Seçkilərin qanunvericiliyə uyğun olaraq, azad, ədalətli və şəffaf keçirilməsi, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etmələri demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Qürurla deyə bilərik ki, ötən illərdə respublikamızda yaradılan demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsi qəbul olunub, bu qanuna əlavələr və dəyişikliklər edilməklə seçki qanunvericiliyi daim təkmilləşdirilərək azad və ədalətli seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılıbdır. Dekabrın 23-də ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mütəşəkkilliklə keçirilən növbəti bələdiyyə seçkiləri dediklərimizi bir daha təsdiq etdi.
Bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasında seçicilərin seçki hüquqlarından istifadə edərək seçdikləri namizədlərə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirildi. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı.
Sevindirici haldır ki, hər zaman olduğu kimi, 23 dekabr bələdiyyə seçkilərində də Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirdilər.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublikada 266 min 430 nəfər seçicidən 110 min 392 nəfəri, yəni seçicilərin 41,4 faizi səsvermədə iştirak edib.
Seçki günü muxtar respublikamızın şəhər və rayonlarından hazırladığımız reportajları oxuculara təqdim edirik.
Naxçıvan şəhəri
Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan bələdiyyə seçkiləri tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan şəhərində də ruh yüksəkliyi ilə baş tutdu. 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələrində olduq. Məlumat üçün deyək ki, bu seçki dairəsi üzrə 37 məntəqədə 43 min 808 seçici qeydiyyata alınıb. Muxtar respublikanın paytaxtında – Naxçıvan şəhərində seçki prosesinin necə keçirildiyini izləmək, seçicilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq.
Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Məftun Əliyev komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirdi. Məntəqədəki şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürləndi. Məntəqədə seçkiyə vaxtında – saatlarımız 800-i göstərəndə start verildi. Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Qeyd edək ki, bu məntəqədə 980 nəfər seçici qeydiyyatdadır. Onlardan 19 nəfəri ilk dəfə səs verəcəkdi. Artıq saat 1100-dək 100-dən artıq seçici səs vermişdi.
Müşahidələrimizi “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında yerləşən 4-17 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi cəlb edir. Getdikcə seçicilərin sayı çoxalır və səs vermək üçün uzun növbə yaranırdı. Vahid Quliyev məntəqədə ilk səs verən insanlardan idi. O, seçki prosesində iştirak etməyi həm də özü üçün mənəvi borc hesab edir. Seçici deyir ki, seçimini edərkən yerli özünüidarəetmə qurumları olan bələdiyyələrdə yerli sakinlərin istək və arzularını yerinə yetirə biləcək namizədlərə səs verib.
Qeyd edək ki, bu məntəqə üzrə seçicilərin sayı 1368 nəfər idi. Onlardan 21 nəfəri ilk dəfə seçkilərdə iştirak edirdi. Məntəqədə quraşdırılan veb-kamera seçkilərin gedişini internet vasitəsilə də izləməyə imkan verirdi. Bu da seçkilərin aşkar şəraitdə şəffaf və demokratik keçirilməsinə imkan yaradırdı.
885 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 7 nömrəli uşaq bağçasının binasında yerləşən 4-30 saylı seçki məntəqəsinə gəldiyimiz zaman burada da qələbəliyin şahidi olduq. 15 nəfər gəncin ilk dəfə səs verəcəyi məntəqədə saat 1230-da seçicilərin, təxminən, 20 faizi öz səsvermə hüququndan istifadə etmişdi. Yeganə Ağayeva da onlardan biri idi. Y.Ağayeva qeyd etdi ki, komissiya üzvlərinin qanunauyğun fəaliyyəti vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələrinə və istədikləri namizədlərə demokratik şəraitdə səs vermələrinə şərait yaradır. Onun sözlərinə görə, azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradan mükəmməl seçki qanunvericiliyinin mövcudluğu seçkilərin ədalətli keçirilməsi üçün əsaslı zəmin yaradıb. 30 saylı seçki məntəqəsinə gələn hər kəs bir daha seçicilərin sərbəst şəkildə səs vermələri üçün dövlətimizin yaratdığı şəraiti yüksək qiymətləndirir.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşən 4-28 saylı seçki məntəqəsində seçici siyahısında 1489 nəfər seçicinin adı var. Məntəqə seçki komissiyasının sədri Rasim Seyidov deyir ki, seçicilərdən 18 nəfəri ilk dəfə səs verir. Saat 1300-də səs verən seçicilərin sayı artıq 350-yə çatmışdı. İlk dəfə seçki hüququndan istifadə edən Tofiq Seyidovla söhbət edirik. Tofiq deyir ki, ilk dəfə səs verdiyi üçün həyəcanlıdır. Onun fikrincə, bələdiyyələr mühüm qurumlardan biridir. Onların fəaliyyəti nəticəsində bələdiyyənin əhatə etdiyi ərazilərdə müsbət yeniliklər nəzərə çarpa bilər. Ona görə də seçkilərdə iştirak edərək layiqli namizədlərə səs vermək lazımdır.
