Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədovun “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı, demokratik prinsiplərin tətbiqindəki, insan hüquq və azadlıqları ilə bağlı qanunvericiliyin formalaşmasındakı tarixi xidmətlərindən danışıb.
Sonra universitetin Hüquq fənləri kafedrasının dosenti Elman Cəfərlinin “Ulu öndər Heydər Əliyevin dövlətçilik və hüquq təlimi və onun bəşəri əhəmiyyəti” adlı məruzəsi dinlənilib. Qeyd olunub ki, kitabda böyük tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, sivil Azərbaycan dövlətinin təşəkkülündə və inkişafındakı möhtəşəm xidmətlərindən bəhs olunur.
Hüquq fənləri kafedrasının müəllimi Reyhan Sadiqovanın, Sosial idarəetmə və hüquq fakültəsinin IV kurs tələbəsi Vüsal Məmmədovun yeni nəşr haqqında çıxışları olub.
Sonda kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov çıxış edərək əldə etdiyi faktlardan söz açıb, kitabın araya-ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.
Mina QASIMOVA