu, yuxarıda qeyd olunan faktı bir daha təsdiq edir – hər ailə orta hesabla 5 nəfərdən ibarətdir. İnsanların həyat səviyyəsinin yüksəlməsi, hər il çoxlu sayda yeni ailələrin qurulması və onların sosial vəziyyətinin yaxşılaşdırılması kənddə əhali sayının artmasına təsir edən əsas amillərdəndir.
Məşğuliyyət istər kənddə, istərsə də şəhərdə əhali məskunlaşması üçün mühüm şərtdir. Bu baxımdan Nehrəm bir çox yaşayış yerlərinə nümunə ola biləcək bir kənddir. Nehrəmlilər çox əməksevərdirlər. Hazırkı dövrdə dövlətimizin iş üçün yaratdığı əlverişli imkanlar – torpaqların kəndliyə verilməsi, daxili bazarın qorunması, kredit təminatı, texnika, gübrə və digər güzəştlər torpaq mülkiyyəçilərini öz işinə daha da həvəsləndirmişdir.
Kənd təsərrüfatının inkişafı səviyyəsinə görə Nehrəm hazırda təkcə Babək rayonunun deyil, muxtar respublikanın seçilən kəndlərindəndir. Belə ki, kənddə xırda və iribuynuzlu mal-qara bəsləyən 12 iri fermer təsərrüfatı vardır. Ümumiyyətlə isə kənddə 30 min başdan artıq xırdabuynuzlu, 2200 başdan artıq isə iribuynuzlu heyvan saxlanılır.
Kənddə fəaliyyət göstərən baytarlıq və süni mayalandırma məntəqəsi heyvandarlığın inkişafında böyük əhəmiyyət daşıyır. Nehrəmlilər kəndin təbiəti üçün xas olmayan arıçılıq sahəsində də öz bacarıqlarını sınayırlar. Artıq Nehrəmdə 500-ə yaxın arı ailəsinin saxlanıldığını bələdiyyə sədri ilə söhbətdən öyrəndik. İndi kəndin torpaq mülkiyyətçilərinin istifadəsində 50-dən artıq maşın-mexanizm vardır ki, onların bir çoxu lizinq yolu ilə əldə edilmişdir. Bunların köməyi ilə kənddə hər il 1500 hektardan çox taxıl, 500 hektar sahədə bostan-tərəvəz bitkiləri əkilir.
Nehrəmdə təbii su qaynaqları azdır. Suvarma məqsədilə Araz çayından Yovşanlı, Sallıqlar və Qarazəmi massivlərindəki, Heydər Əliyev Su Anbarından Pircüvardakı, Naxçıvançay və Əlincəçaydan gələn su xətlərindən isə kənddaxili torpaqların və ətraf ərazilərin suvarılması üçün istifadə olunur. Ərazisindəki təbii ehtiyatlara gəldikdə Nehrəmdə geniş molibden və soda ehtiyatları, tikinti daşı, qum vardır. Böyük miqdarda təbii ehtiyatı olan gəc xammalı tikintidə geniş istifadə olunur. Hazırda kəndin ərazisində hər birində 10-15 nəfərin işlə təmin olunduğu beş gəc istehsalı sahəsi fəaliyyət göstərir. Ümumiyyətlə isə kənddə üç lavaş, bir mebel istehsalı sahəsi, 5 dülgər sexi, 2 min kvadratmetrlik istixana, bir broyler müəssisəsi, qarışıq yem istehsalı ilə məşğul olan istehsal müəssisələri vardır. Bu müəssisələrdə 200-dən çox kənd sakini daimi işlə təmin olunmuşdur.
Nehrəmin simasının müasirləşdirilməsində ona şəhər görkəmi verən quruculuq tədbirlərinin mühüm rolu vardır. Kənddə hələ 2008-ci ildə istifadəyə verilmiş kənd mərkəzi, xəstəxana, ticarət mərkəzi, 2 məişət evi, şadlıq sarayı, musiqi məktəbi, xatirə muzeyi, kənddaxili işıqlandırma, yeni asfalt örtüyü və rahat piyada yolları burada müasirliyin görüntüsü kimi göz oxşayır. Bütün bunlar kəndin sosial həyatını zənginləşdirən, insanların adi işlərdən ötrü nə rayon mərkəzinə, nə də Naxçıvan şəhərinə gəlmədən öz işlərini həll etməsinə imkan verən mühüm tədbirlərdəndir. Müasir xidmət səviyyəsi istənilən yaşayış məntəqəsində insanların həyatını dəyişdirir. Belə ki, Nehrəm kəndində 24 saat işləyən əczaxana insanların sağlamlığının xidmətindədir. Bu təkcə bir sıra kəndlərimizə deyil, muxtar respublikamızdakı bəzi rayon mərkəzlərinə də nümunə ola bilər. Ümumiyyətlə isə Nehrəm özünün səhiyyə sahəsindəki gözəl ənənələri ilə seçilir: bu kəndin gəncləri ali məktəblərə ixtisas seçimində tibb sahəsinə xüsusi üstünlük verməklə tanınmış həkimlərinin yolunu davam etdirirlər. Nehrəmin cərrah, pediatr, kardioloq, stomatoloq, uroloq ixtisaslarını dərindən bilən bacarıqlı həkimləri muxtar respublikamızın hər yerində yaxşı tanınır. Nehrəm kənd sahə xəstəxanasında 11-i həkim olmaqla, 54 nəfər tibb işçisi insanların sağlamlığının keşiyindədir. Burada ayrıca Doğum şöbəsi, rentgen və ultrasəs müayinə kabinələri, aptek fəaliyyət göstərir.