Qeyd edək ki, 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasından seçki gününün sonunda – saat 1900-da aldığımız məlumata görə, dairədə səs verməli olan 43 min 808 seçicidən 18 min 574 nəfəri seçkilərdə iştirak edib. Dairə üzrə qeydiyyatda olan seçicilərin 42,4 faizi səs verib.
Şərur rayonu
Bələdiyyələrin statusu ilk dəfə 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Ötən dövr ərzində ölkəmizdə, eləcə də muxtar respublikamızda zəngin qanunvericilik bazasına əsaslanan yerli özünüidarəetmə sistemi formalaşıb, vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradılıb. Dünən isə vətəndaşlar seçki qanunvericiliyinə uyğun olaraq, növbəti 5 ildə bələdiyyə orqanlarında görmək istədikləri namizədlərə səs verdilər. Bu səsvermədə Şərur seçiciləri də aktivlik nümayiş etdirdilər.
Qeyd edək ki, 2 saylı Şərur Seçki Dairəsi 53 seçki məntəqəsini əhatə edir. Bu seçki məntəqələrinin 5-də – 2-1, 2-4, 2-5, 2-8, 2-50 saylı məntəqələrdə seçkiləri izləmək üçün veb-kameralar quraşdırılıb. Dairə üzrə 41 min 120 seçici qeydə alınıb ki, onların 1217 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Bələdiyyə seçkilərindəki seçici fəallığını müşahidə etmək üçün biz də adıçəkilən dairənin bir neçə seçki məntəqəsində olduq.
İlk getdiyimiz ünvan Şərur şəhər dəmiryol vağzalının inzibati binasında yerləşən 2-50 saylı seçki məntəqəsidir. Səsvermənin başlamasından 10 dəqiqə keçməsinə baxmayaraq, artıq xeyli sayda şəhər sakini səs vermək üçün seçki məntəqəsinin qarşısında idi. Bu məntəqə üzrə 1110 seçici qeydə alınıb. Məntəqədə ilk səs verən seçicilərdən Məhərrəm Novruzov və Eldar Əliyevə yaxınlaşırıq. Məhərrəm Novruzov dedi:
– Düşündük ki, bugünkü ilk vacib işimiz məntəqəyə gəlib səs verməkdir. Ona görə də, ilk olaraq, bura gəldik. Razıyıq, seçicilər üçün hərtərəfli şərait yaradılıb, hər kəs öz seçimini müstəqil şəkildə edə bilir. Biz də öz namizədlərimizə səs verdik.
2-10 və 2-11 saylı seçki məntəqələri isə rayonun Çomaxtur kəndində yerləşir. Əvvəlcə 2-10 saylı məntəqədə olduq. Bu məntəqədə də seçicilər üçün hərtərəfli şərait yaradılmışdı. 1194 seçicinin səs verəcəyini deyən məntəqə seçki komissiyasının sədri Pərviz Əsədov bunlardan 31 nəfərinin ilk dəfə seçkidə iştirak edən gənclər olduğunu bildirdi. Seçicilərdən 77 yaşlı Məhərrəm Xəlilov layiqli namizədlərə səs verdiyini bildirərək bələdiyyələrin gələcək fəaliyyətlərinə uğurlar arzulamağı da unutmur:
– Arzum budur, dövlətimiz bundan sonra da durmadan inkişaf etsin, daha güclü olsun. Bələdiyyələr də dövlətimizə, vətəndaşlarımıza daha yaxşı xidmət edə bilsinlər. Bizim üçün yaradılmış bu abadlığı, gözəlliyi birlikdə qoruyaq.
Kənddəki 2-11 saylı məntəqədə isə 1234 nəfər seçici qeydə alınıb ki, burada seçicilər 9 yer üzrə mübarizə aparan 14 namizəd arasında seçim edirdi. Bu məntəqədə də aktivlik müşahidə olunurdu. Məntəqə seçki komissiyasının sədri Zaur Quliyev seçicilərdən ən yaşlısının 1915-ci il təvəllüdlü Aminə Ələsgərova olduğunu bildirdi. Onun üçün daşınan qutu təşkil ediləcəyini soruşduqda Aminə nənənin seçki məntəqəsinə gəlib burada səs verəcəyini dedi.
Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən 2-9 saylı seçki məntəqəsi getdiyimiz növbəti ünvan olur. Bu seçki məntəqəsində də vətəndaşların aktivliyi hiss edilirdi. Məntəqə seçki komissiyasının sədri Fikrət Həsənov kənd sakinlərinin səhər saatlarından başlayaraq səsvermədə iştirak etmək üçün məntəqəyə gəldiklərini deyir. Öyrənirik ki, bu məntəqədə 772 seçici qeydiyyatdadır. Səsvermə başlayandan ötən 2 saat ərzində artıq 90 nəfər seçkidə iştirak edərək öz namizədinə səs verib. Fikrət Həsənov seçicilər arasında 1934-cü il təvəllüdlü Əkbər Məmmədov, 1935-ci il təvəllüdlü Xanımzər Cabbarova, 1930-cu il təvəllüdlü Məsmə Quliyeva kimi yaşlı sakinlərin olduğunu bildirdi.
Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsindəyik. Məntəqə seçki komissiyasının sədri Qulu Quliyevin verdiyi məlumata görə, bu məntəqədə 11 bələdiyyə üzvlüyünə 19 nəfər namizəd mübarizə aparır. Ümumi seçici sayı 1218 nəfərdir. Onlardan 32 nəfəri ilk dəfə seçkidə iştirak edir. Bu məntəqədə ən yaşlı seçicilərdən biri ilə görüşmək imkanımız olur. 1927-ci il təvəllüdlü Əli Qəribov bələdiyyə seçkiləri ilə bağlı fikirlərini belə ifadə edir:
– İnsanlarda seçki mədəniyyətinin inkişaf etməsi, seçkilərin bu cür yüksək səviyyədə təşkili məni olduqca məmnun edir. Gördüyünüz kimi, seçki prosesi lazımi səviyyədə aparılır. Mən də azad şəkildə seçimimi edərək layiq bildiyim namizədlərə səs verdim. Digər seçicilərdən Məmməd Kərimov və Vüsal Rzayev də seçkilərin yüksək səviyyədə təşkil olunmasından razılıq etdilər.
Şərur Rayon Uşaq-gənclər şahmat məktəbində isə 2-2 saylı seçki məntəqəsinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdı. Digər məntəqələrdə olduğu kimi, burada da səsverməyə gələn seçicilərin əvvəlcə sol əlinin baş barmağı ultrabənövşəyi lampa ilə yoxlanılır, şəxsiyyəti təsdiq edən sənəd əsasında seçki bülleteni verildikdən sonra həmin əlin baş barmağı şəffaf mürəkkəblə işarələnirdi. Səhər saat 935-də artıq məntəqədə 200-dən çox seçici səsvermədə iştirak etmişdi. Seçicilərdən Rafiq Hüseynov, Mehbarə Ələsgərova, Yadulla Həsənov seçkilərin demokratik şəraitdə keçdiyini, işgüzar, çalışqan namizədlərə səs verdiklərini bildirdilər.
Axşam saatlarında 2 saylı Şərur Seçki Dairəsinin dairə seçki komissiyasının sədri İbrahim Abbasovla əlaqə saxladıq. O, saat 1900-a qədər seçki məntəqələrində səs vermiş seçici sayları haqqında məlumat verdi: 2 saylı Şərur Seçki Dairəsi üzrə qeydə alınmış 41 min 120 seçicidən 17 min 353 nəfər seçkidə iştirak edib ki, bu da ümumi seçicilərin 42,2 faizini təşkil edir.
Babək rayonu
Azərbaycanda artıq neçə aydır ki, bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülürdü. Dekabrın 23-də seçki məntəqələrində olduq, müşahidələr apardıq. 3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək və 6 saylı Culfa-Babək Seçki dairələrinin Babək rayonu ərazisindəki məntəqələrində qələbəlik idi. İnsanlar seçki məntəqələrinə üz tutaraq fəallıq göstərir, inandıqları namizədlərə səs verirdilər.
3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-42 saylı seçki məntəqəsi Babək qəsəbəsindəki Babək Rayon Mədəniyyət Evində yerləşir. Səhər saat 800-də artıq binanın qarşısında bir neçə seçici var idi. Saatlar 800-i göstərdikdə seçki açıq elan olundu. Budur, hər bir seçici şən əhvalla seçki məntəqəsinə daxil olur, şəxsiyyət vəsiqəsini göstərir, seçki bülleteni alıb səsvermə kabinəsinə keçir, istədiyi namizədlərə səs verirdi. Bəzən də məntəqəyə insanlar axınla daxil olurdular. Öyrəndik ki, məntəqə üzrə 1171 seçici var. Məntəqənin yerləşdiyi binanın həyətində bir neçə nəfərlə həmsöhbət olduq. Seçicilərdən Gülçöhrə İbrahimovanın dediklərindən: “Qızımla birlikdə səs verməyə gəlmişəm. Qarşıdakı 5 ildə bizim yerlərdəki problemlərimizin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs verdim”.
