Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.
Bir hiss var bu şeirdə. Bir az umu, bir az küskünlük. “Mən belə dünyanın nəyindən küsüm” deyirdi. Duyanlar üçün yazılmamış giley məktubu idi. Elə bil kəndin öz dilindən yazılmışdı, sonra da bütün dağlar, qayalar, çaylar yığılıb “imza” toplamışdılar. Elə çaylı, baldırğanlı dərədən gələn, o dərədə boğulan bir səs idi. “Axşam məktəblisinin gündüz çobanı”nın səsiydi; “Sonra kiçik bir qayanın döşündən qopan, dünyanın mehinə dönəcək” qədər güclü bir səs.
“Kəklik fərəsinin”, “bulud nərəsinin”, “aylı gecələrin” sayına görə birinciydi, bəlkə də, amma özünün “dünya xəritəsində” yeri yoxudu.
Kiminə görə, sıradan idi, kiminə görə, qeyri-adi. Amma şairin balaca kəndiydi. “Böyük dərdləri özündən daha böyük” olan kənd. “Ömür boyu toxum səpən, bərəkət səpən, ömür boyu sellərə bənd, yellərə çəpər çəkən” insanları vardı, ildırım kişnərtisi bulud dağıdan atları... məğrur qayaları... və şair burdan baxırdı bütün aləmə.
Orda, dağların arxasındaydı – Zəngəzur silsiləsinin Naxçıvan üzündə, Toğluqayanın
köksünə sığınan Nursu kəndi. Şairin təbiri ilə desək, “dağlarında duman olan, daşlarında su yanan” Nursu. “Burda rəngi – boyası var hər səsin” – deyirdi şair. O səslər misqal-misqal toplaşıb Araz olmuşdular. Bir dəli dağ çayı misalı bir dəliqanlı şairin səsi olmuşdular.
“Kəndim, balacasan, çox balacasan”. Mən uşaqkən bu misraları eşidəndə suyumundan köhnəlik yağan kənd gəlirdi gözümün önünə. Tozlu-torpaqlı yollar, təhsil aldığımız o köhnə məktəb, bir də arada vaxt tapıb üzükdüyümüz kənd kitabxanası... Kəndə yolu düşənlər yaxşı bilər, əgər yağışlı bir gündə gəlməmisinizsə, kənd yazda və yayda çox gözəl olur. Di gəl ki, fəsil qışa dönəndə o gözəlliyi duymaq bir az mümkünsüz olurdu. İndi o miskin mənzərələr geridə qaldı.
Bir az da dünənə qayıdaq. “Min il bu yerlərə hünər daşıyıb, bərəkət daşıyıb at ayaqları”, babalarımız qahmar çıxıblar bu torpağın hər qarışına, ot dili, su dili, Günəş dili biliblər. Barlı-bərəkətli bağçalar, bol məhsullu zəmilər qoyublar biz nəsillərə. Əkinçisinə, biçinçisinə görə də birinciydi. Ancaq hər dövrün ən ağır “silləsi” də elə bu kəndə dəyib. “Faşist yanğınında sevgisi yanan yetim qarıların sayına görə” də birinci olmuşdu bu balaca kənd, qapısı “qara xəbər”lə döyülənlərinə görə də. 90-cı illərin od-alovunda səngərlərdə növbə tutan ataların şücaətini nağıl kimi dinləsəm də, acı həqiqəti işığı, istisi, odu əlindən alınmış o kəndi bir məktəbli olarkən anlamışdım...
Ancaq aylar keçdi, illər dolandı, bu kəndi birincilər sırasına daşıyan yeni ölçülər, yeni meyarlar yarandı. Axşamın məktəblisi, gündüzün çobanları böyüyüb “əldən tutan” oldular. O çaylı, baldırğanlı kənddən yazdılar, insanların yaddaş xəritəsinə belə bir kənd adı yazdılar.
“Bu torpağın taleyini Günəş yazır” – deyirdi şair. “Bir daşın qulpundan yapışsa hərə, nəymiş bir kəndin şəhər olmağı”, – deyən şairin arzuları artıq reallığa çevrilib. Qılınc-qılınc qayaların içindən bu dağlar qoynuna yol gətirdilər, yeni məktəb binası, kənd mərkəzi, xidmət mərkəzi tikdilər. Baldırğanlı dərəyə Günəş doğdu. “Dağlar da gülümsədi xoş günlər kimi”.
O balaca kənddə bir ünvan da şair üçün yaradıldı: Xalq şairi Məmməd Arazın ev-muzeyi.
Bir əsim küləyəm, bircə dil odam,
Qanadlan, ey könül, dağlara, haydı.
Ey mənim gələcək bir qarış odam,
Bir qaya dibində yerin olaydı.
Bir qaya dibində, kəndin ən mənzərəli yerində şairə ev-muzeyi tikildi. Ürəyinin bir parçası adlandırdığı Naxçıvan şairin Vətən, el-oba, yurd-yuva məhəbbəti ilə yoğurulmuş şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndirdi: doğulduğu Nursu kəndindəki Cadırdaş ətəyində, Nursu bulağının həndəvərində xatirəsini əbədiləşdirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2013-cü il tarixli Sərəncamına əsasən yaradılan Xalq şairi Məmməd Arazın doğulduğu Şahbuz rayonunun Nursu kəndindəki ev-muzeyi 1 dekabr 2014-cü ildə – şairin anım günündə istifadəyə verildi.
Mənim yurdum qəhrəmanlar diyarıdı,
Mərd insanlar diyarıdı.
Öz bəxtinə xoş gününü,
Öz əliylə yaradanlar diyarıdı, – deyən şairin diyarına xoş günü gətirənlər elə öz mərd insanları oldu. Bir zamanlar gözlərdən iraq olan o kənd indi xoş günlərini yaşayır. Kaş bu günləri Məmməd Araz da görəydi.
Fizzə BAĞIROVA
Məmməd Arazın ev-muzeyinin direktoru