Kənddə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş 10 nəfər şəhidin xatirəsinə abidə ucaldılmış, onun ətrafı gülzarlığa çevrilmişdir.
Kənddəki sosial xidmət şəbəkəsini yeməkxana, ət satışı bazarı, geniş örtülü bazar kompleksi, 3 avtotəmir sexi, bütün məişət xidmətlərinin mərkəzləşdirilmiş halda təklif olunduğu məişət xidməti obyekti tamamlayır. Burada quraşdırılmış bankomat və mağazalardakı POS-terminallar əhaliyə elektron ödəniş xidmətləri göstərir. Kəndin mərkəzindəki sənaye, ərzaq, təsərrüfat malları, avtoehtiyat hissələri mağazaları ilə yanaşı, kənar məhəllələrdə 5 ticarət obyekti də əhalinin xidmətindədir.
Nehrəmdə üç orta məktəb, bir musiqi məktəbi fəaliyyət göstərir. Hər bir məktəbdə də yüzlərlə şagird təhsil alır. Bu kənd öz təhsil ənənələri ilə seçilir. Cəlil Məmmədquluzadənin maariflənmə ideyalarının davamçıları olan müəllimlərə, onların əməyinə hamı hörmət bəsləyir. Nehrəm məktəblərində müəllimin tapşırıqları şagirdlər üçün ən ciddi, ən təxirəsalınmaz bir vəzifə sayılır. Kəndin təhsil sahəsindəki nəticələrinə nəzər salsaq, görərik ki, təkcə 2014-cü ilin yekunlarına görə, buradakı üç tam orta məktəbi bitirən 156 nəfər məzunun 76 faizi təhsilini davam etdirmək üçün sənəd vermiş, onlardan 55 nəfəri ali məktəblərə, 15 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuş, 1 nəfər 600-700, 9 nəfər isə 500-600 bal arası nəticə göstərmişdir. Ötən il 900 yerlik Nehrəm kənd 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması, hazırda isə 2 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri hər bir Nehrəm gəncinin Vətəninə layiq gənclər kimi hərtərəfli formalaşmasına xidmət edən dövlət qayğısı kimi minnətdarlıqla qarşılanır.
Naxçıvan Muxtar Respublikasının böyük kənd yaşayış məntəqəsi Nehrəm öz tarixinin intibah dövrünü yaşayır. Bütün göstəricilərinə görə sürətlə şəhərə doğru yaxınlaşan bu kənddə insanların sosial-mədəni həyatını kökündən dəyişdirən quruculuq və müasirləşmə durmadan davam etdirilir. Müasir villatipli gözəl kənd evlərinin sayının artdığı bir dövrdə Nehrəmdə həyata keçirilən yeni içməli su və kanalizasiya xətlərinin çəkilişi də bu kəndin şəhər infrastrukturu standartlarına qovuşmasına xidmət edir.
Və kəndə son böyük ərməğan – ölkə Prezidentinin 2014-cü il 27 avqust tarixli Sərəncamı ilə Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması bu bölgənin ən böyük kəndinin sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Çünki Nehrəmə müntəzəm işləyən marşrutlarla hərəkət edən sərnişinlərlə bərabər, minə yaxın minik avtomobili sahibi, demək olar ki, hər gün bu yoldan istifadə edəcəkdir.
Qədim Naxçıvan 5 min ildən çox şəhər mədəniyyətinə malikdir. Bu bölgədə formalaşan şəhərlər tarixin müxtəlif dövrlərində öz intibah dövrünü yaşamışdır. Naxçıvanın müasir intibah mərhələsində isə bölgədəki iri kəndlərin inkişaf edərək şəhərtipli yaşayış məntəqələri sırasına qovuşması sürətlənməkdədir. Bu baxımdan “Şəhərləşən kəndlərimiz” rubrikasında ilk olaraq Nehrəm kəndinə yolumuzu saldıq. Tarixiliyin və müasirliyin qovuşduğu Nehrəm kəndinə.
“Əgər torpağınızı sevmək, onun yetirdiklərini qorumaq ruhunuza hopmuşsa, onun bəhrəsini görmək də halal haqqınızdır”, – deyərək kənd sakinləri ilə sağollaşıb Nehrəmin böyük qardaşı Naxçıvana doğru yola çıxıram. Qarşıda digər böyük kəndlərimizlə görüşlər var.
Əli CABBAROV