Qeyd edək ki, səhhətinə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərə də səsvermədə iştirak etmək imkanı yaradılmışdı. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu qoyulmuşdu. 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-42 saylı seçki məntəqəsi üzrə 4 vətəndaş səhhətlərindəki problemlə əlaqədar evlərinə daşınan qutu göndərilməsi üçün məntəqə seçki komissiyasına müraciət etmişdi. Böyük Quruluş Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçiləri ilə birlikdə evlərə daşınan qutunun aparılması prosesində iştirak etdik. 1928-ci il təvəllüdlü Qurban Hüseynov heç kimin müdaxiləsi olmadan səs verdi, seçki bülletenini qutuya atdı.
Babək qəsəbə tam orta məktəbinin önündəyik. Burada yerləşən 3-41 saylı seçki məntəqəsi üzrə 1169 seçici var. Onlardan 35 nəfəri ilk dəfə səs verənlərdir. Burada seçki prosesi qanunvericiliyə uyğun aparılırdı. Vətəndaşların hər hansı bir sorğusu məntəqə seçki komissiyası üzvləri tərəfindən dərhal və yerindəcə həllini tapırdı. Seçici Ənvər Hüseynov deyir: “Bələdiyyələr vətəndaş təşəbbüskarlığının bərqərar edilməsinin mühüm formasıdır, əhalinin yerli problemlərinin həllini təmin edən müstəqil idarəetmə qurumudur. Bu qurum mənsub olduğu dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olaraq, xalqın rifahının yaxşılaşdırılması istiqamətində zəruri fəaliyyət həyata keçirir. Buna görə də çalışdım ki, layiqli namizədlərə səs verim”.
Gənc seçicilərlə də həmsöhbət olduq. Naxçıvan Dövlət Universitetinin magistrantı Zinyət İmanova ilk dəfədir, bələdiyyə seçkilərində iştirak etdiyini bildirdi.
Nehrəm kənd 1 nömrəli tam orta məktəbdəki 6-8 saylı seçki məntəqəsində də seçicilərin yüksək əhval-ruhiyyə ilə səsverməyə gəldiyini müşahidə etdik. İnsanlar məktəbin həyətinə axışırdılar. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə seçkilər bu məntəqədə də böyük qaynarlıq, seçici fəallığı ilə müşahidə edilirdi.
5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Babək rayonunun Sirab kəndində yerləşən 5-26 və Cəhri kəndindəki 5-31 saylı seçki məntəqələrində də seçicilər mütəşəkkillik nümayiş etdirirdilər. Məntəqələrdə şəffaflıq hökm sürürdü. Heç bir qanun pozuntusu qeydə alınmamışdı.
Axşam saatlarına əldə etdiyimiz məlumatlara əsasən, seçki dairələrinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.
Ordubad rayonu
Dünən Ordubad rayonunun mərkəzində və kənd yaşayış məntəqələrində qaynarlıq, coşqunluq hökm sürürdü. Belə müşahidələr seçicilərin bələdiyyə seçkilərində fəallığının ifadəsi kimi diqqəti çəkirdi. Hiss etmək çətin deyildi ki, insanlar özlərinin yerli problemlərinin həllində, üzləşdikləri çətinliklərin aradan qaldırılmasında bələdiyyələrin qüvvəsinə inanırlar.
Qeyd edək ki, 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə 34 min 478 seçici var. Onlar 52 məntəqədə səs verirdilər. Məntəqələrin 45-i Ordubad rayonunda idi. Dairədə bu rayon üzrə 420 nəfər bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmışdı. Onlardan 274 nəfəri ən çox səs toplamalı idi.
Rayon mərkəzində bələdiyyə seçkiləri üçün 6 məntəqədə səs verilirdi. Ordubad şəhəri üzrə namizədliyi qeydə alınmış 20 nəfərin 13-ü seçkilərdə qalib gəlməli idi. Seçkiləri izləmək üçün, ilk olaraq, yolumuzu Ordubad şəhərindəki Şahmat məktəbinin binasında yaradılmış 7-1 saylı seçki məntəqəsindən saldıq. Səsvermə prosesinin təzəcə başlanmasına baxmayaraq, məntəqədə çoxlu seçici var idi. Məntəqə seçki komissiyasının sədri Rəsul Möhsünovdan öyrəndik ki, seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqə lazımi avadanlıqlarla təmin olunub. Burada 1241 nəfər seçici səs verməli idi. Onlardan 25 nəfəri ilk dəfə seçkilərdə iştirak edirdi.
7-2 saylı seçki məntəqəsində də fəallıq gördük. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədov bildirdi ki, komissiya üzvləri dəfələrlə treninqlərdə, seminarlarda iştirak edib, bilik və bacarıqlarını artırıblar. Bu da seçki prosesində özünü göstərir.
1358 seçicinin qeydə alındığı məntəqədə seçici Mübariz İbrahimovla həmsöhbət olduq. O vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da sağlam mənəvi-psixoloji mühit yaradılıb. Ona görə də çox nikbinik. Bunun bir səbəbi də seçkilərdə şəffaflığın təmin olunmasıdır. Mən də bu imkandan istifadə edib istədiyim namizədlərə səs verdim.
Bu məntəqədə də bütün işlərin Seçki Məcəlləsinə uyğun qurulduğunu digər seçicilər də təsdiq etdilər.
7-25 saylı seçki məntəqəsi Aza kənd tam orta məktəbinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Əfqan Hüseynov seçkinin şəffaf keçirildiyini və seçicilərin fəallığının yüksək olduğunu bildirdi, bunu vətəndaşlarda yüksək seçki mədəniyyətinin formalaşması ilə izah etdi. Onun sözlərinə görə, burada heç bir qanun pozuntusu müşahidə edilməyib, seçicilərin sərbəst surətdə səs vermələrinə, öz iradələrini ifadə etmələrinə tam şərait yaradılıb. Seçici Hüseyn Süleymanov mətbuat nümayəndəsi olduğumuzu biləndə bizə yaxınlaşdı, öz ürək sözlərini bildirdi: – Seçicilərin seçkilərdə öz vətəndaşlıq borclarını yerinə yetirmələri məni sevindirir. Belə də olmalıdır. Namizədlərin ən layiqlilərinə səs verməklə özümüzə yerli özünüidarəetmə orqanı formalaşdırmaq müstəsna hüququmuzdur.
Seçkilər başa çatdıqdan sonra 7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyası ilə əlaqə saxladıq. Öyrəndik ki, bu dairə üzrə 13859 seçici seçkilərdə iştirak edib.
Culfa rayonu
6 saylı Culfa-Babək Seçki Dairəsi 44 məntəqəni əhatə edir. Bunlardan 14-ü Babək rayonunda, 25 məntəqə Culfa rayonunda yerləşir. Digər 5 məntəqə isə seçkilərə 5 gün qalmış yaradılan məntəqələrdir. Ümumilikdə, 6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə 35 min 502 seçici qeydə alınıb ki, bunun 13 min 848 nəfəri Babək, 19 min 593 nəfəri isə Culfa rayonundan olan seçicilərdir. Bu dairə üzrə 307 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. Onların 202 nəfəri bələdiyyə üzvü seçiləcək. Dairənin Culfa rayonu üzrə qeydə alınmış 272 namizədindən 175-i Culfa rayonundakı bələdiyyələrdə fəaliyyət göstərəcək.
Culfa rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələri ilə tanışlıq zamanı bələdiyyə seçkilərinə nümunəvi hazırlıq görüldüyünün şahidi olduq.
6 saylı Culfa-Babək Seçki Dairəsinin 6-16 saylı seçki məntəqəsində səhər saat 800-dən başlayaraq mütəşəkkillik müşahidə olunurdu. Bu məntəqə Culfa şəhər 2 saylı tam orta məktəbin binasında yerləşir. Seçicilər heç bir müdaxilə olmadan məntəqəyə yaxınlaşır, istədikləri namizədlərə sərbəst səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Sərdar Əliyev:
– 1411 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Seçkinin başladığı ilk saatlardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib.
Seçki məntəqələrindən biri Culfa şəhərindəki “Naxterminalkompleks”in inzibati binasında yerləşirdi. 6-17 saylı məntəqə seçki komissiyasının sədri Fuad Nəzərov seçkilərin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 50 nəfərin səs verdiyini bildirdi.
Bir sözlə, səsvermə prosesi öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və demokratik şəraitdə gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyədə olması idi. Ona görə də onların ürək sözlərini dinləməyə üstünlük verdik. İlk dəfə səs verən seçici Fəridə Bababəyliyə yaxınlaşdıq. Onun ürək sözlərini dinlədik:
– Bu gün hər birimiz üçün əlamətdar bir gündür. Odur ki, seçkidə iştirak edirəm. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirir. Çünki bu gün səs verdiyimiz namizədlər 5 il yerli özünüidarəetmə orqanında bizim üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasında köməkçimiz olacaqlar.
Seçici Vahid Həsənov isə təəssüratını belə ifadə etdi:
– Səs verərkən heç bir qanun pozuntusuna rast gəlmədim. Bir seçici kimi məni budəfəki seçki prosesi də tam qane edir. Artıq elə bir dövrdəyik ki, seçici sərbəst şəkildə, kənardan heç bir müdaxilə olmadan, qutuya öz iradəsini ifadə edən bülleteni atır. Zənnimcə, bu, demokratiya göstəricisi olaraq insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır.
6-21 saylı seçki məntəqəsi Culfa rayonunun Ərəzin kənd tam orta məktəbinin binasında təşkil edilmişdi. Bu məntəqədə də qələbəlik idi. Seçici Bərnuş Qafarov müəllim kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Bərnuş müəllim seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd edərək bildirdi ki, insanlar dəstə-dəstə məntəqəyə gələrək öz layiqli namizədlərinə sərbəst şəkildə səs verirlər.
Rayonun Əbrəqunus kənd tam orta məktəbi binasında yerləşən 6-22 saylı seçki məntəqəsində də seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs öz layiqli namizədlərinə səs verirdi.
6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə 14 min 129 nəfər səs verib ki, bu da seçicilərin 39,8 faizini təşkil edir.
Kəngərli rayonu
Bələdiyyə seçkiləri Kəngərli rayonunda da böyük ruh yüksəkliyi ilə keçirildi. Rayon ərazisində 18 seçki məntəqəsi və ümumilikdə, 19 min 340 nəfər seçici vardır. Rayonda keçirilən bələdiyyə seçkilərini izləmək üçün səhər saatlarında buraya gələrkən artıq məntəqələrdə canlanma görünürdü. Saat 800-dən başlayaraq kəngərlililər dəstə-dəstə bütün şəraitlə təmin olunmuş seçki məntəqələrinə axın edirdilər.
İlk olaraq üz tutduğumuz rayonun ən böyük yaşayış məntəqəsi Qarabağlar kəndində 3 seçki məntəqəsi var. Kənd mərkəzində yerləşən 3-5 saylı məntəqədə ilk səs verənlərdən olan kənd ağsaqqalı Mirtofiq Seyidov bu seçkilərdə seçiləcək bələdiyyə üzvlərindən daha uğurlu fəaliyyət gözlədiklərini ifadə edib namizədlərə uğurlar arzuladı. Məntəqə seçki komissiyasının sədri Əhməd Qənbərov bildirdi ki, burada səs vermək üçün 1496 nəfər qeydiyyata alınıb. Onlardan 23 nəfəri ilk dəfə səs verəcəkdir.
3-4 saylı məntəqə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Komissiya sədri Mənsim Məmmədov bu məntəqədə 1498 seçicinin siyahıya alındığını, onlardan 28 nəfərin ilk dəfə səs verəcək gənclər olduğunu dedi. Məntəqədə ilk dəfə səs verən 18 yaşlı seçicilər Jalə Səfərova və Səma Məmmədovadan seçki haqqında fikirlərini soruşduqda kənd bələdiyyəsinə seçkilərdə fəal olmaqla öz vətəndaşlıq hüquqlarından istifadə etdiklərini dedilər.
3-6 saylı məntəqə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərirdi. Məntəqə seçki komissiyasının sədri Könül Kətanova bildirdi ki, məntəqədə qeydə alınmış 1499 nəfər seçici bu kənddə 11 nəfər bələdiyyə üzvü üçün 16 namizədə səs verir. Məntəqədə səs verən 81 yaşlı seçici Həsən Allahverdiyev qar yağmasına baxmayaraq, artıq səhər saat 1000-da öz səsvermə hüququndan istifadə etmişdi.
Kəngərli rayon mərkəzi Qıvraq qəsəbəsindəki Uşaq musiqi məktəbində yerləşən 3-9 saylı seçki məntəqəsinin önündə günortaya yaxın qələbəlik var idi. Seçicilər bu məntəqədə bələdiyyə üzvlüyünə namizəd kimi qeydiyyatdan keçmiş 16 nəfərə səs vermək üçün binanın qarşısına toplaşmışdılar. Məntəqə seçki komissiyasının sədri Əli Vəliyevdən aldığımız məlumata görə, saat 10-a kimi bu məntəqə üzrə 1161 nəfər seçicinin 12 faizi səsvermədə iştirak edib. Məntəqə seçki komissiyasının üzvü Pünhan Həsənov seçkinin tam demokratik şəraitdə keçirildiyini bildirdi.
Eyni fəallıqla Qıvraq Qəsəbə Mərkəzində yerləşən 3-8 saylı və Kəngərli Rayon Mərkəzi Xəstəxanasında yerləşən 3-17 saylı seçki məntəqələrində də rastlaşdıq. Bu məntəqələrdə Qıvraq bələdiyyəsinə seçiləcək 11 nəfər üçün səsvermə prosesi mütəşəkkilliklə keçirildi. 3-7 saylı məntəqədə Azərbaycan Sosial Rifah Partiyasından olan komissiya üzvü Afiyəddin Nəcəfov seçkilərin heç bir qanun pozuntusu olmadan keçdiyini bildirdi.
Kəngərli rayonunun Şahtaxtı kəndində də bələdiyyə seçkilərində sakinlər fəallıq göstərirdilər. Artıq günorta saatları olmasına baxmayaraq, kənddə təşkil olunmuş seçki məntəqələrinə sakinlərin axını davam edirdi. Kənddəki 3-12 saylı məntəqə seçki komissiyasının sədri Mehman Babayev artıq saat 1500-də seçicilərin 29 faizinin səs verdiyini bildirdi.
Seçki günü Kəngərli rayonunda müşahidə olunan fəallıq bu rayonda da bələdiyyələrin yerli özünüidarəetmədə nə qədər mühüm funksiya daşıdığını deməyə əsas verir.
Şahbuz rayonu
Ölkəmizdə keçirilmiş növbəti bələdiyyə seçkiləri muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz mütəşəkkilliyi ilə yadda qaldı. Seçkilərin operativ şəkildə işıqlandırılması məqsədilə ezam olunduğumuz 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Şahbuz rayonu ərazisindəki seçki məntəqələrində səhər saatlarından başlayaraq qələbəlik idi.
Məlumat üçün qeyd edək ki, Şahbuz rayonunda yaradılmış 34 seçki məntəqəsində 17 min 686 seçici qeydə alınıb. Bu qədər seçicinin 378 nəfəri ilk dəfə olaraq səsvermə hüququndan istifadə edib. Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 5 nəfər seçici vardır.
Seçki başlandığı ilk dəqiqədən etibarən Şahbuz şəhərində yerləşən və 1430 seçicinin qeydə alındığı 5-1 saylı seçki məntəqəsində olduq. Məntəqədə ilk səs verən seçici Vüsal Rzayevə yaxınlaşırıq. O, vətəndaşların qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etmək hüququnu və insanların mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, dövlət işlərinin bir hissəsini həyata keçirə biləcək özünüidarə qurumunun üzvlərinə səs verdiyini dedi. İlk dəfə seçkilərə qatılan gənc Natiqə Musayeva: “Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Və bu yerli özünüidarə xalq tərəfindən seçilmiş nümayəndələr tərəfindən həyata keçirilir. Nümayəndələr vətəndaşlardan bilavasitə mandat və səlahiyyət alan şəxslərdir. Onlar vətəndaşları təmsil edirlər. Mən də bir vətəndaş kimi məni təmsil edə biləcək bələdiyyə üzvlüyünə namizədlərə səs verdim”.
Şahbuz şəhər sakini Əli Qurbanov dedi ki, onun səs verdiyi seçki məntəqəsində bələdiyyə üzvlüyünə 12 nəfərin namizədliyi irəli sürülüb: “Mən də tam demokratik şəkildə, qanunauyğun formada seçiləcək 9 bələdiyyə üzvünə səs verdim”.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşən 5-6 saylı seçki məntəqəsində 796 nəfər seçicinin səs verəcəyini, bunlardan 18 nəfərinin ilk dəfə seçkilərdə iştirak edəcəyini öyrəndik. Rayonun böyük yaşayış məntəqələrindən biri olan Kolanı kəndindəki 5-7 saylı seçki məntəqəsində 1253 nəfərin səs verməsi üçün hər cür şərait yaradılmışdı. 34 nəfərin ilk dəfə iştirak etdiyi bu seçki məntəqəsində seçiləcək 9 nəfər bələdiyyə üzvlüyünə qarşı 11 nəfərin namizədliyi irəli sürülüb.
Kükü kəndindəki 5-15 saylı seçki məntəqəsində apardığımız müşahidələr isə ucqar dağ kəndində seçki prosesi üçün yaradıla biləcək ideal şəraitin səviyyəsindən xəbər verirdi.
Şahbuzkənd tam orta məktəbindəki 5-2 saylı seçki məntəqəsi 793 nəfər seçicinin səs verəcəyi məkan idi. Burada 29 nəfər gənc ilk dəfə idi ki, səsvermədə iştirak edirdi. Bu məntəqədə səs verən və kəndin ən yaşlı sakini olan təqaüdçü müəllim Əli Xəlilov: “90 yaşım var, müstəqil ölkəmizdə keçirilən seçkilərin, demək olar ki, hamısında iştirak etmişəm. Ömür vəfa qıldı – dördüncü dəfə keçirilən bələdiyyə seçkilərinin də iştirakçısı oldum. Hər dəfə seçki prosesinin təkmilləşdiyini, insanların öz səsvermə hüquqlarından azad, mütəşəkkil şəkildə istifadə etdiklərini müşahidə edirəm. Mən də onlardan biri kimi kəndimizdə fəaliyyət göstərəcək bələdiyyəyə şəffaf şəraitdə, öz iradəmlə 9 nəfər üzv seçdim”.
5-4 və 5-5 saylı seçki məntəqələrinin yerləşdiyi Sələsüz kənd tam orta məktəbinə də baş çəkdik. Burada da səsvermənin mütəşəkkil keçirildiyini müşahidə etdik.
Məlumat üçün bildirək ki, Şahbuz rayonu üzrə 242 namizədə qarşı 166 nəfər bələdiyyə üzvü seçiləcək. Seçiləcək bələdiyyə üzvləri Şahbuz rayonundakı 22 bələdiyyədə yerli əhəmiyyətli məsələlərin həllinə çalışacaq.
Dairə Seçki Komissiyasından aldığımız məlumata görə, saat 1900-a qədər dairə üzrə 29 min 682 seçicidən 11 min 872 nəfəri, yəni seçicilərin 40 faizi səs verib.
Sədərək rayonu
Sədərək rayonunda da yerli özünüidarəetmə orqanı olan bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə təşkil olunmuş, məntəqələr seçkiyə tam hazır vəziyyətə gətirilmişdi. Seçki komissiyası üzvlərinin normal fəaliyyətinə, seçicilərin isə demokratik şəraitdə səs vermələrinə hərtərəfli şərait yaradılmışdı. Bunu 1-1 saylı Heydərabad məntəqə seçki komissiyasının timsalında da müşahidə etmək olardı. Seçki komissiyasının sədri Ramazan Cəfərov bildirdi ki, seçki məntəqəsində 1445 nəfər səsvermə hüquqlu seçici siyahıya alınıb. Onlardan 26 nəfəri ilk dəfə səs verən gənclərdir. Həmin məntəqədə 9 bələdiyyə üzvü seçilməlidir. 13 nəfər namizədin qeydə alındığını bildirən komissiya sədri seçicilərin və bələdiyyə üzvlüyünə namizədlərin hüquqlarının qorunması üçün məntəqə üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşdıqlarını qeyd etdi.
Məlumat üçün bildirək ki, məntəqənin qarşısında seçici siyahısı vurulmuşdu. Seçicilər öz adlarını asanlıqla siyahıda taparaq sıra nömrələrini öyrənib şəxsiyyət vəsiqələrini təqdim etdikdən və sol əlinin baş barmağı gözəgörünməyən mürəkkəblə işarələndikdən sonra bülleten alıb xüsusi kabinəyə keçərək istədikləri namizədlərə səs verirdilər.
Seçicilərlə söhbət zamanı məlum oldu ki, məntəqədə hamı sərbəst şəkildə, şəffaf şəraitdə səs verir. Seçicilərdən Vətən Əhmədov söhbət zamanı bildirdi ki, ölkəmizdə demokratik ab-havanın olması çox sevindiricidir. Ona görə sevindiricidir ki, istədiyin namizədə səs vermək üçün hər cür şərait yaradılıb.
İlk dəfə səs verən gənclər də səsvermə hüququndan sərbəst şəkildə istifadə edirdilər. Gənc seçici Ceyran Səfərzadə yerli özünüidarəetmə orqanı olan bələdiyyə seçkilərində istədiyi namizədlərə səs verdiyini bildirdi.
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Sədərək rayon ərazisində fəaliyyət göstərən 1-2, 1-3, 1-4, 1-5, 1-6 və 1-7 saylı seçki məntəqələrində də yüksək seçici fəallığı müşahidə olunurdu. Xatırladaq ki, Sədərək rayonundakı 8 seçki məntəqəsində 255 nəfəri ilk dəfə səs verəcək gənc olmaqla, 10 min 763 seçici qeydə alınıb. Rayon üzrə 29 bələdiyyə üzvlüyünə qarşı 43 nəfərin namizədliyi irəli sürülüb.
1 saylı Şərur-Sədərək Seçki Dairəsindən aldığımız məlumata əsasən, dairə üzrə 37 min 821 seçicidən 16 min 301 nəfər, yəni seçicilərin 43,1 faizi səsvermə hüququndan istifadə edib.
Xəbərlər şöbəsi